Təhsilin uğuru nəyin hesabına formalaşır? Müəllimin savadı, yoxsa şagirdin çalışqanlığı? Bu uzun illərdir ki, təhsil mühitində cavabsız suallardandır. Bəziləri hesab edir ki, uğurun açarı şagirdin daxili motivasiyasında gizlidir. İstək varsa, öyrənmək mümkündür. Digər qisim isə müəllimin bilik və yanaşmasının həlledici olduğunu vurğulayır.
Bu sual ətrafında düşünəndə ortaya maraqlı dilemmalar çıxır: Əgər müəllim zəifdirsə, yaxşı şagird nə qədər irəliləyə bilər? Yox əgər şagird həvəssizdirsə, ən peşəkar müəllim belə onu nə qədər motivasiya edə bilər?
Bəlkə də ideal nəticəyə gedən yol yalnız bu iki amilin - müəllim və şagirdin qarşılıqlı səyləri ilə mümkündür. Amma bu balans hər zaman 50/50 səviyyəsindəmi qurulur, yoxsa bəzi hallarda tərəzinin bir gözü daha ağır gəlir?
Bu məsələylə bağlı təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında bildirib ki, hamının arzusu ümumtəhsil məktəblərində daha yaxşı müəllimlərin çalışmasıdır:
“Əlbəttə ki, məktəblərimizdə ixtisasına bələd olan, tədris prosesini yüksək səviyyədə aparan müəllimlər az deyil, əksinə, kifayət qədər çoxdur. Lakin bununla yanaşı, sertifikasiya imtahanı bizə bir reallığı göstərdi: xüsusilə ibtidai siniflərdə dərs deyən müəllimlərin bir hissəsinin tədris prosesini yerinə yetirməkdə kifayət qədər hazırlıqlı olmadığını. Uzun illər uşaqlarımıza dərs deyən bəzi müəllimlərin əslində zəif olduğunu bu imtahanlar ortaya çıxardı. Buna görə də düşünürəm ki, cəmiyyət olaraq biz sertifikasiya imtahanlarını alqışlamalıyıq. Çünki bu imtahanlar bizim təhsil sistemindəki həssas və problemli məqamları üzə çıxardı”.
Sualımızı cavablayan ekspert müəllimin rolunu daha yüksəkdə görür:
"Müəllim zəifdirsə, yəni tədris prosesini düzgün qura, şagirdə öyrətmək istədiyini çatdıra bilmirsə, bu zaman ciddi problemlər yaranacaq. Xüsusilə də yüksək potensiala malik olan şagirdlər belə müəllimlərin əlində bacarıqlarını itirə, nəticədə onların uğur əldə etməsi mümkünsüz olar.
Ona görə də düşünürəm ki, müəllimin savadlı, işinə həvəsli və peşəkar olması cəmiyyət üçün daha faydalıdır. Şagirdlərin bilik səviyyəsi zəif, orta yaxud güclü ola bilər. Amma yaxşı müəllim hər birini inkişaf etdirəcək. Zəif müəllim isə nəinki yaxşı şagirdə töhfə verə biləcək, hətta zəif şagirdləri də geridə qoymağa davam edəcək”.
Bu baxımdan müəllimlərin savadlı, perspektivli olmasının vacibliyini vurğulayan ekspert sertifikasiya imtahanlarını da məhz bu səbəbdən dəstəklədiyini bildirib:
“Çünki bu imtahanlar yaxın gələcəkdə - 5, 6, bəlkə də 7 il ərzində ümumtəhsil məktəblərində yalnız peşəkar müəllimlərin qalmasına, ixtisasına uyğun olmayan və ya zəif hazırlıqlı şəxslərin sistemdən çıxarılmasına şərait yaradacaq. Nəticədə biz təhsildə irəliləyişin şahidi olacağıq. Əlbəttə ki, sertifikasiya imtahanlarının da müəyyən çatışmazlıqları var. Məsələn, mənim razı olmadığım məqam qiymətləndirmə sistemidir. Hazırda 30 baldan 51 bala qədər nəticə göstərənlərin əməkhaqqısına yalnız 10% əlavələr edilir. Amma 51-60 bal arası nəticə göstərənlərin maaşına 30% əlavə olunur. Məncə, bu sistem dəyişməlidir. Çünki 30 bal toplayanla 50 bal toplayanı eyni kateqoriyaya salmaq ədalətli deyil. Bu sahədə 10-20%-lik daha incə differensial yanaşma tətbiq olunsa, daha ədalətli nəticə əldə olunar”.