Qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi bu gün Azərbaycanın bir sıra regionlarının acı reallığına çevrilib. Aran, Muğan bölgəsində, cənub rayonlarında hətta Bakı kəndlərində erkən nikahlar, qızların məktəbə buraxılmaması halları çoxalıb. Son vaxtlar yetkinlik yaşına çatmayan qızların məktəbdən yayındırılması və zorla ərə verilməsinə dair kifayət qədər faktlar aşkarlanıb.
Erkən yaşda evlənmiş qadınların zorakılığa məruz qalma ehtimalı yetkin yaşda evlənən qadınlardan daha yüksəkdir. Erkən yaşda ailə quranların əksəriyyəti məişət zorakılığına məruz qalır. Bu, həm yerli, həm də beynəlxalq tədqiqatların nəticələrində açıq şəkildə öz əksini tapır. Erkən evliliyin gətirdiyi fiziki, psixoloji və sosial zəiflik qızları zorakılığa qarşı daha müdafiəsiz edir. Uşaq yaşda evlənən qızlar əksər hallarda öz hüquqlarını bilmirlər. Qorxu, utanma və ailə, cəmiyyət təzyiqi səbəbilə baş verən zorakılığı gizlədir və kömək istəmirlər. Təhsilsiz və işsiz olan gənc qadın ərindən və ya onun ailəsindən tam asılı vəziyyətdə qalır. Bu asılılıq onlara qarşı psixoloji və fiziki zorakılığı daha da artırır, çünki çıxış yolları azdır. Ər qadından yaş və sosial status baxımından çox üstün ola bilər. Bu da ailədə avtoritar münasibət və zorakı davranış riskini artırır.
Qız uşaqlarının erkən yaşda ailə qurması onların fiziki, emosional və intellektual inkişafına ciddi zərbə vurur. Bu yaşda ailə məsuliyyəti daşımaq nə hüquqi, nə də bioloji baxımdan uyğun deyil. Təhsilini yarımçıq qoyan qızlar gələcəkdə əmək bazarına çıxa bilmir, bu isə onların həm iqtisadi, həm də sosial asılılığını artırır.
Erkən evliliyin psixoloji fəsadları qızların emosional və zehni inkişafına ciddi şəkildə təsir göstərir. Bu cür evliliklərdə qız uşaqları psixoloji baxımdan yetkin olmadıqları üçün bir sıra mənfi hallarla qarşılaşırlar. Qızlar uşaqkən ağır ailə məsuliyyəti daşımağa məcbur qalırlar. Bu, uzunmüddətli emosional gərginlik, yorğunluq və ümidsizlik hissi yaradır. Erkən evlənən qızlar evlilikdən bir müddət sonra özlərini cəmiyyətdən təcrid olunmuş hiss edirlər. Təhsil və sosial həyat imkanlarından uzaq qalmaq onların özünü dəyərsiz və gücsüz hiss etməsinə səbəb olur.
Uşaqlıq dövründə alınmalı həyat təcrübəsi və özünü tanıma prosesi yarımçıq qalır. Qız öz arzularını və bacarıqlarını kəşf etmədən ailə daxilində özünü "itirə" bilər.
Bir çox hallarda erkən evliliklər zorakılıq və məcburiyyətlə müşayiət olunur. Bu hallar travma sonrası stress pozuntusu, panik atak və digər ruhi xəstəliklərin yaranmasına gətirib çıxarır. Yaşıdları ilə ünsiyyət imkanının azalması qızların emosional dəstəkdən məhrum qalmasına səbəb olur.
Psixoloq Elnur Rüstəmov deyir ki, istər oğlan, istərsə də qız bioloji cəhətdən daha tez ana-ata ola bilir. Psixoloji baxımdan isə müəyyən vaxt lazımdır ki, bir insan kimi tam formalaşsın: “Bu baxımdan hesab edirəm ki, erkən nikahla ailə qurmağa hazır olmayan insan faktiki bunu etməyə məcbur edilir. İkincisi, onlar hələ tam real qərar qəbul edə bilmirlər. Deməli, onların əvəzinə kimsə qərar qəbul edir. Bu kimsə adətən ata-ana olur. Demirəm ki, ata-ana pis qərar qəbul edəcək. Amma razılaşaq ki, bu, insanın öz həyatıdır və onun öz həyatında heç olmasa hansısa düşünülmüş formada iştirak etməyə ehtiyacı var. Bu baxımdan mən tam razıyam ki, erkən nikahların sonradan çox sayda fəsadları çıxır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur".
