Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü bitib. 100 faiz davamiyyətlə iştirak edən müəllimlərin nəticəsi də ürəkaçan olub.
AzEdu.az xəbər verir ki, “Azərbaycan müəllimi” onların bir neçəsi ilə həmsöhbət olub.
İmtahanda ən yüksək balı Culfa şəhəri 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Elza Yusifzadə toplayıb. 59 bal toplayan müəllim deyir ki, sevincinin həddi-hüdudu yoxdur:
“Mənə görə, çətin, orta və asan suallar var idi. Əslində, məktəb dərsliyindən gündəlik istifadə edən müəllimlərin rahatlıqla yaza biləcəyi suallar idi. Bundan sonra imtahan verən müəllimlərə uğurlar arzulayıram. Heç qorxmasınlar, ixtisasa uyğun suallar düşür”.
Naxçıvan Qarnizonu tam orta məktəbin coğrafiya müəllimi Könül Nəbiyeva imtahanda 58 bal toplayıb.
Könül müəllimin sözlərinə görə, gənc müəllimlərə özlərini inkişaf etdirməyi tövsiyə edir:
“Çünki inkişaf etmək özümüzdən asılıdır. Mən daxili motivasiyamı yüksək tutaraq bu balı toplaya bildim. İmtahan verməyə hazırlaşan müəllimlərə demək istəyirəm ki, narahat olmasınlar, öz ixtisaslarını yaxşı bilirlərsə, heç bir çətinlik olmayacaq. Bir az çalışsınlar, mütləq uğur qazanacaqlar. Qısa müddətdə kurikulumdan hazırlaşmağıma baxmayaraq, suallar məni yormadı. Özünü inkişaf etdirən müəllim mütləq 51-dən yüksək bal toplayır. Uğurlu nəticə əldə edən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıqlara sahibdirlər”.
Muxtar Respublikada ibtidai sinif fənni üzrə üzrə ən yüksək balı Kəngərli rayonu Xok kəndinin müəllimi Ruqiyyə Bayramova toplayıb.
Müəllim həyəcanını bizimlə bölüşərək deyir ki, imtahana yaxşı hazırlaşdığı üçün yüksək nəticə əldə edə bilib. Onun sözlərinə görə, imtahanda hər şey yüksək səviyyədə təşkil olunmuşdu və heç bir problem yaşamayıb.
R.Bayramova sertifikatlaşdırmanın təhsil sistemi üçün əhəmiyyətli olduğunu da xüsusi vurğulayıb:
“Bu proses cəmiyyət tərəfindən xüsusi rəğbətlə qarşılanır. Bunun əsas səbəblərindən biri sertifikatlaşdırmanın çox şəffaf keçirilməsidir. İştirakçılar imtahan nəticələrini dərhal əldə edə bilirlər. Bu da prosesin obyektivliyini göstərir”.
Qeyd edək ki, sertifikasiya prosesi iyunun 25-dək davam edəcək və ümumilikdə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 350-yə qədər müəlliminin iştirakı gözlənilir.