Sosial şəbəkələrdə Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri imtahan sessiyasının gedişatı və nəticələrin açıqlanması ilə bağlı narazılıqlarını ifadə edirlər.
Tələbələrin iddialarına görə, imtahan sessiyası iyunun 2-dən başlasa da, indiyədək heç bir imtahanın nəticəsi elan edilməyib. Onlar bildirirlər ki, bəzi tələbələr artıq bütün imtahanlarını verərək rayonlara yollanıblar, lakin nəticələr hələ də şəxsi kabinetlərə yerləşdirilməyib. Tələbələr nəticələrin gecikməsi səbəbindən apellyasiya müraciəti hüququndan da vaxtında istifadə edə bilmədiklərini qeyd edirlər.
Məsələ ilə bağlı AzEdu.az Lənkəran Dövlət Universitetinə sorğu ünvanlayıb. Universitetdən bildirilib ki, sosial şəbəkələrdə yayılan iddiaların heç bir əsası yoxdur.
"LDU-da imtahan nəticələri 3 iş günü ərzində yoxlanılır və tələbənin şəxsi kabinetinə yerləşdirilir. Ad çəkilmədiyi üçün konkret müraciətə cavab vermək mümkün deyil. Narahatlıq yaşayan tələbələrə tövsiyə edirik ki, fakültə dekanlıqlarına müraciət etsinlər", - deyə universitetdən bildirilib.