Azedu.az

DİM testləri niyə “tələyə” çevrilib? 

İmtahanlar

Dövlət İmtahan Mərkəzi (DİM)

10 İyun 2025, 09:05
DİM testləri niyə “tələyə” çevrilib? 

Artıq bir neçə ildir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul və buraxılış imtahanlarında texniki,  məntiqi və məzmun səhvlərinə rast gəlinir. DİM tərəfindən sualın tərtibatında elmi və ya faktiki yanlışlıq olur, cavab variantları uyğunsuz verilir və ya cavab açarları düzgün göstərilmir. Bir neçə cavab doğru ola bilər, lakin yalnız biri “doğru cavab” kimi qəbul edilir, sualın anlamını çətinləşdirən ifadələr və ya qrammatik səhvlər olur. Halbuki tərtib olunan test tapşırığına və onların cavablarına maksimum dərəcədə ciddi nəzarət etməlidir. Çünki burada söhbət şagirdlərin, abituriyentlərin müqəddaratından gedir.  

 

Bunun əksinə olaraq Mərkəzin hər fənn üzrə 3-4 müəllim-eksperti kifayət qədər resurslarla seçdikləri test tapşırıqlarında və onların cavablarında ciddi səhvlərə yol verilir. DİM-ın əvvəlki illərdə keçirdiyi buraxılış və qəbul imtahanlarındakı test tapşırıqlarında müəyyən səhvlər olub və ya cavab səhv verilib. Bu, onu göstərir ki, test tapşırığı seçiminə nəzarət ciddi şəkildə həyata keçirilmir. DİM imtahana hazırlıq, keçirilmə və yoxlanış proseslərinə xüsusi diqqət ayırdığı bildirilir. 

 

Bir neçə mərhələli nəzarət sistemi qurulur. Tapşırıqlar xeyli öncədən, test bazasına daxil edilməmişdən öncə də yoxlanılır. İmtahan günü hansı tapşırıqların veriləcəyini yenə də ən azı iki peşəkar müəllim yoxlayır, hər ikisi təsdiqlədikdən sonra qəbula buraxılır.  Bu qədər yoxlamalardan, təsdiqləmələrdən sonra səhvlərin olması mükünsüzdür. Ancaq belə görünür ki, yenə haradasa boşluqlar var. 

 

Mərkəzin bu səhlənkarlığı ucbatından da abituriyentlər psixoloji gərginlik keçirir, bal hesablamasında bəlkə də keçid balı toplaya bilmədiyini düşünüb əziyyət çəkir. Digər tərəfdən də sualların məzmununda və texniki cəhətdən yol verilən səhvlərlə bağlı ictimai narazılıqlar yaranır. 

 

Qeyd edək ki, son olaraq, 2025-ci ilin 1 iyun tarixində keçirilən qəbul imtahanında rus bölməsi üzrə riyaziyyat fənnindən bir sualda səhv aşkar olunub. Dövlət İmtahan Mərkəzi müvafiq sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcəyini və həmin sualın düzgün cavablandırılmış kimi qeyd ediləcəyini bildirib. Mayın 25-də II və III ixtisas qruplarına keçirilən qəbul imtahanlarında isə tarix fənni üzrə bir neçə sualda səhvlər aşkarlanıb. İmtahan suallarında rast gəlinən səhvlər bir neçə kateqoriyaya bölünür: Məzmun və elmi səhvlər: Bəzi suallar kurikulumdan kənar mövzulara toxunur və ya yanlış faktlara əsaslanır. Cavab variantlarının uyğunsuzluğu, cavab açarlarının yanlış verilməsi və sual strukturlarında uyğunsuzluqlar. 

 

Mütəxəssislərin fikrincə, DİM-in sual bazasının hazırlanmasında iştirak edən mütəxəssislərin bəziləri ya təcrübəsizdir, ya da yoxlama mərhələsində texniki redaktə aparılmır. Nəticədə səhvlər istər test mərhələsində, istərsə də yekun imtahanlarda iştirakçılara təqdim olunur.

 

DİM eyni vaxtda onlarla fərqli imtahan keçirir. Bu böyük iş yükü səbəbindən bəzən sualların keyfiyyətinə və elmi əsaslarına kifayət qədər diqqət ayrılmır. Sual hazırlanandan sonra onun təkrar yoxlanması (redaktəsi və elmi ekspertizası) qeyri-kafi olur. Səhvlərə etiraz edən iştirakçıların şikayətləri çox vaxt rədd edilir və ya qeyri-obyektiv qiymətləndirilir. Bu isə imtahanların nəticələrinə olan etimadı azaldır.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, ali məktəblərə qəbul imtahanlarında istifadə olunan test suallarını orta məktəbi yeni bitirən şagird əsla cavablandıra bilməz. Çünki suallar çox çətindir. Bu sualları ancaq peşəkar müəllimlər cavablandıra bilər. Bu səbəbdən də ildən-ilə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin sayı azalır, aşağı bal toplayanların sayı artır. Bunu nəzərə alıb imtahana düşən test suallarının çətinlik səviyyəsini azaltmaq yerinə, onlar ildən-ilə daha da çətinləşdirilir. Elə bil ki, DİM qəbul imtahanlarına abituriyentin cavab vermək iqtidarında olmadığı çətin sualları seçib onları çıxılmaz vəziyyətə salmağı qərşısına məqsəd qoyub: “Buraxılış və qəbul imtahanlarında təqdim olunan suallar ildən-ilə çətinləşdirilir. Nəzər yetirəndə görürsən ki, elə test sualları var ki, abituriyent illərlə hazırlaşsa da, onu cavablandıra bilməz, çox çətindir. İmtahan sualları elə tərtib edilməlidir ki, abituriyentlər onu cavablandıra bilsinlər. Uşağı çətinə, dolaşığa salmaq lazım deyil. Abituriyentlərin həyatını məhv etmək olmaz. Buraxılış və qəbul imtahanları dövründə uşaqlar böyük həyəcan, stress, qorxu keçirirlər. İnsanları belə incitmək, bezdirmək olmaz. Bəziləri aşağı bal topladığı üçün depressiyaya düşərək canına qəsd edir. Bu, yaxşı hal deyil. Qoy onlar sərbəst şəkildə universitetə qəbul olunsunlar”.

 

Şahlar Əsgərov vurğulayıb ki, qəbul imtahanları cəmiyyətin intellekt səviyyəsinin yüksəlməsinə əngəl olan bir prosedurdur: “Mən həmişə demişəm, yenə də deyirəm, ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır. Yox əgər qəbul imtahanlarının saxlanılmasını istəyiriksə, o halda imtahanlar daha da sadələşdirilməlidir. Seçim aparmaq üçün yüngül test keçirmək olar. Ağır imtahan sualları tərtib edib abituriyentləri gərginlik yaşamağa vadar etmək doğru deyil. Bu məsələlər gənclərin əsəblərini korlayır, bütün bunlara son qoymaq lazımdır”.

 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında təkrar-təkrar baş verən test səhvləri artıq istisna hal yox, struktur xarakterli problem kimi ortaya çıxır: “Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarında həm tarix, həm də riyaziyyat fənləri üzrə bir neçə sualın səhv tərtib olunması ictimai narazılıq doğurub. Bu da birbaşa şagirdlərin psixoloji vəziyyətinə və təhsil nəticələrinə mənfi təsir edib. İmtahan iştirakçısının yalnız bir sualdan topladığı və ya itirdiyi bal ali məktəbə qəbulda ciddi rol oynadığı üçün bu tip texniki xətalar təkcə “texniki məsələ” deyil, gənclərin taleyinə birbaşa təsir edən sistem problemi kimi dəyərləndirilməlidir”.

 

Ekspert deyir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən testlərin hazırlanmasında iştirak edən ekspertlərin sayı 6000-dən çox göstərilsə də, bu say keyfiyyət göstəricisi deyil: “Son illərdə müxtəlif fənlər üzrə apellyasiya müraciətlərinin 12–15 faizi DİM tərəfindən qəbul olunaraq düzəlişə məruz qalıb. Bu da testlərin ilkin mərhələdə yoxlanılmasında sistem boşluğunun olduğunu göstərir. Halbuki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (maddə 19.2.3) qeyd olunur ki, “təhsilalanların biliyinin qiymətləndirilməsi şəffaf və obyektiv şəkildə həyata keçirilməlidir.” Amma imtahan prosesində səhv sualların təkrarən baş verməsi bu prinsipin pozulmasına şərait yaradır”.

 

Kamran Əsədovun dediyinə görə, səhv tərtib olunmuş testlər əsasən iki mənbədən qaynaqlanır: “Ekspert hazırlığının və testologiya üzrə peşəkar yanaşmanın yetərli olmaması, eyni zamanda sualların kurikuluma uyğunluğunun səmərəli şəkildə monitorinq olunmaması iki əsas problemdir. DİM-in çox zaman sualları yalnız fənn bilikləri çərçivəsində yoxladığı, lakin psixometrik uyğunluq – yəni şagirdin yaş səviyyəsinə, öyrənmə məntiqinə uyğunluğu və kognitiv səviyyəsi üzrə düzgünlüyü yoxlamadığı aydın olur. Məsələn, sualların “söz oyunu” və ya “tələ” əsaslı olması şagirdin düşünmə bacarığını yox, imtahan “hiyləsi”ni başa düşməsini tələb edir. Bu isə təhsildə ədalət və mahiyyət prinsipindən uzaqlaşmaq deməkdir. Məsələnin müsbət tərəfi odur ki, DİM bəzən səhvləri etiraf edərək sualın hamı üçün düzgün hesab olunmasına qərar verir. Amma bu qərar çox zaman imtahandan bir neçə gün sonra elan olunur, halbuki şagird artıq psixoloji zərbə alıb və ailə ilə birgə təhsil planlamasında böyük narahatlıq keçirmiş olur. Bu tip reaksiyalar korrekt olsa da, reaktiv xarakter daşıyır, yəni problemi əvvəldən qarşısını almaq əvəzinə, baş verəndən sonra geridönüş kimi həyata keçirilir”, - deyə ekspert bildirib.

 

Dünya ilə müqayisədə Azərbaycan hələ də faktoloji testlərə və mərkəzləşmiş imtahan monopoliyasına əsaslanır. Halbuki bir çox inkişaf etmiş ölkələr çoxölçülü qiymətləndirmə modelinə keçib – layihə işləri, portfoliolar, esse və şifahi təqdimatlar. Bizdə bu komponentlər olmadan yalnız testlə qəbul sistemi, tək sualla həyatları yönəldir. Bu səbəbdən də təhsil sistemi daha çevik, dəyərə əsaslanan və insan yönümlü formatda keçirilməlidir. Beynəlxalq təcrübədə – xüsusilə Koreya, Yaponiya və Estoniya kimi ölkələrdə test hazırlığı çoxmərhələli prosesdir. Məsələn, Cənubi Koreyada qəbul imtahanlarını hazırlayan mütəxəssislər tədris ili boyunca ayrıca təlimlərə cəlb olunur, testlər 3 mərhələdə yoxlanılır, pilot sınaqlardan keçirilir və sualların statistik funksional göstəriciləri analiz olunur. Bizdə isə testin səhv olduğu yalnız imtahandan sonra üzə çıxır – bu da prosesin öncədən deyil, nəticədən idarə olunduğunu göstərir”.

 

Ekspertin fikrincə, problemin aradan qaldırılması üçün sual müəlliflərinin və yoxlayıcılarının şəxsiyyəti və cavabdehliyi müəyyən edilməli, onların adları bağlı saxlanılmadan ictimai hesabatlılıq sistemi yaradılmalıdır: “Əgər bir ekspertin hazırladığı sual ardıcıl olaraq apellyasiyada yanlış çıxırsa, həmin şəxs ya yenidən təlim keçməli, ya da ekspertlikdən uzaqlaşdırılmalıdır. Bu, həm də ictimai etimadı bərpa etməyin əsas yollarından biridir. Məsələ yalnız DİM-lə məhdudlaşmamalı, Elm və Təhsil Nazirliyi ilə birgə imtahan suallarının keyfiyyət monitorinqi üçün müstəqil akademik şura yaradılmalı, tədris proqramları ilə sualların uyğunluğu sistematik olaraq dəyərləndirilməlidir. Şagirdin biliyini ölçən sistem, əvvəlcə özünün bilik və məsuliyyətini sübut etməlidir. Yalnız bu halda imtahanlar bilik yoxlama vasitəsi olmaqdan çıxıb, ədalət və inkişaf platformasına çevrilə bilər. Əgər bu dəyişikliklər həyata keçirilməzsə, hər il eyni narahatlıqları təkrar yaşayacaq, minlərlə gəncin taleyi sistem səhvlərinə qurban veriləcək. Təhsildə inam yalnız nəticədən deyil, prosesdən doğur. O proses isə şəffaf, məsuliyyətli və humanist olmalıdır".

 

Təhsil eksperti Nadir İsrafilov deyir ki, sovet dövründə avqustun 1-də imtahanlar başlayar, 20-də bitər, 24-də isə artıq hamı hansı universitetə qəbul olub-olunmadığını bilərdi. 20 günə bu məsələ başlayıb bitirdi. İndi bütün il boyu imtahan götürülür. Valideynlər və uşaqlar il boyu stress içində olur: “Mən həmişə demişəm, yenə də deyirəm, ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır. Abituriyentlərin həyatını məhv etmək olmaz. Qoy onlar sərbəst şəkildə universitetə qəbul olunsunlar. Əsas məsələ onların peşəkar mütəxəssis kimi yetişməsidir. Bu səbəbdən diqqəti universitet təhsilinə yönəltmək lazımdır. Belə olarsa, ölkədə peşəkar və bacarıqlı kadrlar yetişəcək və təhsil inkişaf edəcək. Əks təqdirə uçuruma doğru yuvarlanacağıq”.

 

Professor qeyd edib ki, vur-tut 90 min adam imtahana cəlb edilir. Dövlət bu gəncləri oxuda bilər: “Əgər dövlətin təəssübünü çəkirlərsə, qəbul imtahanı yığışdırılmalıdır. Ali məktəbi bitirərkən xüsusi dövlət imtahanı keçirib saxta diplom verilməməlidir”.

 

Ekspertin sözlərinə əsasən, sovet dönəmidə ciddi imtahana ehtiyac var idi. İndiki dönəmdə ciddi imtahanlara ehtiyac yoxdur:  “Çünki indi soyuq müharibə dövrü deyil, biz kosmonavt hazırlamırıq, işə təyinat yoxdur”.

 

Test imtahanlarının ruhu dövrün tələbinə uyğun gəlmir: “Elə test sualları var ki, onu ancaq professorlar cavablandıra bilirlər. Belə duyğusuz öhdəlik sovet dönəmində olub, indi buna ehtiyac yoxdur. Testlər sərtləşdikcə repetitorluq artar, sadələşdirdikcə azalar. Sualları elə tərtib etmək olar ki, qəbul zamanı bir nəfər də belə 700 bal toplamasın. Ancaq elə də tutmaq olar ki, "700 ballılar" yüzlərlə olsunlar. Test balı biliyi birqiymətli əks etdirmir, insan faktorundan asılıdır. "Açıq test", "qapalı test", "bunker müəllimlər", qəbulun etaplarla keçirilməsi, aylarla uzanması və bunun kimi odioz addımlara ehtiyac yoxdur”.

 

Nadir İsrafilov vurğulayıb ki, buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini də həll edə bilərik. Birdən-birə sıçrayış etmənin təhsilə ziyanından başqa heç bir xeyri olmaz. Ona görə də testin nə qədər çatışmazlıqları olsa da, bu saat onun ləğvi deyil, təkmilləşməsindən, daha optimal variantının tapılmasından söhbət gedə bilər: “Bu sistem həyata keçirilən vaxtdan bəri qəbul prosesində yol verilən neqativ hallar aradan qaldırılıb. Bu, danılmaz bir həqiqətdir. Gənclərimiz arasında da biliyin obyektiv qiymətləndirilməsinə, hər kəsin ali məktəbə öz bilik və bacarığı ilə qəbul ola bilməsinə inam var. Ancaq test tədricən əvvəlki mahiyyətini itirməyə başlayıb. Hesab edirəm ki, test sistemini ləğv etmək yox, qəbul qaydalarının formatını dəyişdirilməyə ehtiyac var”.

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün söylədiyinə görə, bunkerdə süni intellektin tətbiqi üçün zaman yetişib: “Dövlət İmtahan Mərkəzi ötən gün keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə 1 sualda texniki səhvə yol verildiyini açıqlayıb. Mərkəz bildirib ki, müvafiq sual düzgün cavablandırılmış kimi qəbul ediləcək. Əslində, bu, təəccüblü deyil”.

 

Onun sözlərinə görə, son illərdə, demək olar ki, hər imtahan sessiyasında bənzər hallar yaşanır: “Bir neçə gün öncə keçirilən imtahanlarda da tarix fənni üzrə problemin olduğu bildirilirdi. Özüm şahidəm ki, DİM bu proseslərə xüsusi diqqət ayırır. Bir neçə mərhələli nəzarət sistemi qurulur. Tapşırıqlar xeyli öncədən, test bazasına daxil edilməmişdən əvvəl də yoxlanılır. Amma imtahan günü bunkerdə hansı tapşırıqların veriləcəyini yenə də ən azı iki peşəkar müəllim yoxlayıb, hər ikisi təsdiqlədikdən sonra qəbula buraxılır. Bu qədər yoxlamalardan, təsdiqləmələrdən sonra yenidən səhvlərin olması çox düşündürücüdür. Bu artıq texniki səhv yox, sistem probleminin, bəlkə də, insan amilinin və ya məsuliyyət boşluğunun göstəricisidir”.

 

Osman Gündüz, həmçinin bildirib ki, bu hal kiçik bir məsələ kimi görünsə də, əslində imtahan verən üçün, valideynləri üçün, onu yetişdirən müəllimlər və məktəb üçün ciddi problemdir: “Abituriyent bu cür problemli bir tapşırığa xeyli vaxt sərf etməli olur, stress keçirir və bu itirilmiş zaman və başağrısı da yekun nəticəyə təsir edir. Yəni DİM-in sonradan bunu “texniki səhv” deyib sakitcə üstündən keçməsi doğru yanaşma deyil. Əlbəttə, əminəm ki, DİM bütün bu halları araşdırır. Təqsirkarları kənarlaşdırır və daha məsuliyyətliləri prosesə cəlb etməyə çalışır. Lakin görünür ki, bütün bunlar yetərli olmur. DİM-in yaxşı, peşəkar və təcrübəli İT komandası var. Qəbul ilə bağlı prosesləri nizamlayan, qiymətləndirməni həyata keçirən proqramları da özləri yazıblar.  Düşünürəm ki, tapşırıqların texniki analizini, düzgünlüyünü və uyğunluğunu yoxlayan bir süni intelekt (AI) sisteminin tətbiqi həm şəffaflığı, həm də etibarı da artıra bilər”.

 

Nərmin Qarazadə

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox