“Bu axşam “THE Impact 2025”in reytinq siyahısı açıqlanacaq. Sevindirici haldır ki, Azərbaycan universitetləri də bu reytinq sıralamasında yer alıb. Hazırda rəsmi açıqlamaları gözləyirik. Sadəcə onu deyə bilərəm ki, nəticələrimiz ürəkaçandır”.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri İstanbulda keçirilən “Qlobal Dayanıqlı İnkişaf” konqresi çərçivəsində Azərbaycan media nümayəndələrinin suallarını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev ifadə edib.
O deyib: “Artıq bəlli olduğu kimi “Times Higher Education” təhsil sahəsində nüfuzlu qiymətləndirmələri həyata keçirən qurumdur. Azərbaycanın həm Elm və Təhsil Nazirliyi, həm də müxtəlif təhsil müəssisələri bu qurumla əməkdaşlıq edir. Bu gün bir mövzu, ümumiyyətlə, ali təhsil sahəsində dayanıqlı inkişaf məsələləri və universitetlərin bu sahədəki roluna həsr edildi. Mən bu tədbirdə çıxış etdim və təbii ki, bu istiqamətdə ən mötəbər tədbir olan COP29 çərçivəsində ölkəmizin həyata keçirdiyi işlər, o cümlədən bu prosesin universitetlərə təsiri haqqında danışdıq”.
Tədbirin ikinci hissəsi barədə fikirlərini bölüşən nazir deyib: “Bu hissə dünyanın fərqli universitetlərinin yer aldığı sərgidən ibarətdir ki, burada Azərbaycanın on ali təhsil müəssisəsi təmsil olunur. Bu tədbirdə iştirak həm universitetlərimizin beynəlmiləlləşməsi, həm müxtəlif tədqiqat layihələrində iştirakı, həm də əcnəbi tələbələrin Azərbaycana cəlb olunması baxımından çox mühümdür. Bu istiqamətdə görülən işlər də artıq öz nəticələrini verir. İki gün sonra biz QS reytinqin nəticələrini görəcəyik. Orada da, hətta belə deyək, tarixdə ilk dəfə Azərbaycanın ali təhsil müəssisələrinin bəzi nəticələri qeydə alınıb. Bu, bizim üçün çox sevindirici haldır və bütün görülən işlərin müəyyən mənada nəticə verdiyini də göstərir.