Müəllimlərin sertifikatlaşdırma imtahanlarından topladığı balların ictimaiyyətə, xüsusilə də valideyn və şagirdlərə açıq şəkildə təqdim olunması məsələsi cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Bəziləri bu yanaşmanın şəffaflıq yaratdığını düşünür, digərləri isə bunun müəllim nüfuzuna xələl gətirəcəyini bildirir.
Bəs, müəllimlərin imtahan nəticələrinin valideynlərə və şagirdlərə açıq şəkildə təqdim olunması nə dərəcədə etik və doğrudur? Bu, müəllim-valideyn münasibətlərinə və ümumi təhsil mühitinə necə təsir edə bilər?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb.
Onun sözlərinə görə, bu addım müəllimin digərinə qarşı üstünlüyü və əskikliyi kimi qiymətləndirilərək ayrı-seçkiliyə səbəb olacaq:
"Sertifikatlaşdırma prosesi tamamlanıb, bütün müəllimlər cəlb olunandan sonra onların ballarının sistemdə valideynlər və şagirdlər tərəfindən görünməsi doğru deyil, imtahan gizliliyinin aşkar edilməsi etik davranış qaydalarına ziddir".
"Müəlliminin sertifikasiya balının valideynlər və şagirdlər tərəfindən bilinməsi müəllim nüfuzuna zidd addımdır",- deyə ekspert qeyd edib:
"Hər hansı bir müəllimin nəticəsi digərindən aşağı ola bilər. Bu vəziyyət bir müəllimin digərinə qarşı üstünlüyü və əskikliyi kimi qiymətləndirilərək ayrı-seçkiliyə səbəb olacaq. Buna görə də, düşünürəm ki, müəllimlərin nəticəsini məktəb və yaxud sinif seçimində valideyn tərəfindən görünməsi müəllim nüfuzuna zərər gətirə bilər".