Psixoloqun sözlərinə görə, erkən nikahın psixoloji fəsadları da çoxşaxəlidir və bir çox məqamlara təsir göstərir: "Buraya biz yetkinlik mərhələsinin tam yaşanmaması, depressiya və narahatlıq, aşağı özünəinam, münasibətlərdə emosional problemlər, şəxsiyyət böhranı və s. məqamları daxil edə bilərik. Qeyd edim ki, uşaqlıq və yeniyetməlik mərhələsi insanın psixoloji və emosional inkişafında vacib dövrdür. Bu dövrdə insanlar özlərini kəşf edir, sosial bacarıqlar inkişaf etdirir və şəxsiyyətlərini formalaşdırırlar. Erkən nikah isə insana normal inkişaf üçün zəruri olan təcrübələri yaşamaq imkanı vermir. Nəticədə, onlar öz emosiyalarını və həyatlarını tam dərk etmədən böyüklük məsuliyyətini daşımalı olurlar ki, bu da sonda onların psixoloji yetkinliyinə böyük zərbə vurur. Digər tərəfdən erkən nikaha məcbur edilən şəxslərdə zamanla depressiya və narahatlıq hallarının artmasını müşahidə edirik. Yeniyetmələr öz arzularını və həyat hədəflərini gerçəkləşdirə bilmədikləri zaman gənclik dönəmində dərin emosional və psixoloji böhran yaşayırlar, ailə məsuliyyətini daşımaqda çətinlik çəkirlər. Heç kimə sirr deyil ki, erkən nikahlar çox vaxt qızların təhsil və şəxsi inkişafdan məhrum edilməsinə gətirib çıxarır. Təhsil almaq və karyera qurmaq imkanı olmayan qızlar gələcəkdə özlərini dəyərsiz və aşağı statuslu hiss edə bilərlər. Bu isə özünəinamın azalmasına, şəxsiyyət böhranına və mənlik dəyərinin itirilməsinə yol açır. Erkən nikahın ən böyük fəsadlarından biri də yetkin olmayan fərdlərin bir-birilə düzgün emosional dəstək və sağlam əlaqələr yarada bilmədikləri səbəbindən ailədə yaşanan zorakılıq, emosional təzyiq və məmnuniyyətsizlikdir".
Elnur Rüstəmov qeyd edib ki, erkən nikahdan şübhəsiz ki, daha çox yeniyetmə qızlar, yeniyetmə analar, yeniyetmə oğlanlar əziyyət çəkir: “Yeniyetmə qızlar çox vaxt təhsildən, sosial və iqtisadi imkanlardan məhrum olur və psixoloji sıxıntılar yaşayırlar. Erkən yaşda ailə qurararaq ana olmaq gənc qızlarda emosional, psixoloji və fiziki stresə səbəb olur. Yeniyetmə analar həm öz psixoloji inkişafını tamamlamamış olur, həm də övladlarına düzgün dəstək verə bilmirlər. Yeniyetmə oğlanlar da erkən nikahların təsirindən əziyyət çəkə bilərlər. Onlar sosial təzyiq altında ailə məsuliyyətini erkən yaşda daşımaq məcburiyyətində qalırlar ki, bu da sonda öz növbəsində onların şəxsi inkişafına və təhsilinə mənfi təsir göstərir".
Yetkinlik dövrünü yeni keçmiş və ya hələ tam bitirməmiş qızlar üçün hamiləlik orqanizmə böyük yükdür. Erkən hamiləliklərdə qanazlığı, zəiflik, qansız doğuşlar, erkən doğum və körpə ölüm riski daha yüksəkdir.
Mama-ginekoloq Akifə Məlikovanın sözlərinə əsasən, ərə getmək üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır. Bu baxımdan hələ 17 yaşı tamam olmayan bir qız ərə gedən zaman orqanizmdə reproduktiv funksiyanı yerinə yetirən, birbaşa beyinlə əlaqədar olan endokrin orqanlar öz funksiyasını tam şəkildə başa çatdırmamış olur. Ona görə də belə qızlarda bir sıra fəsadlar üzə çıxır: “Birinci, elə gözlə görünən patologiyanı deyim. Məsələn, 10 ildən sonra həmyaşıdları ilə müqayisədə belə qızlar xeyli yaşlı görünürlər. Hamiləliyi erkən toksikoz və başqa bir sıra fəsadlarla müşayiət olunur. Erkən yaşda ərə gedən qızların ana olması onlar üçün birbaşa psixoloji zərbədir. Sonrakı mərhələdə də aydındır ki, uşağa normal baxa, yaxşı qulluq edə bilmirlər”.
Erkən evlilikdən sonra qızlara ev işi, uşaq qayğısı və ailə məsuliyyətləri yüklənir – bu isə təhsilə vaxt və imkan qoymur. Bəzi hallarda ailə üzvləri təhsilin "lazımsız" olduğunu düşünür və davam etməyə icazə vermir. Nəticədə qızın peşə sahibi olmaq və öz ayaqları üstə durmaq imkanı azalır. Qadın öz hüquqlarını tanımaq və müdafiə etmək imkanından geri qalır.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, 15-19 yaşlı qızlarda hamiləliklə bağlı ölüm halları yetkin qadınlara nisbətən daha çoxdur. Həmçinin onların dünyaya gətirdiyi körpələrdə az çəki ilə doğulma, inkişaf geriliyi və yüksək ölüm riski müşahidə olunur. Gənc yaşda doğum zamanı uşaqlıq, sümük çanağı və digər orqanlar tam formalaşmadığı üçün ciddi zədələnmələr ola bilər.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bəzi ucqar rayonlarda qızların təhsilalma hüququndan məhrum edildiyini deyir: “DİM tərəfindən uzun illərdir ki, qızlarla oğlanların bilik səviyyələri, təhsil almaq imkanları təhlil edilir. Aparılan təhlillər göstərir ki, ibtidai siniflərdə qızlarla oğlanların təhsil alma səviyyəsi bərabərlik təşkil edir. Ancaq 9-10-cu siniflərdə bu bərabərlik 50, 11-ci sinifdə isə 80, hətta 90 faizədək azalır. Bu gün region məktəblərində qızların təhsildən yayınma faktları mövcuddur. Xüsusən də cənub rayonlarında bu faktlara daha çox rast gəlinir. Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, bu regionlardan olan qızların erkən yaşlarda təhsilalma hüququ əlindən alınır. Qızların 9 illik buraxılış imtahanından sonra təhsillərini yarımçıq qoymasının əsas səbəbi erkən nigahdır. Təssüflə qeyd etmək istəyirəm ki, hələ də bəzi valideynlər hesab edirlər ki, qız övladları təhsil almaqdansa erkən yaşda ailə qursa yaxşıdır. Bu məqsədlə də onları məktəbdən, təhsildən uzaqlaşdırıb ailə qurdururlar”.
Təhsil eksperti Nadir İsrafilov deyir ki, qızların təhsilindən söz düşmüşkən Hacı Zeynalabdin Tağıyevin bir sözünü xatırlamamaq mümkün deyil: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə". Azərbaycanlı milyonçu, mesenat, ən böyük xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev inanırdı ki, təhsilli qız, təhsilli ana olacaq və övladlarına daha geniş imkanlar yaradacaq və onları gələcək həyata daha yaxşı hazırlaya biləcək. Bu və bu kimi məsələlər uzun illərdən bəri gündəmdə olmaqla, daim düşündürücü xarakter daşıyıb, müxtəlif izahlarla, yanaşmalarla müşayiət olunub. Dünya Bankının qızların təhsildən kənarda qalmasının ağır fəsadlarını təqdim edən hesabatında da qeyd olunurdu ki, bütün dünyada 6 yaşdan 17 yaşa qədər 130 milyondan çox qız tam orta təhsil ala bilmir. Sənəddə göstərilir ki, təhsilin mümkünlüyü qız uşaqlarının sağlamlığına müsbət təsir göstərir. Hesablamalara əsasən, dünya üzrə orta hesabla qızların 89 faizi ibtidai, 77 faizi orta məktəbi bitirir. Əgər bütün dünya üzrə qızların tam orta təhsil alması problemi həll olunarsa, 18 yaşa qədər bağlanan nikahların sayı, eləcə də hədd-buluğa çatmayanlar arasında uşaq doğumu riskləri əhəmiyyətli dərəcədə azalacaq. Digər tərəfdən, bu səbəbdən də doğum səviyyəsi, eləcə də Yer kürəsinin əhalisi azalacaq. Qadınlar üçün tam orta təhsilin mümkünlüyü onların öz sağlamlıqları barədə məlumatlı olmalarına, psixoloji durumlarına müsbət təsir edə, uşaqlar arasında ölüm səviyyəsini 5 yaşa qədər azalda bilər.
Ekspertin sözlərinə görə, dünyada olduğu kimi, Azərbaycanda da qızların təhsildən yayınma hallarına heç də az rast gəlinmir. Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Qızların təhsildən yayınması əsasən regionlar, xüsusən də ölkəmizin cənub və şimal bölgəsi üçün daha xarakterikdir. Bir də ki, qızların təhsildən yayınması yox, yayındırılması desək, daha düzgün olardı. İnanmaq olmur ki, hansısa qız öz istəyi ilə təhsildən ayrılsın: “Təhsillə az-çox maraqlananlar yəqin bilməmiş deyillər ki, bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə müxtəlif inzibati cəzalar nəzərdə tutulur. Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə hətta cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir. Ümumi götürdükdə isə təkcə qızların deyil, habelə oğlanların da təhsildən yayınma halları təhsilimizin ən ciddi problemlərindən bir olaraq qalmaqdadır. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Ən başlıcası isə məktəblərdə nizam-intizam möhkəmləndirilməlidir”.
N.İsrafilov bildirib ki, bu təkcə sırf təhsil məsələsi olmayıb bir sıra mədəni və mənəvi aspektlərə sıx bağlı bir məsələdir. İcbari təhsilə cəlb olunmanın Nümunəvi əsasnaməyə görə, yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir. Burada bir neçə dövlət qurumunun funksional işi ilə yanaşı problemin çözülməsində ictimaiyyətin və medianın rolunun da xüsusi əhəmiyyəti var. Şagirdlərin məktəbdən yayınması bir çox sosial, regional, mental, səbəblərlə izah olunur ki, bu da ümumilikdə və bütövlükdə öz kompleks həllini tapmalıdır. Bu məsələdə ictimai qınağın rolu da böyük ola bilər. Hər halda bu kimi taleyüklü məsələnin çözülməsində kimlərin nə dərəcədə məsuliyyət daşımasından asılı olmayaraq təhsildə dövlət siyasətinin həyata keçirilməsinə məsul olan ali icraedici dövlət qurumu kimi Elm və Təhsil Nazirliyi əsas yükü öz üzərinə götürməlidir. Həmçinin əlaqədar qurumlarla birlikdə rayonlar üzrə məktəblərdə mütəmadi olaraq monitorinqlər keçirməli, xüsusilə də, daha çox şagirdləri təhsildən yayınan rayonlara diqqət ayrılmalıdır. İlk növbədə icbari təhsildən yayınmanın səbəbləri araşdırmalı, əlaqədar qürumların vəzifələri və məsuliyyəti barədə hökumət qarşısında konkret təkliflərlə çıxış edilməlidir. Bir halda ki, ali təhsilin hamı üçün əlçatan olmasını hədəfləmişik, deməli hər bir yeniyetmə və gəncimizin xüsusilə də qızlarımızın tam orta təhsilini başa vurmasının, heç olmasa ümumi icbari təhsildən kənar qalmamasının da qayğısına qalmalıyıq”.
Azərbaycan qanunvericiliyində nikah yaşı 18 yaş müəyyən edilib. Konstitusiyada qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, 18 yaşı bitməmiş şəxslərin nikaha məcbur edilməsi halları üçünsə 3000 manatdan 4000 manatadək məbləğdə cərimə və ya dörd ilədək azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub.
Erkən nikahlar çox zaman yalnız dini kəbinlə (kəbin kəsdirərək) həyata keçirilir, lakin bu qanuni baxımdan rəsmi nikah sayılmır. Dini kəbin kəsilsə də, bu dövlət tərəfindən rəsmi nikah kimi tanınmır. Bu halda qızın qanuni hüquqları qorunmur: miras, aliment, boşanma zamanı əmlak bölgüsü və s. Bu yaşdan aşağı evliliklər, dini kəbinlə olsa belə, Azərbaycan qanunlarına ziddir və bu, cinayət məsuliyyəti yarada bilər. Dini nikahla doğulan uşaqların rəsmi qeydiyyatında problemlər yaşana bilər. Uşağın soyad, qeydiyyat, sosial təminat və digər hüquqları çətinliklə əldə olunur.
Dini nikah hüquqi zəmanət vermədiyi üçün qız uşağı daha asanlıqla istismara və zorakılığa məruz qalır.
Dini kəbin yalnız mənəvi və dini baxımdan bağlayıcı ola bilər, amma qanun qarşısında heç bir hüquqi gücü yoxdur. Ona görə də, qızların yalnız dini kəbinlə evləndirilməsi onların həm hüquqlarını pozur, həm də gələcək həyatlarında ciddi sosial və hüquqi problemlərə səbəb olur.
Hüquqşünas Ədalət Rüstəmov deyir ki, qanunvericiliyə görə, dini nikahın heç bir hüquqi əhəmiyyəti yoxdur: "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.5-ci maddəsinə görə, indi kəbin kəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Kimsə kimləsə dini nikaha girirsə, Azərbaycan dövləti onun heç bir hüquqi əhəmiyyətini tanımır. Sabah onlar (ər-arvad) arasında hər hansı bir mübahisələrdə, yəni ərin arvada, arvadın ərə münasibətində, həmçinin vərəsəlik münasibətdə həmin nikahın heç bir hüquqi əhəmiyyəti olmur. Azərbaycanda yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanılmış nikahlar hüquqi əhəmiyyət kəsb edir”.
Kəbində əsas məqsəd qız və oğlanın ailə həyatı qurması, sonrakı mərhələdə nikahın hüquqi baza üzərində qurulması, bu evliliyin davam etdirilməsi, gələcəkdə ailədə münaqişələr baş verərkən hər iki tərəfin hüquqlarının qorunmasından ibarətdir. Yəni kəbin dünyaya gələn uşaqların valideynlərinin bilinməsi və onların yaşamasına hüquqi baza, eləcə də məskənlərinin olması üçün də vacibdir. Bu gün hər hansı şəxslər dövlət qeydiyyatına gedib nikah qeydiyyatından keçərkən oğlan tərəfi də qadına verəcəyi mehr miqdarını müəyyənləşdirirsə, bu həm dini kəbindir, həm rəsmi kəbindir, həm də islamın istədiyi yeganə kəbin anlayışıdır. İnsanların ailə həyatında problem olur və boşanmaq qərarı verilirsə, onlar məhkəməyə müraciət edirlər, yoxsa mollaya? Əlbəttə, məhkəməyə. Ona görə də məsələnin ilkin variantı elə qoyulmalıdır ki, problemlər ortaya çıxdıqda bunun hüquqi tərəfi də olsun. Sabah qadının da hüququ pozulmasın. Əgər dini kəbinə görə, qadının hüququ pozulacaqsa, onda islamın hansı ədalət prinsipindən danışmaq olar? İslam ədalət dinidir və hər iki tərəfin haqqını bərpa edir.
Dövlət kəbini olmadan molla kəbininin kəsilməsi əsassızdır. Qanun erkən yaşda nikaha icazə vermədiyi halda mollalar bunu kəbin kəsməklə reallaşdırırlar. Mollaların nigah kağızı olmadan azyaşlı qızlara kəbin kəsməsinə icazə yoxdur. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bir neçə il bundan öncə bütün məscidlərə qərar göndərilib ki, rəsmi nikah olmadan kəbin kəsməsinlər. Ancaq buna baxmayaraq qaydalara riaət etməyib azyaşlılara kəbin kəsən mollalar var.
Azyaşlı qızı nikaha vadar edən həm mollalar, həm də valideynlər məsuliyyət daşıyırlar. Qızın razılıq verib-verməməsindən asılı olmayaraq, bu, zorlama aktı hesab olunur. Mollalar dini kəbini təsdiq etməklə cinayətdə vasitəçi rolunu oynayırlar. Amma burada əsas cinayətkar valideynlərdir. Çünki bu proses qızın valideynlərinin razılığı ilə həyata keçirilir. Valideynlər cinayətin baş verməsinə şərait yaradırsa, qanun qarşısında birinci cavab verməlidirlər. Ailə Məcəlləsində valideynlərin vəzifələri göstərilib. Bu vəzifələr uşağa təhsil vermək, sağlam böyütməkdir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır: “XXI əsrdə yaşayırıq. Qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmalıyıq. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik. Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi - ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir”.
N.Cəfəroğlu qeyd edib ki, cəmiyyət özü bu prosesi qınamalıdır. Cəmiyyət bilməlidir ki, erkən nikah əslində ailənin təməlinin dağılmasıdır. Qız yetkin olanda daha ailəcanlı olur, ailənin, uşağın dəyərini dərk edir, öz məsuliyyətini anlayır: “Yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi əsasında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu məsələ bu gün də ciddi problem olaraq qalır”.
Hüquq müdafiəçisinin fikrincə, övladlarını təhsildən yayındıran valideynlər ciddi məsuliyyət, o cümlədən, cinayət məsuliyyəti daşımalıdır: “Valideynlər anlamalıdırlar ki, övladlarını təhsildən ayırmaqla, məcburən ərə verməklə onların hüquqlarını pozurlar və bu qanun pozuntusu məhz cinayət məsuliyyətilə tənzimlənməlidir”.
Ana nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.
Nərmin Qarazadə