İngiltərədə universiteti bitirən tələbələrin borcu orta hesabla £53,000-a çatıb. Bu, ötən illə müqayisədə 10% artım deməkdir. Artım əsasən yaşayış xərclərinin yüksəlməsi və tələbələrin təhsil dövründə əlavə işlərə yönəlməsi ilə əlaqələndirilir. Hazırda tələbələrin 68%-i dərs vaxtı da işləyir, bu isə son on ilin ən yüksək göstəricisidir.
AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, borc yükü ilə yanaşı, universitetlərin maliyyə sabitliyi də sual altındadır. Dövlət tərəfindən yerli tələbələr üçün təhsil haqqı azacıq artırılsa da (£9,535), bu artım universitetlərin xərclərini qarşılamağa yetmir. Bir çox ali təhsil müəssisəsi xarici tələbələrdən gələn gəlirə daha çox bel bağlayır. Tony Blair İnstitutunun hesabatında bildirilir ki, inflyasiya fonunda yerli tələbə haqları real dəyərini itirdiyi üçün beynəlxalq tələbələrdən toplanan ödənişlər daxili tələbələri subsidiyalaşdırmaq üçün istifadə olunur.
Lakin Böyük Britaniya hökumətinin yeni immiqrasiya planları – tələbə vizalarına məhdudiyyətlər, ödənişlərə əlavə rüsum və iş icazəsinin azaldılması – bu gəlirin davamlılığına təhlükə yaradır. Xüsusilə aşağı reytinqli və beynəlxalq tələbələrə daha çox güvənən universitetlər bu dəyişikliklərdən daha çox zərər görə bilər.