Azedu.az

Təhsil və sənaye bir arada: Gələcəyə aparan YOL

29 May 2025, 09:06
Təhsil və sənaye bir arada: Gələcəyə aparan YOL

“Universitet-sənaye əməkdaşlığı" termini universitetlər və sənaye müəssisələri arasında qurulan qarşılıqlı faydalı əməkdaşlığı ifadə edir. Bu əməkdaşlığın məqsədi təhsil, tədqiqat və innovasiya sahələrində əlaqə yaradaraq həm akademik, həm də iqtisadi inkişafı təşviq etməkdir.

 

Universitet-sənaye əməkdaşlığı müasir dövrün tələblərinə cavab verən və həm akademik, həm də iqtisadi inkişaf üçün vacib bir yanaşmadır.  Bu əməkdaşlıq, təhsil və tədqiqatın sənaye ehtiyaclarına uyğunlaşmasını təmin edərək daha effektiv nəticələr əldə etməyə imkan verir.

 

Universitet-sənaye əməkdaşlığının bir sıra üstünlükləri var. Universitetlərdə əldə olunan nəzəri biliklər, sənaye ilə əməkdaşlıq sayəsində real dünya problemlərinə tətbiq edilir.  Bu, tələbələrin praktik bacarıqlarını artırır və onların iş bazarına hazırlığını gücləndirir.  Məsələn, tələbələr sənaye müəssisələrində təcrübə proqramlarında iştirak edərək real iş mühitini öyrənə bilərlər.

 

Universitetlərdə aparılan tədqiqatlar, sənaye ilə əməkdaşlıq sayəsində kommersiyalaşdırıla və tətbiq oluna bilər.  Bu, yeni məhsul və xidmətlərin inkişafına, eləcə də iqtisadi artıma səbəb olur.  Sənaye ilə əməkdaşlıq, universitetlərin tədris proqramlarını sənayenin tələblərinə uyğunlaşdırmağa kömək edir. Bu, tələbələrin iş bazarına daha uyğun və hazırlıqlı olmalarını təmin edir.

 

Universitet-sənaye əməkdaşlığı, yeni iş yerlərinin yaradılmasına və regional iqtisadi inkişafın dəstəklənməsinə kömək edir. Bu əməkdaşlıq, həmçinin startapların yaranmasına və innovativ biznes mühitinin formalaşmasına şərait yaradır.

 

Universitetlər, sənaye ilə əməkdaşlıq sayəsində beynəlxalq əlaqələrini gücləndirə və qlobal bazarda rəqabət qabiliyyətini artırmağa nail ola bilərlər.

 

Universitet-sənaye əməkdaşlığı, təhsil və tədqiqatın daha effektiv və tətbiq oluna bilən olmasını təmin edir.  Bu əməkdaşlıq, həmçinin iqtisadi inkişafı dəstəkləyir və qlobal rəqabət qabiliyyətini artırır.  Beləliklə, universitetlər və sənaye müəssisələri arasında güclü və davamlı əməkdaşlıq, müasir cəmiyyətin inkişafı üçün vacibdir.

 

Xarici ölkələrdə universitet-sənaye əməkdaşlığı müxtəlif formalarda həyata keçirilir və bu əməkdaşlıq həm təhsil, həm də iqtisadi inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. 

 

Avstraliya – University of Technology Sydney (UTS) UTS, Telstra ilə əməkdaşlıq edərək, informasiya və kommunikasiya texnologiyaları sahəsində kadr çatışmazlığını aradan qaldırmaq üçün təcrübə proqramları, tədqiqat və innovasiya imkanları təqdim edir.  Bu əməkdaşlıq, tələbələrə erkən karyera imkanları da təmin edir.

 

Shanghai University ilə Fransız Universite de Technologie şəbəkəsi arasında qurulan UTSEUS institutu, mühəndislik təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə yaradılıb.  Bu institut, tələbələrə həm Çin, həm də Fransa diplomları təqdim edərək, qlobal sənaye tələblərinə uyğun mühəndis kadrları yetişdirir.

 

İspaniyanın Comillas Pontifical Universiti nin İnstitut Teknoloji Araşdırmalar (IIT) bölməsi, sənaye ilə sıx əməkdaşlıq edərək, tətbiqi tədqiqatlar aparır və bu tədqiqatları sənaye layihələrinə çevirir.  Bu əməkdaşlıq, universitetin özünü maliyyələşdirməsinə də kömək edir.

 

EuroTech Universitetlər Alyansı, Danimarka Texniki Universiteti, Lozanna Federal Politeknik Məktəbi, Paris Texniki İnstitut, Eindhoven Texniki Universiteti, Münhen Texniki Universiteti və Technion – İsrail Texnologiya İnstitutu arasında qurulub.  Bu alyans, süni intellekt, əlavə istehsal, səhiyyə və bio mühəndislik, davamlılıq və sahibkarlıq sahələrində tədqiqat və innovasiya sahələrində əməkdaşlıq edir.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, tələbələrin sənaye müəssisələrində təcrübə keçməsi onların daha tez işlə təmin olunmasına şərait yaradır. Tələbələr sənayenin tələblərini öyrənərək daha məqsədyönlü karyera planı qururlar: “Universitetlər sənayenin texnoloji və innovasiya ehtiyaclarına elmi dəstək verir. Universitetlərin yaratdığı innovativ məhsul və texnologiyalar sənaye üçün rəqabət üstünlüyü yaradır”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun sözlərinə əsasən, sovet dönəmində diplom tələb olunurdu. Ona görə də valideynlər çalışırdı ki, övladları alitəhsilli, diplomlu olsun. Artıq cəmiyyətdə dəyişiklik baş verir. Məsələn, əgər bir şəxs mühasib ixtisası üzrə hər hansı universiteti bitirib. Artıq o diplom mütləq olaraq həmin şəxsin mühasib kimi qəbul olunmasını təmin etmir. İşəgötürən öncə həmin şəxsin mühasib kimi bacarıqlarını yoxlayır. Onun üçün önəmli olan diplom yox, həmin şəxsin bacarığıdır. Artıq diplom insanın bilik və bacarığının göstəricisi kimi qəbul edilmir: “Bacarıqlar önə çıxmalıdır. Diplom üstünlük göstəricisi olmamalıdır. Nəzəri biliklər cəmiyyət yüksək sürətlə dəyişdiyi üçün öz əhəmiyyətini itirir. Amma bacarıqlar dəyişməz qalır. 4-cü Sənaye İnqilabı öyrənmək ilə bacarıqlar arasında əlaqəsizliyi aradan götürür”.

 

Rektor qeyd edib ki, süni intellekt tətbiqi ilə kənd təsərrüfatı istehsalı həyata keçirildiyi zaman tələb olunan işçi qüvvəsi əhəmiyyətli dərəcədə azalacaq. Bu, faciə deyil. Əsas odur ki, insan daim yenilənməlidir. Yeni peşələr ortaya çıxacaq. Yeni sahələrə uyğun fəaliyyət göstərmək üçün insan daim öz üzərində işləməlidir və bu bacarığı ona aşılayan təhsil sistemindən isə mütləq yararlanmalıdır.

 

Ali təhsil məsələləri üzrə ekspert pedaqogika üzrə fəlsəfə doktoru Vüsal Kərimlinin sözlərinə görə, universitetlərin sənaye və yaxud da iş dünyası ilə əlaqələri çox aşağı səviyyədədir. Bunun da müəyyən subyektiv və obyektiv səbəbləri var: “Əsas səbəblərdən biri, təhsil sistemimizin sənaye ilə inteqrasiya olunmuş dünya təhsil modelinə keçidinin hələ tam baş verməməsidir. Bu keçid kifayət qədər mürəkkəb və zaman tələb edən prosesdir. Nəzərə almaq lazımdır ki, biz uzun illər Sovet İttifaqı sistemində yaşamış bir ölkəydik. O dövrdə universitetlərlə sənaye arasında sıx əməkdaşlıq modeli mövcud deyildi. Təhsil proqramları mərkəzdən planlaşdırılır və əmək bazarının real tələbləri ilə uyğunlaşdırılmırdı. Bu səbəbdən də ölkəmizdə sənaye-təhsil əməkdaşlığı sahəsində yetərli təcrübə formalaşmayıb. Ümumiyyətlə, ölkə olaraq elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində ciddi addımlar ata bilməmişik. Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında qeydiyyatdan keçmiş patentlərimizin sayı da qənaətbəxş deyil. Bu isə birbaşa sənayeləşməyə təsir edən əsas amillərdəndir”.

