Azedu.az

İmtahandan ortaq fikir: Hazırlıqlı müəllimlərə sertifikasiya maneə DEYİL

Xəbərlər

Sertifikasiya

18 İyun 2025, 19:22
İmtahandan ortaq fikir: Hazırlıqlı müəllimlərə sertifikasiya maneə DEYİL

İyunun 18-də keçirilən sertifikasiya imtahanında iştirak edən müəllimlərin bir qismi maksimal və ya yüksək nəticə əldə edib. 

 

Onlar sevinclərini və təəssüratlarını AzEdu.az ilə bölüşüblər. 

 

Fikir birliyi isə ortaqdır. İmtahan savadlı və hazırlıqlı müəllimlər üçün çətin olmayıb.

 

Bu gün keçirilən imtahanda 60 bal toplayan Fərqanə Quliyeva Hökməli qəsəbə tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışır. O, bildirib ki, imtahan sualları işləyən müəllim üçün çətin deyildi:

 

“İxtisas üzrə xüsusi hazırlaşmamışam, yalnız kurikulum üzrə bir ay təlimçi ilə hazırlaşdım. İlk 30 sual çox rahat idi. Suallar əsasən biliklərə əsaslanırdı və diqqətli olduqda nəticə əldə etmək mümkündür”, -deyə o qeyd edib.

 

Maksimal bal toplayan digər müəllim - Gülşən Şahverdiyeva 103 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. O da imtahana əsasən Təhsil İnstitutunun paylaşdığı testlərlə hazırlaşdığını bildirib:

 

“Əvvəlcə sualları diqqətlə oxuyurdum, sonra vaxtın az olduğunu görüb sürətləndim. Sonda cavabları mütləq yenidən yoxladım. Bəzən mexaniki səhvlər ola bilər. Bu səbəbdən diqqət əsas şərtdir”, - deyə o vurğulayıb.

 

Bakının 112 nömrəli məktəbində çalışan riyaziyyat müəllimi Zülfiyyə Həsənova isə 55 bal toplayıb və bildirib ki, imtahan materialları gündəlik dərs zamanı istifadə etdikləri mövzuları əhatə edirdi:

 

“Əsas diqqət yetirdiyim sahələr kurikulum və metodika oldu. İxtisas üzrə əlavə hazırlıq keçmədim”, - deyə müəllim bildirib.

 

İngilis dili müəllimi Ləman Əlizadə 156 nömrəli məktəbdə çalışır və 59 bal toplayıb. 

 

Onun sözlərinə görə, imtahan şəffaf və rahat şəraitdə keçirilib:

 

“Suallar çətin deyildi. Bəzi suallar üzərində düşündüm, amma nəticədən razıyam. Əlavə hazırlıq keçmədən proqram üzrə işləyib nəticə əldə etdim”, - deyə müəllim bildirib.

 

Naxçıvanda da yüksək nəticə göstərən müəllimlər az olmayıb. 

 

57 bal toplayan Ordubad rayon Dəstə kənd məktəbinin ingilis dili müəllimi Xəyalə Rzayeva bildirib ki, ixtisas üzrə xüsusi hazırlaşmasa da, nəticə əldə edə bilib:

 

“Proqramdan kənar sual yox idi, yalnız bilik və diqqət tələb olunurdu. 11-ci sinifə dərs deyən müəllimlər üçün suallar tanış idi”.

 

Babək rayonundan olan Turan Hüseynova və Sədərək rayon məktəbinin müəllimi Aysun Cəfərova da imtahanda 57 bal toplayaraq uğur qazananlar sırasına daxil olublar. Onların da ortaq fikri odur ki, əsas olan həyəcanlanmamaq və öz sahəsində hazırlıqlı olmaqdır.

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox