Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.
Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?
AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.
Araşdırmamızda bu dəfə Azərbaycan Tibb Universiteti var.
Bu ali təhsil müəssisəsinə hazırda Gəray Gəraybəyli rəhbərlik edir.
Gəraybəyli Gəray Çingiz oğlu, 1967-ci 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Tibb İnstitununa (indiki Azərbaycan Tibb Universiteti) daxil olub. 1992-ci ildə həmin fərqlənmə diplomu ilə bitirib.
1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.
Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb. 2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudır.
Gəraybəyli Gəray Çingiz oğlu 11 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib.
60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Koliforniya Universitetində elmi ezamiyyətdə olub.
16 iyun 2014-cü il tarixində professor G.Ç.Gəraybəyli "Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
9 ildir ki, Azərbayacn Tibb Universitetinin rektoru vəzifəsində çalışır.