2019-cu ildən qəbul imtahanları kurikulum standartları əsasında təşkil olunacaq. Buraxılış imtahanları üzrə proqram ictimaiyyətə elan olunsa da, ixtisas qrupları üzrə qəbul proqramını əhatə edəcək “Abituriyent” jurnalı hələ də nəşr olunmayıb.
Bu da öz növbəsində abituriyent və müəllimlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin mətbuat xidmətindən AzEdu-az-a bildiriblər ki, qəbul qaydaları ilə bağlı bütün dəyişiklikləri ictimaiyyətə elan edilib. Məlumatda qeyd olunub ki, yeniliklər haqqında lazımlı bütün məlumatlar DİM-in saytında yerləşdirilib. Lakin qəbul qaydaları rəsmi qaydada təsdiq edilməyib.
Qəbul qaydalarının hüquqi cəhətdən təsdiqi bir neçə orqanla razılaşdırma aparıldıqdan sonra həyata keçirilir. Qəbul qaydaları “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunur.
Qəbul qaydaları təsdiq edildikdən sonra “Abituriyent” jurnalının 1-ci nömrəsinin yanvar ayında dərc edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, DİM ixtisas qrupları üzrə qəbul proqramının noyabrın ikinci yarısında elan olunacağını açıqlamışdı.