 

Ekspert son illər bu sahədə müsbət dəyişikliklərin olduğunu vurğulayır: “Azərbaycan universitetləri üçün 2028-ci ilə qədər beynəlxalq reytinqlərdə - xüsusilə TOP 800-də yer almaq kimi strateji hədəflər müəyyən edilib. Bu isə universitetləri daha rəqabət qabiliyyətli və əmək bazarına uyğun kadr hazırlığına yönəldir. Müasir dövrün əsas tələblərindən biri əmək bazarına uyğun ixtisaslı kadrların hazırlanmasıdır. Bu məqsədə çatmağın ən effektiv yollarından biri isə universitetlərlə sənaye sektoru arasında davamlı əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Universitetlər bu əməkdaşlıq sayəsində həm təhsil proqramlarını təkmilləşdirə, həm də tələbələrə real iş təcrübəsi qazandıraraq onların peşəkar inkişafına töhfə verə bilər”.

 

V.Kərimlinin dediyinə görə, bu, sadə və tez başa gələn proses deyil. Bu tendensiyanın dəyişməsi üçün azı 20-30 il vaxt lazım olacaq. Təhsil modeli və sənaye ilə əməkdaşlıq bir göstərişlə və ya fərmanla qurula biləcək mexanizm deyil: “Bu istiqamətdə ciddi sistemli islahatlar həyata keçirilməlidir. Hazırda Azərbaycanın bir sıra ali təhsil müəssisələri publik hüquqi şəxs statusuna malikdir. Bu isə o deməkdir ki, onlar həm də xidmət təklif edə, sənayeyə birbaşa çıxış imkanları əldə edə bilərlər. Universitetlər öz texnoparklarını beynəlxalq praktikaya uyğun şəkildə yenidən qurmalı və işlək modellər tətbiq etməlidir”.

 

Təhsil eksperti Adil Vəliyev deyir ki, Azərbaycanda universitetlərlə sənaye arasında əməkdaşlıq çox vaxt formal xarakter daşıyır: “Əməkdaşlıq adı altında adətən yalnız sponsorluq və tədbirlərin birlikdə təşkili nəzərdə tutulur. Universitetlər müəyyən forum və tədbirləri tərəfdaş müəssisələrin sponsorluğu ilə keçirməyə üstünlük verirlər. Halbuki, bu əməkdaşlıqda hər iki tərəfin maraqlı olması vacibdir. Universitetlər üçün əsas məqsəd tələbələrinin işlə təmin olunması və təqaüd proqramlarından yararlanmaq imkanlarını genişləndirmək olmalıdır. Eyni zamanda, müəssisələr də universitetlərlə birgə konkret proqram və layihələr həyata keçirməlidir ki, bu əməkdaşlıq gələcəkdə ixtisaslı kadr təminatına töhfə versin”.

 

Mütəxəssisin sözlərinə əsasən, əsas problemlərdən biri isə əmək bazarının tələbləri ilə universitet tədris proqramları arasında uyğunluğun olmamasıdır: “Müşahidələr göstərir ki, bu uyğunsuzluq hələ də qalır. Digər tərəfdən, universitetlərdə elmi-tədqiqat potensialı zəifdir. Tədqiqatlar əsasən laboratoriya və yeni formalaşmaqda olan texnoparklar çərçivəsində aparılır. Bir çox universitetlərdə bu sistemlər hələ yenicə qurulur. Düşünürəm ki, sənaye müəssisələri texnoparkların yaradılması, infrastrukturun gücləndirilməsi və tədris proqramlarının əmək bazarına uyğunlaşdırılması üçün universitetlərə dəstək göstərməlidir”.

 

A.Vəliyev vurğulayıb ki, əgər universitet və sənaye arasında əməkdaşlığın möhkəmləndirilməsini istəyiriksə, bu prosesdə hər iki tərəf aktiv iştirak etməlidir:

 

“Həm universitet rəhbərliyi, həm də sənaye müəssisələrinin rəhbərləri qarşılıqlı ehtiyacları dərindən bilməli və əməkdaşlıq təkliflərini obyektiv şəkildə dəyərləndirməlidirlər. Yalnız bu halda biri digərinin tələblərinə cavab verə bilər”.

 

Nərmin Qarazadə

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox