Azedu.az

Monitorinq - Təhsilin dəqiq kompası...

Xəbərlər

25 May 2025, 13:52
Monitorinq - Təhsilin dəqiq kompası...

Son illərdə Azərbaycan təhsil sistemində keçirilən monitorinqlər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən mühüm addımlardan biridir. Bu qiymətləndirmə forması yalnız nəticə deyil, eyni zamanda prosesin dərin analizinə xidmət edir.

Bəs monitorinqlər şagirdlər üçün nə vəd edir? Beynəlxalq təcrübə və elmi tədqiqatlar bu suala hansı cavabı verir?

Monitorinqin mahiyyəti qiymətləndirmə anlayışından daha artıqdır.

Monitorinq təkcə şagirdin hazırki vəziyyətini ölçmür, eyni zamanda onun inkişaf istiqamətini də göstərir. Tədqiqatlar sübut edir ki, davamlı monitorinq öyrənməyə məsuliyyət hissi yaradır və şagirdin öz təliminə aktiv yanaşmasını təşviq edir.

Təhsil sahəsində nüfuzlu tədqiqatçılardan olan Paul Black və Dylan Wiliam (1998) “Assessment and Classroom Learning” adlı araşdırmalarında qiymətləndirmənin (monitorinqin əsas mahiyyəti) şagird öyrənməsinə təsirini dərin şəkildə təhlil etmişlər. 250-dən çox elmi məqalənin sistemli araşdırmasına əsaslanan bu tədqiqat göstərir ki, davamlı qiymətləndirmə şagirdlərdə öyrənməyə qarşı məsuliyyət hissi formalaşdırır və onların öz təhsilinə aktiv yanaşmasını təşviq edir.

Black və Wiliam qeyd edirlər ki:

  • Şagirdlər öyrənməni öz əllərinə alır, zəif və güclü tərəflərini dərk edir və inkişaf üçün konkret addımlar atır.
  • Monitorinq nəticələri şagirdin özünütənzimləmə bacarığını gücləndirir. Yəni şagird artıq “necə daha yaxşı öyrənə bilərəm?” sualını verməyə başlayır.
  • Ən əhəmiyyətlisi, bu cür qiymətləndirmə ən zəif nəticə göstərən şagirdlərə belə irəliləyiş imkanı yaradır, çünki onlar öyrənmənin mərhələli və davamlı bir proses olduğunu görürlər.

Azərbaycanda tətbiq edilən monitorinq mexanizmləri də bu elmi yanaşmaya uyğun şəkildə qurulub. 4 və 6-cı siniflərdə keçirilən bu qiymətləndirmələr sayəsində şagirdin yalnız nəticəsi deyil, təlim trayektoriyası və inkişaf potensialı da aşkarlanır. Bu isə onu həm təlimdə daha fəal, həm də məqsədyönlü edir.

Beynəlxalq təcrübədə nə müşahidə olunur?

Monitorinqlərin mütəmadi keçirilməsi və nəticələrinin izlənilməsi bir çox qabaqcıl ölkələrdə təhsil islahatlarının əsas dayağına çevrilmişdir.

Finlandiyada təhsil sistemi imtahanlardan daha çox diaqnostik və prosesyönlü qiymətləndirməyə əsaslanır. Burada şagirdlərə tez-tez summativ (yəni yekun) testlər verilmir. Əvəzində müəllimlər və məktəblər şagirdin inkişaf səviyyəsini və ehtiyaclarını davamlı müşahidə və monitorinq yolu ilə izləyirlər.

Bu yanaşma:

  • şagirdin təlimə marağını qoruyur,
  • təzyiq və imtahan stressini minimuma endirir,
  • fərdi inkişafı dəstəkləyir.

 

Finlandiyada müəllimlər siniflərində apardıqları formativ qiymətləndirmə nəticələrini öyrənmə planlarına çevirməklə hər bir şagirdə uyğun tədris strategiyaları qururlar. Bu isə daha inklüziv və ədalətli təhsil mühiti yaradır.

Sinqapur təhsil sistemində monitorinqlər təkcə statistik məlumat toplamaq üçün deyil, şagirdyönümlü tədris planlarının qurulması üçün əsas vasitə kimi istifadə olunur. Bu ölkədə erkən siniflərdən etibarən şagirdlərin nəticələri haqqında informasıyalar sistemli şəkildə toplanır və bu məlumatlar:

  • fərdi öyrənmə planlarının tərtibində,
  • şagirdlərin düzgün istiqamətləndirilməsində,
  • ehtiyac olan sahələrdə əlavə dəstək göstərilməsində tətbiq olunur.

Sinqapur modeli göstərir ki, monitorinq sadəcə ölçmə aləti deyil, təhsildə fərdiləşdirmənin təməlidir.

Estoniya və Polşa son 15 ildə PISA kimi beynəlxalq qiymətləndirmələrdə əhəmiyyətli nəticələr göstərmiş ölkələrdəndir. Bu nailiyyətlərin əsas səbəblərindən biri erkən mərhələlərdə tətbiq olunan monitorinq sistemləridir.

  • Estoniyada şagirdlər ibtidai siniflərdən etibarən mərkəzləşdirilmiş diaqnostik qiymətləndirmələrdən keçirilir. Bu nəticələr məktəblər tərəfindən təhlil olunur və tədris strategiyalarına dərhal inteqrasiya edilir.
  • Polşada isə monitorinq nəticələri təhsil siyasətinin və resurs bölgüsünün planlaşdırılmasında əsas istinad kimi qəbul olunur.

Bu ölkələrin təcrübəsi göstərir ki, monitorinq nəticələrinin sistemli analizi və praktikaya keçirilməsi təhsil keyfiyyətini qısa zamanda nəzərəçarpacaq dərəcədə artırır.

Azərbaycanda monitorinqin rolu

Ölkəmizdə keçirilən monitorinqlər şagirdlərin təlim nəticələrinin daha obyektiv qiymətləndirilməsinə şərait yaradır. Bu qiymətləndirmələr:

  • şagirdlər arasında fərdi inkişaf tempini müəyyənləşdirməyə,
  • tədris proqramlarının effektivliyini analiz etməyə,
  • müəllimlərin və məktəblərin fəaliyyətini inkişaf etdirməyə xidmət edir.

Eyni zamanda bu proses, təhsildə regional fərqlərin aşkarlanması və inklüziv təhsil ehtiyaclarının müəyyənləşdirilməsi baxımından da faydalıdır.

Şagird üçün faydası nədir?

  • Refleksiya imkanı: Şagird öz öyrənmə səviyyəsini daha dəqiq görə bilir.
  • Motivasiya: Nəticələr gələcək inkişaf üçün təkan olur.
  • Ədalətli qiymətləndirmə: Yalnız summativ qiymətləndirməyə əsaslanmayan obyektiv nəticələr əldə olunur.
  • Erkən müdaxilə: Təlim boşluqları vaxtında aşkarlanır və aradan qaldırılır.

Monitorinqlər təkcə qiymətləndirmə vasitəsi deyil, həm də inkişaf strategiyasıdır. Onun nəticələrindən düzgün istifadə olunduqda, həm şagirdin, həm də müəllimin inkişafı üçün yeni imkanlar açılır.

Monitorinq nəticələri fərdi təhsil planlarının tərtibində əsas kimi istifadə edilməsi, valideynlər üçün nəticələrin izahı məqsədilə maarifləndirici tədbirlər keçirilməsi, müəllimlər üçün nəticələrə əsaslanan təlimlər təşkil olunması məqsədə uyğun olar. Təhsildə keyfiyyətin artırılması istiqamətində monitorinqlər real addım, nəticəyə aparan vasitələrdən biri, bəlkə də birincisidir.

 

Şəxsi inkişaf üzrə kouç,təlimçi, marker, mentor,

müəllim, “Müasir metodist” layihəsinin metodisti,

yazar, “Özünə Yox De” kitabının müəllifi  Nigar Mahi

 

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox