Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib. Belə ki, imtahanda 3 nəfər 95.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
Onlardan biri də Süleymanova Aydan Rövşən qızıdır.
AzEdu.az Aydan Süleymanova ilə təəssüratlarını almaq üçün əlaqə saxlayıb.
Orta təhsilini 2011-ci ildə Moskva şəhərində alıb. burada 3 il tədris aldıqdan sonra Gəncə şəhərinə köçüb. O, 2021-ci ildə 640.3 balla (tədris inglis dilində ) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin maliyyə ixtisası üzrə qəbul olub.
Yüksək bal toplayacağından əmin olan Aydanın sözlərinə görə, o, ilk sevincini müəllimləri ilə bölüşüb:
"90-dan yüksək bal toplayacağımı düşünürdüm, amma dəqiq olaraq neçə bal toplayacağımı bilmirdim. Bu müddət ərzində imtahana kursa gedərək hazırlaşırdım. Sözün düzü, yüksək nəticə əldə edəcəyimə inanırdım. Sevincimi ilk olaraq müəllimlərimlə bölüşdüm.
Daha sonra ailə üzvlərimlə birlikdə müəllimlərimlə canlı görüşdüm. Birinci cəhddə 93.5 bal toplamışdım. Gələcəkdə hansı ixtisas üzrə təhsil alacağım barədə dəqiq məlumat verə bilmərəm, çünki hələ tam qərar verməmişəm. Lakin hazırkı ixtisasım maliyyə olduğu üçün, yəqin ki, maliyyəyə yaxın sahələr üzrə təhsilimi davam etdirmək istəyərəm. Bundan sonra isə doktoranturaya imtahan verməyi planlaşdırıram".
"I cəhddlə müqayisədə II cəhd imtahanı daha asan idi",- deyə Aydan fikrinə əlavə edib:
"Düşünürəm ki, insan ilk növbədə qarşısına məqsəd qoymalıdır və həmin məqsədə çatmaq üçün irəliləməlidir. Sınaqlarda da çox iştirak etmək lazımdır. Əslində, I cəhd imtahanı II imtahana nisbətdə bir az çətin idi. Lakin düşünürəm ki, informatika fənni I cəhddə daha asan idi. II imtahanda məntiq sualları orta səviyyədə idi, ingilis dili üzrə suallar isə asan idi. Bu dönəmdə mənə ən çox ailəm və müəllimlərim dəstək olub. Ailəmin buna nail olacağıma inamı böyük idi. Ümumilikdə isə II cəhd imtahanı mənim üçün asan keçdi".