Xəbər verdiyimiz kimi, 18 iyunda sertifikasiya imtahanına Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub.
Onlar içərisində imtahanda yaşı 60-dan yuxarı olmasına baxmayaraq könüllü iştirak edənlər olub.
Belə müəllimlərdən biri də R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin ingilis dili müəllimi İradə Rəhimovadır.
İradə müəllimin 62 yaşı olmasına baxmayaraq imtahana könüllü müraciət edərək 56 bal toplmağa müvəffəq olub.
Sertifikatlaşdırma prosesi ilə bağlı təəssüratlarını öyrənmək üçün AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb.
- İradə müəllim, sizi ilk növbədə imtahanda qazandığınız uğurla bağlı təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Çox istərdik ki, sizi oxucularımıza daha yaxından tanıdaq.
- Mən, İradə Rəhimova 1984-cü ildə SSRİ-nin 50 illik adına Xarici Dillər Universitetini (qırmızı diplomla) İngilis-fransız dili fakültəsi üzrə bitirmişəm. Həmin ali məktəb 5 illik olduğu üçün magistratura pilləsi də bir yerdə sayılırdı. Daha sonra təyinatla Saatlı rayonuna göndərildim. Burada 4 il müəllim kimi fəaliyyət göstərmişəm. 3 il isə Sabirabad rayonu şəhər orta məktəbində işlədim. 1998-ci ildən etibarən Bakı şəhəri Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbdə fəaliyyət göstərirəm.
Bu müddət ərzində müəyyən seminarlarda, kurslarda iştirak etmişəm. Həmçinin “British Council”un təşkil etdiyi treninqlərdə də iştirak etmişəm. Özümü bu sahəyə həsr etmişəm. Müəllimlik sənətini çox sevirəm. 41 ildir ki, müəllim kimi çalışıram.
- Müəllimlik sahəsi üzrə uzunmüddətli təcrübəyə maliksiniz. Bəs, bu sahəyə gəlməyinə səbəb nə olub?
- Bu sahə əslində uşaqlıq arzum olub. İndiki uşaqlara baxıram, sənət seçimi edə bilmirlər, amma mən 4-cü sinifdə mənə dərs deyən müəllimimi gördüyüm andan etibarən demişdim ki, mən ingilis dili müəllimi olacağam. Müəllimim bu sənəti mənə sevdirib və mən də onun izindən getmişəm. Fasiləsiz olaraq bu sahədə çalışmışam. Uşaq yaşlarımdan bu sahəyə böyük maraq və sevgim olub. İnşallah, sona qədər də davam edəcəyəm.
- Peşənizə olan sevginiz təqdirəlayiqdir. Bu illər ərzində müəllimlik sizə nə öyrədib?
- Hər zaman uşaqları, eləcə də onlarla işləməyi sevmişəm. Mənə elə gəlir ki, bir müəllimi cavan ruhda saxlamağa kömək edən məhz şagirdlərə dərs deməsidir. Yəni şagirdlərlə ünsiyyətdə olmaq müəllimi cavan saxlayır. Özünü cavan hiss edirsən, çünki daim orta və gənc yaşlıların içərisində olduğuna görə sənin ruhun da cavan qalır. Ən azından mən belə düşünürəm. Müəllimin nə qazancı ola bilər ki, şagirdin sevgisindən başqa?! Bu illər ərzində də onların sevgisini qazanmışam.
Müəllimlik səbr tələb edən bir sənətdir. İnsanda səbr olmalıdır. Qarşısındakı şagirdə övladı kimi yanaşmalıdır. Əgər şagirdi yad insan kimi görürəmsə, orada sevgi, məhəbbət ola bilməz. Onlar da bir ananın övladıdır. Hər hansı bir şagirdi sinfin və ya qrupun içində təhqir etmək, incitmək olmaz. Əgər sözüm varsa, həmin şagirdlə təklikdə, sakit bir şəkildə söhbət edirəm.
- İradə müəllim, sertifikasiyada könüllü iştirak etmək qərarına necə gəldiniz? Nə sizi motivasiya etdi?
- Sertifikasiyaya könüllü şəkildə yazıldım. Keçən il səhhətimlə əlaqədar iştirak edə bilmədim. Bu il isə sadəcə olaraq gedib özümü yoxlamaq istədim. Fikirləşdim ki, söhbət təkcə maddiyyatdan getmir. “Yüksək yığmalısan” fikri insanın motivasiyasını yüksəkdə tutur. İnsan əgər “bacaracam” deyə bilirsə, deməli, yaza da bilər. İmtahan şəffaf qayda da həyata keçirildi.
- İmtahana özünüz hazırlaşmısınız, yoxsa müəllim yanına da gedirdiniz?
- İmtahan üçün ümumiyyətlə heç bir müəllim yanına hazırlıqlara getməmişəm. Fənnim üzrə hazırlaşmağıma ehtiyac yox idi. Kurikulumdan isə "Youtube" platformasında biraz testlər izlədim. Bir balaca məlumatım oldu. Situasiya tipli testləri işləmək mənim üçün çox rahatdır.
- Sertifikasiya prosesinin müəllimlərin inkişafına təsiri barədə nə düşünürsünüz?
- Düşünürəm ki, yüksək səviyyəli, yəni təhsilli insanlar dərs desələr, bu daha yaxşı olar. Amma bir məqamı xüsusilə vurğulamaq istəyirəm: yüksək bal yığmaq hələ yaxşı müəllim olmaq demək deyil. Əgər müəllim vicdanla, səmimiyyətlə məktəbdə dərs deyirsə, deməli, o, əsl müəllimdir. Müəllim 35 bal da yığa bilər, amma dərsini sevə-sevə, həvəslə keçirsə, bu onun peşəsinə olan bağlılığını göstərir. Sadəcə olaraq bal müəllimin yalnız müəyyən bilik səviyyəsini əks etdirir. Ola bilər ki, müəllim az bal toplasın, amma dərsini çox gözəl və effektli şəkildə keçsin.
Elə vaxtlar olub ki, cüzi maaşla çalışmışam, amma “millətimin övladıdır” deyərək dərsimə eyni məsuliyyətlə davam etmişəm. Məncə, dərsi vicdanla keçmək əsasdır. Əsas məqsəd uşaqları öyrətmək, onları həyata hazırlamaqdır.
- Təcrübəli, uğurlu müəllim kimi, gənc müəllimlərə sertifikasiyaya hazırlıqla bağlı nə tövsiyə edərdiniz?
- Düşünürəm ki, hər kəs ixtisası ilə bağlı müəyyən qədər biliyə malik olmalıdır. Şagird qarşısına çıxan hər bir müəllimin dünyagörüşü və savadı olmalıdır. Bu yaşımda belə, əgər hər hansı bir yenilik varsa, mütləq onunla maraqlanıram.
Dərsliklərimizin arxa hissəsində çox gözəl şəkildə qısa və dolğun məlumatlar qeyd olunub. Hazırlaşmaq üçün bəzən əlavə resurslara belə ehtiyac olmur. Elə dərsliklərin arxa hissəsinə nəzər yetirsələr, ümumi məlumatlar orada yer alıb. Sertifikasiya imtahanından qorxmağa, çəkinməyə ehtiyac yoxdur. Hazırlığın əsas yöntəmi gedib nəyisə əzbərləmək deyil. Düşünürəm ki, yaza-yaza, yəni testləri işləyərək öyrənmək daha doğru və effektiv üsuldur.