“Orada hər şey yaxşıdır” deyimi gənclər arasında xaricdə yaşamaq və təhsil almaq meylini gücləndirir. Bir çox gənc xaricdə təhsili və karyera qurmağı ideal fürsət kimi qiymətləndirir. Lakin bu seçimin görünməyən tərəfləri var. Uyğunlaşma çətinlikləri, maddi və mənəvi təzyiqlər, mədəni fərqlər çox zaman nəzərə alınmır və ya ümumiyyətlə müzakirə olunmur.
Bəs, xaricdə təhsil almağın real çətinlikləri nələrdir?
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov qeyd edir ki, bu çətinlikləri üç əsas istiqamətdə qiymətləndirmək olar: sosial, akademik və şəxsi.
Onun sözlərinə görə, xaricə üz tutan tələbələr əsasən yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirlər:
"17-21 yaşlarında xaricə gedən gənclər dil və din fərqləri, mədəni şok, fərqli sosial ünsiyyət normaları ilə qarşılaşır. Bu isə tələbədə yadlıq hissi yaradır və onu cəmiyyətdən təcrid edə bilər. Tələbələr yeni cəmiyyətə inteqrasiya edə bilmədikdə, tənha qalır və sosial baxımdan çətinlik yaşayırlar. Üstəlik, dil baryeri həm gündəlik ünsiyyətdə, həm də tədris prosesində əlavə problem yaradır.
Akademik baxımdan da vəziyyət asan deyil. Xarici universitetlərdə tələbələrdən ciddi nizam-intizam və müstəqil işləmə bacarığı tələb olunur. Yeni terminləri mənimsəmək, dərsləri izləmək, layihələri vaxtında təqdim etmək kimi məsələlər çox vaxt çətinlik doğurur. Təəssüf ki, bəziləri tələbə adını qazandıqdan sonra sanki “missiya tamamlandı” deyə düşünərək, dərslərə laqeyd yanaşır. Nəticədə akademik göstəricilər zəifləyir, imtahanlardan kəsilmə halları artır".
Ekspert həmçinin vurğulayır ki, bəzi tələbələr qəbul olduqları ixtisasın tələb etdiyi bilik və bacarıqları nümayiş etdirə bilmirlər. Bu da onların nəticələrinə mənfi təsir edir və motivasiyanı azaldır:
"Şəxsi çətinliklər də diqqətdən kənarda qalmamalıdır. Bəzi tələbələr asosial xarakterə malik olduqlarından ehtiyac yarananda kimdən və necə kömək istəyə biləcəklərini bilmirlər. Çətinliklərlə üzləşdikdə, problemi özləri həll etməyə çalışır və nəticədə daha da çətin vəziyyətə düşürlər.
Xaricdə təhsil almaq istəyənlər yalnız üstünlükləri deyil, bu real çətinlikləri də nəzərə almalı, qərar verərkən bütün istiqamətləri diqqətlə ölçüb-biçməlidirlər".