2025–2026-cı tədris ili üçün Bakı şəhəri və regionlarda yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilie.
Lakin bu ilki prosesdə mühüm dəyişiklik baş verib: əvvəlki illərdən fərqli olaraq yalnız 6-cı sinif şagirdlərinin qəbul olunacağı elan edilib.
Bu xəbər minlərlə valideyn, müəllim və şagirdin ciddi narahatlığına səbəb olub. Əvvəlki illərdə qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlərin qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəyi bildirilib.
AzEdu.az xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Təhsil İnstitutu ilə əlaqə saxlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur. Bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir.
"Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir.
Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul elan olunduğu qaydada keçiriləcək. Liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq, digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq", - rəsmi açıqlamada deyilir.