Azedu.az

Qanunla güclü, təhsillə irəlidə: Suveren Azərbaycanın yolu...

22 May 2025, 16:07
Qanunla güclü, təhsillə irəlidə: Suveren Azərbaycanın yolu...

2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixdə  Sərəncam imzalamışdır. Əlbəttə ki, dünyada gedən proseslərin fövqündə belə bir Sərəncamın imzalanması hesab edirəm ki, çox dəyərlidir. 2025-ci il mürəkkəb il kimi başlayıb. Müharibələr gedir, insanlar qırılır. Məhz bu ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi eyni zamanda beynəlxalq aləmə bir mesajdır.

 

Mən əvvəlcə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması ərəfəsində Azərbaycanda baş verən ictimai-siyasi hadisələrə qısa ekskurs etmək istəyirəm. Baxmayaraq ki, 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında “Azadlıq Bəyannaməsi”, oktyabrın 18-də Konstitusiya Aktı, dekabrın 29-da Ümumxalq səsverməsi ilə yekdilliklə Azərbaycan xalqı Dövlət Müstəqilliyinə tərəfdar çıxmışdır, 1992-1993-cü illərdə Azərbaycanın dövlətçiliyi və müstəqilliyi görünməmiş təhlükə qarşısında idi. Təbii ki, baş vermiş qarışıqlıqdan xarici və daxili qüvvələr hər vasitə ilə istifadə etməyə fürsət gözləyirdilər. 1993-cü il iyunun ortalarında yeganə legitim prezident sayılan Ə.Elçibəy və onun komandası tamamilə iflasa uğramışdı.

 

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı səs çoxluğu ilə Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Daxili və xarici düşmənlərin də hücumları dayanmaq bilmirdi. Respublikada baş verən bu qarışıqlıqdan və hakimiyyət davasından məharətlə istifadə edən erməni yağıları torpaqlarımızı fəth etməkdə davam edirdilər.Məlum olduğu kimi torpaqlarımız tamamilə işğal olunmuş, sərhəd rayonlarında isə tamamilə təhlükəli vəziyyət yaranmışdı. Artıq Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu və hücumlar ara vermirdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün bu prosesləri dərindən təhlil etdi və 2 il 1993-1995-ci illərdə həm daxildə, həm də ölkə xaricində çox əhəmiyyətli addımlar atdı.

 

1994-cü il mayın 4-də prezidentin Brüsselə səfəri çox əhəmiyyətli olmuşdur.Heydər Əliyev burada,NATO-nun baş qərargahınada “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalamışdır.Heydər Əliyev həmin mərasimdən bəyanat verərək bildirdi ki,biz müharibə vəziyyətində olan bir ölkə kimi ümidvarıq ki, NATO-nun“Sülh naminə tərəfdaşlıq” proqramında iştirak etmək Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə  dayandırılmasına, işğal olunmuş ərazilərimizin  azad olunmasına imkan verəcəkdir.

 

Mütləq fasilə lazım idi.Məhz bu mülahizələrlə 1994-cü il mayın 8-də Qırğızıstanın paytaxtında “Bişkek protokolu” imzalandı.Sənəd mayın 12-də qüvvəyə mindi, cəbhədə atəşkəsə nail olundu. Həmin dövrdə Azərbaycana atəşkəs mütləq lazım idi. Çünki iqtisadiyyat və ordu olmadan müharibəni davam etdirmək daha acı nəticəyə gətirə bilərdi.

 

Bir sözlə,1993-1995-ci illər Azərbaycan dövlətçiliyinin, dövlət müstəqilliyinin qorunub saxlanmasının çox mühüm tarixi dövrünü təşkil edir. Heydər Əliyev çıxışlarının birində demişdir: “1995-ci ilin ortalarında Azərbaycan bütün qeyri- qanuni silahlı qüvvələrdən xilas olmuş, keyfiyyətcə yeni mərhələyə daxil olmuş, böyük işlərə başlamaq üçün  ictimai-siyasi sabitlik və qanunçuluq şəraitinə gətirilmiş dövlətə çevrilmişdi”. Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar yeni milli Konstitusiyanın hazırlanmasına şərait yaratdı. 1995-ci il noyabrın 12-də Müstəqil Azərbaycan dövlətinin  Əsas Qanunu referendumla qəbul olundu. 1995-ci il noyabrın 12-də Müstəqil Azərbaycan dövlətinin  Əsas Qanunu müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində  4-cü Konstitusiyadır. Referendumda 4 milyona yaxın seçicinin 86%-i iştirak etdi. Onların 94,8%-i Konstitusiya layihəsini bəyəndiyini bildirdi.

 

Ölkəmizin sürətli inkişafı və yeni dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya bir neçə dəfə Əlavə və dəyişikliklər edilmişdir. Konstitusiyaya Əlavə və dəyişikliklər 2002-ci ildə, 2009-cu ildə və 2016-cı illərdə baş vermişdir.

 

Müasir dünyamızda cəmiyyətin inkişafı onun təhsilinin səviyyəsi ilə, qabaqcıl Universitetləri ilə ölçülür. Azərbaycan Respublikasının təhsil siyasətinin əsaslandığı hüquqi sənədlərdən biri elə Azərbaycan Respublikasının Konstitusiyasıdır. Azərbaycan Respublikası Konstitusiyanın İkinci  Bölməsi- Əsas hüquqlar, azadlıqlar və vəzifələr bölməsinin 42-ci maddəsi məhs təhsil hüququ və təhsil sistemini əhatə edir. 42-ci maddədə təsbit olunmuş “Təhsil hüququ” dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rоlunu оynayır. 42-ci maddədə deyilir:

 

1.Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

2.Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

3.Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

4.Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

5.Dövlət minimum təhsil standartlarını müəyyən edir.

 

Təhsil sisteminin qarşısında duran vəzifələr də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktına, Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil Qanununa və müvafiq beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

 

1.humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması;

2.demоkratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması;

3.bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması;

4.millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;

5.keyfiyyətlilik – təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;

6. səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;

7.fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi;

8.varislik – təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə (dövrə) ötürülməsi;

9.liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;

10.inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı. Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən təhsil sahəsində dövlət standartları müəyyənn edilir. Bu standartlar isə təhsil sahəsində sınanmış mütərəqqi beynəlхalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir.

 

Qloballaşan dünyada keyfiyyətli təhsil nəticəsində peşəkar insan resursları yetişdirilə bilər. Keyfiyyətli təhsil isə ixtisaslı, savadlı müəllim nəslinin yetişməsindən ibarətdir. Bu amil, məhz Azərbaycan Dövlət Pedaqoji Universitetini əsas hədəfə aparan yoldur.

   

Naibə Əhmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixi kafedrasının müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox