Müharibə yalnız silah səsləri və dağıntılarla deyil, həm də uşaqların ruhunda və gələcək həyatında açdığı görünməz yaralarla dərin izlər buraxır.
Elə uşaqlar var ki, hələ məktəbə belə başlamayıb, lakin müharibənin canlı şahidinə çevrilib. Bəs gələcəkdə, müharibə başa çatdıqdan sonra bu uşaqların təhsil səviyyəsində hansı fərqliliklər müşahidə oluna bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Nizami Orucov qeyd edib ki, belə mühitdə böyüyən uşaqlarda tez-tez qorxu, təşviş, aqressiv davranışlar və ya tam tərsinə emosional çəkilmə müşahidə olunur.
"Artıq gündəmin əsas mövzularından biri olan İran-İsrail müharibəsi fonunda ən çox zərər görən qruplardan biri uşaqlardır. Onların psixoloji və mənəvi dünyası dərin şəkildə sarsılır. Uşaqlar müharibə səhnələrinin, itkilərin və qorxunun canlı şahidinə çevrilirlər. Bu vəziyyət onların gələcək psixoloji durumlarına ciddi təsir edir.
Belə mühitdə böyüyən uşaqlarda tez-tez qorxu, təşviş, aqressiv davranışlar və ya tam tərsinə emosional çəkilmə müşahidə olunur. Gələcək üçün güvən və ümid hissləri zəifləyir, bəzən isə tamamilə itir. Xüsusilə valideyn itkisi və ya təhlükə altında yaşamaq uşaqlarda bağlanma problemlərinə, özünü dəyərsiz hiss etməyə və sosial münasibətlərdə çətinliklərə yol aça bilər".
"Müharibənin təsiri təkcə psixoloji sahə ilə məhdudlaşmır. Təhsil prosesi də ciddi şəkildə zədələnir",- deyə müsahibimiz qeyd edib:
"Məktəblərin fəaliyyəti dayanır, dərslər yarımçıq qalır, müəllim və resurs çatışmazlığı yaranır. Travma yaşamış uşaqlarda diqqət dağınıqlığı, yaddaş problemləri və motivasiya çatışmazlığı səbəbilə öyrənmək çətinləşir. Bu isə uzunmüddətli təhsil boşluqlarına və bilik səviyyəsində ciddi fərqliliklərə səbəb olur.
Belə uşaqların gələcək həyatı risk altındadır. Emosional sabitliyin pozulması, cəmiyyətə adaptasiyada çətinlik, hətta zorakı davranışlara meyil kimi nəticələr ortaya çıxa bilər. Lakin vaxtında göstərilən dəstək - psixoloji yardım, bərpaedici təhsil proqramları və cəmiyyətin empatik yanaşması ilə bu uşaqların həyatına yenidən ümid toxumu səpilə bilər.
Unutmamaq lazımdır ki, müharibələr yalnız bu günə deyil, gələcək nəsillərin ruhuna da iz salır. Uşaqları qorumaq isə yalnız fiziki təhlükədən uzaqlaşdırmaqla deyil, onların psixoloji ehtiyaclarını da zamanında görmək və cavablandırmaqla mümkündür".