Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.
Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?
AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.
Araşdırmamızda bu dəfə Bakı Avrasiya Universiteti var.
Bu ali təhsil müəssisəsinə hazırda Səyavuş Qasımov rəhbərlik edir.
Səyavuş Qasımov 2 iyul 1984-cü ildə Gədəbəy rayonunda anadan olub. S. Pirverdiyav adına Çalburun kənd orta məktəbini bitirib. 2001–2005-ci illərdə BDU-nun Tarix fakültəsində bakalavriat, 2005–2007-ci illərdə magistratura səviyyələrində təhsil alıb, hər iki pilləni fərqlənmə diplomu ilə bitirib.
2008–2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi institutlar və sistemlər" ixtisası üzrə doktoranturada təhsil alıb və təhsilini 2011–2012-ci illərdə Avropa Birliyinin "Erasmus Mundus" proqramı üzrə Yunanıstanın Beynəlxalq Hellenic Universitetində davam etdirib. "Azərbaycan Respublikasının milli maraqları sistemində geosiyasi amil" mövzusunda siyasi elmlər üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək 2017-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 30-dan çox elmi məqalənin müəllifidir.
O, bir sıra beynəlxalq elmi konfranslarda çıxış edib. İngilis, rus və türk dillərini bilir.
Əmək fəaliyyətinə 2007-ci ildə BAAU-nun Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi başlayıb. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, şöbə müdiri, Universitetin elmi katibi, kafedra müdiri əvəzi və dekan əvəzi vəzifələrində çalışıb. 2015-ci ildən yeni təyinatadək universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini icra edib.
2014-cü ildən Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədridir.
Azərbaycan Elm Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən 12 layihənin müəllifidir.
Elm və təhsil nazirinin əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Bakı Avrasiya Universitetinin (BAAU) Təsisçilər Şurasının 30.09.2024-cü il tarixli qərarı ilə bu universitetə yeni rektor təyin edilib.
1 ildir ki, Bakı Avrasiya Universitetinin rektoru vəzifəsində çalışır.