Azedu.az

“Ziyanın yarısından qayıtmaq da xeyirdir” - Lisey qərarı niyə gecikdi?

Xəbərlər

Məktəblər

30 May 2025, 14:29
“Ziyanın yarısından qayıtmaq da xeyirdir” - Lisey qərarı niyə gecikdi?

“Daldan atılan daş topuğa dəyər” və ya “Ziyanın yarısından qayıtmaq da xeyirdir” Lisey və gimnaziyalara yalnız VI sinif şagirdlərinin mərkəzləşdirilmiş imtahanla qəbul olunacağı barədə qərarın valideynlər tərəfindən narazılıqla qarşılanması təbii idi və başqa cür də ola bilməzdi”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov qeyd edib.

 

Ekspert bildirib ki, heç də təsadüfi deyil ki, məsələyə münasibət bildirən digər maraqlı tərəflər də valideynlərlə həmrəylik nümayiş etdirdilər, etiraz səslərini ucaltdılar:

 

“Yəni, necə ola bilər ki, ilin əvvəlindən övladının imtahanlara hazırlığı üçün bir ətək pul tökəsən, əlavə dərslərə, nəqliyyat və zaman itkilərinə qatlanıb, özünü fəda edəsən və birdən, imtahanlara sayılı günlər qalmış, heç bir xəbərdarlıq edilmədən sənin bütün zəhmətini heçə endirib, olan qalan əsəblərini də korlayalar. Yekdil fikir isə ondan ibarət idi ki, qərar verilməzdən qabaq ümumi məsləhətləşmələr aparıb xəbərdarlıq xarakterli açıqlama vermək bu qədərmi çətin idi?  Bir də ki, ETN-nin nəzdində olan Təhsil institutu nə vaxtdan bu səviyyədə qərarverici orqan olub?

 

Təhsil İnstitutunun “Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan  şagirdlərin də iştirakı təmin ediləcək” barədə verdiyi gecikmiş məlumat əslində bir çoxlarına “Daldan atılan daş topuğa dəyər” kimi bir unudulmuş atalar sözünü xatırlatmış oldu..

 

Yəni, “Lisey və gimnaziyalara yalnız VI sinif şagirdlərinin mərkəzləşdirilmiş imtahanla qəbul olunacağı barədə qərar verərkən bu Təhsil institunun başbilənləri bilmirdilər və bilənlər var idisə nəzərə almadılar ki, təhsldə dövlət siyasətinin humanistlik, demokratiklik, aşkarlıq və şəffaflıq kimi prinsipləri var. Axı, hər hansı bir qərar verilərkən, ilk növbədə həmin qərarın verilməsi zərurəti  əsaslandırılmalı, geniş içtimaiyyət verilən qərarın məqsəd və mahiyyəti barədə məlumatlandırılmalıdır. Bu halda əlbəttə ki, vəziyyətdən xəbərdar olanların ciddi narazılıq və narahatlıqlarına elə də bir yer qalmaz. Əks halda, müxtəlif obyektiv və subyektiv mülahizələrin meydana gəlməsi, fərqli proqnozların irəli sürülməsi qaçılmaz olur və oldu da”.

 

“Unutmayaq ki, təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işi,  ümummilli məsələdir və bu baxımdan valideyn, müəllim və şagird arasındakı münasibətlər təhsil prosesinin əsas qayəsini təşkil edir”,- deyə N.İsrafilov fikrinə əlavə edib:

 

“Çünki, bu üçlüyün arasında qurulan sağlam əlaqələr uşağın akademik və emosional inkişafını göstəricisidir. Qanunvericiliyimizdə və təhsilə dair digər normativ-hüquqi sənədlərdə müəllim, valideyn və şagirdlər təhsil prosesinin bərabərhüquqlu subyektləri sayılır.

 

Heç də təsadüfi deyil ki, “İslahat Proqramı”nda təhsilin unufikasiya xarakterinin aradan qaldırılması, təhsilin idarə olunmasında kollegiallığın təmin edilməsi bir vəzifə olaraq irəli sürülmüşdür.

 

Hər halda “Ziyanın yarısından qayıtmaq da xeyirdir” deyib atalarımız. Uca Tanrı təhsilimizi növbəti sürprizlərdən qorusun...!”.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox