“Təklif edirəm ki, mantiya elmi rütbələrə görə fərqli olmalıdır”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
Professorun sözlərinə görə, mantiyalar adətən elmi rütbələrə uyğun olaraq fərqlənir:
“Elmi dərəcəsi və elmi adı olmayan, lakin universitetdə pedaqoji və ya akademik fəaliyyətlə məşğul olan şəxslər, tədbirin formatından və universitetin daxili qaydalarından asılı olaraq mantiya geyinə bilər. Amma bu geyim elmi status mantiyası ilə qarışdırılmamalıdır. Elmi-pedaqoji fəaliyyətlə məşğul olmayan vəzifələrdə çalışanlar (məsələn, kargüzar, mühasib və s.) adətən mantiya geyinmirlər”.
Zahid Məmmədovun fikrincə, professor-müəllim heyəti, xüsusilə də rəsmi tədbirlərdə, konfranslarda və məzuniyyət mərasimlərində - rektor, dekan, kafedra müdirləri və digər müəllimlər akademik mantiyalar geyinə bilərlər. Onların mantiyaları da adətən rütbələrinə görə fərqli ola bilər:
“Bizim həmin mantiyanı milli xüsusiyyətlərə uyğun etməyimiz vacibdir. Sırf bilinməlidir ki, bu mantiya Azərbaycanın milli xüsusiyyətinə aiddir. Həmin mantiya əbədi qalmalıdır. Yoxsa o, bütün dünyada istifadə olunan ümumi mantiyadandırsa, keçərli deyil. Professor, baş müəllim, dosent və s. hər birinin statusuna uyğun mantiya olmalıdır. Biz onu hamımız geyinirik, insanlar hardan bilsin ki, o, professor, dekan və ya baş müəllimdir?”.
Professor əlavə edib ki, məzun gecələrində valideynlər dəfələrlə bu məsələ ilə qarşılaşırlar:
“Gəlmişəm valideynlə məzun gecəsinə. İndi bilmirəm axı kim kimdir? Ona görə ki, hamı eyni mantiyadan istifadə edir. Təklif edirəm ki, mantiya elmi rütbələrə görə fərqli olmalıdır”.