Dövlət İmtahan Mərkəzi iyunun 1-də keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə bir test tapşırığında texniki səhvə yol verildiyini açıqlayıb. Mərkəz səhv sualı düzgün cavablandırılmış kimi qiymətləndirdiyini bildirsə də, abituriyentlərin həmin suala sərf etdiyi vaxtın kompensasiyası təəssüf ki, mümkün deyil.
Dünya praktikasında isə bu kimi hallarda ya ümumilikdə, ya da yalnız müvafiq fənn üzrə imtahanın təkrar keçirilməsi halları müşahidə olunur.
AzEdu.az-a açıqlamasında məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Bayramov hesab edir ki, bu cür halların qarşısının alınması üçün DİM üzərinə ciddi məsuliyyət düşür:
“Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələni daim diqqətdə saxlamalıdırlar. Eyni zamanda düşünürəm ki, Dövlət İmtahan Mərkəzi belə halların gələcəkdə təkrarlanmaması üçün real addımlar atmalıdır",- deyə deputat bildirib.
Onun sözlərinə görə, belə texniki xətalar yalnız abituriyentlərin deyil, ümumilikdə qurumun fəaliyyətinə də mənfi təsir göstərə bilər:
“Elə mexanizmlər qurulmalıdır ki, bu cür xoşagəlməz hallar bir daha baş verməsin. Çünki belə hallar gələcəkdə qurumun fəaliyyətinə də müəyyən mənada mənfi təsir göstərə bilər. Bu səbəbdən məsələyə ciddi və əsaslı yanaşma olmalıdır ki, bu kimi halların sayı artmasın”.
Ceyhun Bayramov qeyd edib ki, Dövlət İmtahan Mərkəzinə ictimai inam və etimad formalaşıb və bu inamı qorumaq vacib məsələdir:
“Hazırda Dövlət İmtahan Mərkəzinə cəmiyyətin etimadı və inamı var. Biz bu inamın zədələnməsinə yol verməməliyik və gələcəkdə bu kimi hallar təkrarlanmamalıdır. Eyni zamanda düşünürəm ki, belə hallar təkrarlanarsa, hüquqi mexanizmlər işə salınmalı və müvafiq tədbirlər görülməlidir”.