Azedu.az

Universitetlərdə təhlükəsizlik necə qorunur? - SORĞU

Tələbələr

Universitetlər

5 İyun 2025, 15:05
Universitetlərdə təhlükəsizlik necə qorunur? - SORĞU

Günümüzdə universitetlərin əsas prioritetlərindən biri tələbələrin təhlükəsizliyinin təmin edilməsidir. Universitetlər təkcə bilik və bacarıqların qazanıldığı məkanlar deyil, həm də minlərlə gəncin gündəlik həyatlarını keçirdiyi ictimai sahələrdir.

 

Bu səbəbdən onların fiziki, psixoloji və sosial təhlükəsizliklərini qorumaq məqsədilə daxili nəzarət mexanizmlərinin yaradılması və idarə olunması vacibdir.

 

Bəs görəsən, ali məktəbdə tələbələrin təhlükəsizliyinin qorunması məqsədi ilə yoxlanılma prosesi necə tənzimlənir?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq universitetlərarası sorğu keçirib.

 

Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qurban Qurbanzadə qeyd edib ki, hər iki tədris binasında Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Mingəçevir şöbəsinin əməkdaşları tərəfindən nəzarət sistemi qurulub:

 

“Tələbələr tədris binalarına daxil olarkən tələbə biletləri mütləq şəkildə yoxlanılır. Vətəndaş qəbulu günlərində isə öncədən qeydiyyatı aparılmış şəxslər şəxsiyyət vəsiqələri yoxlanılaraq buraxılırlar.

 

Bununla yanaşı növbəti tədris ilindən etibarən MDU-da turniket sistemləri və ağıllı giriş- çıxışa nəzarət qurğuları istifadəyə veriləcəkdir”.

 

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Dilanova bildirib ki, öz nəzarət xidməti var:

 

“Belə ki, uniersitetin ərazisi və tədris binası kamera sistemi ilə təchiz olunub, həmçinin izləmə otağı mövcuddur. Universitetin ərazisinə, tədris binasına, bütün auditroriya və laboratoriyalara, həmçinin binaya bütün giriş və çıxışlara müşahidə kameraları vasitəsilə daim nəzarət olunur. Tələbələrin universitetə girişi isə yalnız tələbə bileti ilə mümkündür və ciddi nəzarət altındadır”.

 

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, universitetdə nəzarət sistemi universitet daxili mühafizə xidməti vasitəsilə həyata keçirilir:

 

“Bütün sutka-24 saat ərzində əsas- yəni inzibati binada, 1-ci, 2-ci, 3-cü tədris korpuslarında mühafizəçilər universitet binalarına daxil olanlara, giriş çıxışa nəzarət edirlər.

 

Bu istiqamətdə hələlik universitetdə hər hansı problem yaşanmayıb. Prosesə daxili mühafizə xitmətinin rəis və əməkdaşları, onlara da Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor nəzarət edir”.

 

Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə (UNEC) UNEC-də təhlükəsizlik sisteminin təşkili müasir standartlara uyğun şəkildə həyata keçirilir:

 

“Belə ki, inzibati-akademik heyət və tələbələr giriş kartı ilə universitetə daxil olurlar. Kənar şəxslər isə, universitetin ərazisinə giriş yalnız şəxsiyyəti təsdiq edən vəsiqə ilə mümkündür.

 

Təhlükəsizliyin təmin olunması məqsədilə universitet ərazisində 24/7 rejimində fəaliyyət göstərən müşahidə kameraları quraşdırılıb”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev bildirilib ki, tələbələrin təhlükəsizliyinin təmin olunması və nəzarət sisteminin effektiv fəaliyyəti hər zaman prioritet məsələlərimizdəndir:

 

“Universitetimizdə müasir texnologiyalar əsasında qurulmuş nəzarət sistemi uğurla tətbiq edilir və daim təkmilləşdirilir. Tələbələrin təhlükəsizliyini təmin etmək məqsədilə giriş-çıxışlarda elektron keçid sistemləri, video müşahidə kameraları və digər qabaqcıl vasitələrdən istifadə olunur. Eyni zamanda, Mühafizə Xidmətinin əməkdaşları mütəmadi olaraq təhlükəsizlik qaydalarının tətbiqinə nəzarət edir, mümkün riskləri vaxtında müəyyən edib qarşısını alırlar.

 

Bütün bu tədbirlər tələbələrimizin və heyətimizin rahat və təhlükəsiz mühitdə təhsil almaları və fəaliyyət göstərməsini təmin edir. Biz, Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq, bu istiqamətdə işlərimizi daim inkişaf etdirir və tələbələrimizin rifahı üçün ən yaxşı şərait yaratmağa çalışırıq”.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova vurğulayıb ki, universitet 460-a yaxın təhlükəsizlik kamerası ilə təchiz olunub:

 

“Bundan başqa universitetin 4 giriş-çıxış qapısında ümumilikdən 30-yaxın mühafizə xidmətinin əməkdaşı xidmət göstərir”.

 

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat katibi Sədaqət Turabova söyləyib ki, nəzarət sistemi fiziki olaraq "Gesco" şirkəti tərəfindən həyata keçirilir:

 

“Bundan əlavə tələbələrin kartla giriş çıxışını təmin etmək üçün turniket də quraşdırılıb”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, bütün tədris binalarında peşəkar mühafizə şirkəti tərəfindən tədris binalarının mühafizəsi 24 saat təmin olunur:

 

“Binalara və tədris korpuslarına giriş və çıxış yalnız tələbə vəsiqəsi və əməkdaşlarda isə işçi vəsiqəsi əsasında yoxlanış həyata keçirilir. Tələbələrdən və idarəetmə eyni zamanda akademik personaldan kənar olan heç bir şəxs, təsdiqedici sənədləri olmayan heç bir şəxs tədris binasına, korpus ərazisinə buraxılmır”.

 

Sumqayıt Dövlət Universitetinin (SDU) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Elgün Rüstəmlilər bildirib ki, tələbələrin təhlükəsizliyinin təmin olunması Sumqayıt Dövlət Universitetinin əsas prioritetlərindən biridir:

 

“Universitet ərazisində təhlükəsizlik mühafizə polisi tərəfindən təmin olunur. Paralel olaraq nəzarətçilər və növbətçi sistemi vasitəsilə gündəlik nəzarət prosesi fasiləsiz şəkildə həyata keçirilir.

 

Bununla yanaşı, bütün universitet ərazisi təhlükəsizlik kameraları ilə tam əhatə olunmuş və 24 saat müşahidə altında saxlanılır.

 

Təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə universitetdə mütəmadi olaraq reydlər keçirilir və nəzarət mexanizmləri daim təkmilləşdirilir. Bu yanaşma, həm tələbələrin, həm də əməkdaşların özlərini təhlükəsiz və rahat hiss etmələrinə xidmət edir”.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox