Azedu.az

Rektorlar haqqında nə bilirik? - Səadət Əliyeva...

Universitetlər

Müəllimlər və elm adamları

4 İyun 2025, 10:12
Rektorlar haqqında nə bilirik? - Səadət Əliyeva...

Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.

 

Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?

 

AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.

 

Araşdırmamızda bu dəfə Azərbaycan Universiteti var.

 

Bu ali təhsil müəssisəsinə hazırda Səadət Əliyeva rəhbərlik edir.

 

Səadət Namiq qızı Əliyeva 1986-cı il sentyabr ayının 13 –də Bakı şəhərində anadan olmuşdur. 1993–2001-ci illərdə Nəsirəddin Tusi adına ingilis dilli gimnaziyada təhsil almışdır. 2004-cü ildə Binəqədi rayonu 144 nömrəli orta məktəbdən məzun olmuşdur.

 

Ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə Azərbaycan Dillər Universitetindən Filologiya (ingilis dili müəllimi) ixtisası üzrə bakalavr dərəcəsi, 2011-ci ildə Azərbaycan Dillər Universitetindən Dilşünaslıq (ingilis dili) ixtisası üzrə magistr dərəcəsi almışdır.

 

2013–2017-ci illərdə Azərbaycan Universitetində “Dünya ədəbiyyatı” ixtisası üzrə dissertantura təhsili almışdır. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2017-ci ildə “Britaniya uşaq ədəbiyyatının inkişaf istiqamətləri” mövzusunda dissertasiya işini yekunlaşdırmışdır. 2023-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

 

Səadət Əliyeva əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Universitetində  başlamışdır. 2008–2009-cu illər arasında Dillər kafedrasında laborant, 2009–2013-cü illər arasında Dillər kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2012-ci ildə Böyük Britaniyanın Ardinqly Kollecində elmi tədqiqat ilə məşğul olmuşdur.

 

2013–2017-ci illərdə Dillər kafedrasında müdir müavini olaraq fəaliyyət göstərmişdir. 13 mart 2017-ci ildən Azərbaycan Universitetinin rektorudur.

 

Səadət Əliyevanın əsas tədqiqat sahəsi Britaniya uşaq ədəbiyyatıdır. O, Azərbaycan Universitetinin təsis etdiyi “İpək yolu” və “Çağlayan” jurnallarının baş redaktoru, “Social Issues” elmi jurnalının və Böyük Britaniyanın Middlesex Universiteti tərəfindən çap olunan “Children's Literature in Education Journal”ın redaksiya heyətinin üzvüdür.

 

“Britaniya uşaq ədəbiyyatı”, “Britaniya uşaq folkloru”, “Robert Börns: şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya”, “Amerika uşaq ədəbiyyatı” adlı 4 kitabın və uşaq ədəbiyyatı sahəsində onlarla elmi məqalənin müəllifidir.

 

- 2019-cu ildə Təhsil nazirinin əmri ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə elm və təhsil sahəsində yüksək nailiyyətlərinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı;

- 2021-ci ildə Azərbaycan Universitetinin 30 illiyi münasibətilə və yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı;

- 2022-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının(ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ATİAHİ-nin yaradılmasının 100 illiyi münasibətilə Həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı”;

 

2024-cü ildə Elm və Təhsil naziri Emin Əmrullayevin 26 oktyabr 2023-cü il tarixli əmrinə əsasən “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 –2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

 

2025-ci ildə Özbəkistanın Mamun Universitetinin Elmi Şurasının qərarı ilə Səadət Əliyevaya universitetdə tədris prosesinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, peşəkar heyətin hazırlanması istiqamətində səyləri və təhsil sisteminin inkişafına verdiyi töhfələri nəzərə alaraq, həmçinin onun elm və təhsil sahəsində əldə etdiyi uğurlara əsasən bu ali məktəbin fəxri professoru adı verilmişdir.

 

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva bu kimi çoxsaylı təltif, fəxri ad və mükafatlara layiq görülmüşdür. İngilis, alman və rus dillərini bilir.

 

Ailəlidir, dörd övladı var.

 

8 ildir ki, Azərbaycan Universitetinin (AU) rektoru vəzifəsində çalışır.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox