Azedu.az

Valideynlərin məktəb seçimi: Gözəl bina, reytinq, yoxsa yaxşı müəllim?

Məktəblər

Müəllimlər və elm adamları

Şagirdlər

20 May 2025, 12:51
Valideynlərin məktəb seçimi: Gözəl bina, reytinq, yoxsa yaxşı müəllim?

Müasir dövrdə təhsilin əhəmiyyəti danılmazdır. Cəmiyyətin inkişafı, fərdi uğurlar və gələcək həyat keyfiyyəti çox vaxt uşaqlıqda alınan təhsillə bağlı olur. Məhz bu səbəbdən valideynlər övladları üçün ən yaxşı məktəbi seçməyə çalışırlar. Onlar bilir ki, keyfiyyətli təhsil uşağın gələcək uğurlarının bünövrəsini qoyur. Yaxşı məktəb, yaxşı təhsil deməkdir. Uşağın çevrəsindəki dostlar, müəllimlər və ümumi məktəb mühiti onun şəxsiyyətinə, davranışlarına və dünya görüşünə birbaşa təsir edir. Valideynlər yaxşı mühit axtarır ki, uşaq düzgün inkişaf etsin.

 

Yaxşı məktəb təkcə akademik göstəricilərlə deyil, həm də uşağın şəxsiyyət kimi inkişafına verdiyi töhfələrlə qiymətləndirilir. Yaxşı məktəbdə peşəkar və motivasiyalı müəllimlər çalışır. Müəllimlər təkcə dərs keçmir, həm də uşaqlara düşünməyi, sual verməyi və öz fikirlərini ifadə etməyi öyrədir. Effektiv rəhbərlik məktəbin təşkilati işlərini yaxşı qurur, müəllimləri və şagirdləri dəstəkləyir, tədris və davranış qaydalarında sabitlik yaradır. Belə məktəb uşaqların özlərini təhlükəsiz, hörmətli və dəyərli hiss etdiyi yerdir. Burada şagirdlərə qarşı təzyiqə ciddi yanaşılır və sosial münasibətlərə diqqət yetirilir.

 

Hər bir şagirdin fərdi bacarığına və ehtiyacına uyğun yanaşma tətbiq olunur. Yaxşı məktəb bütün uşaqları əhatə edir – fərqi yoxdur, onların qabiliyyəti, sosial vəziyyəti və ya mənşəyi necədir. Yaxşı məktəb valideynləri məktəb həyatına cəlb edir. Müəllim, valideyn və şagird arasında güclü əlaqə qurulur. Bu yanaşma uşağın uğuruna birbaşa təsir edir.

 

Təhsil təkcə dərs demək deyil. Yaxşı məktəblər şagirdlərə musiqi, idman, incəsənət, elm klubları və digər fəaliyyətlərdə iştirak etmək imkanı verir. Belə məktəbin məzunları imtahanlarda, olimpiadalarda və həyatın digər sahələrində uğur qazanır. Burada yalnız təhsil deyil, öyrənməyə həvəs və tənqidi düşünmə də qiymətləndirilir.

 

Bir çox valideyn yaxınlıqdakı məktəbləri deyil, uzaqda yerləşən, lakin daha yüksək səviyyəli təhsil ocağını seçməyə üstünlük verir. Bu seçim bir neçə əsas faktora əsaslanır. İlk növbədə, təhsilin keyfiyyəti valideynlər üçün prioritetdir. Onlar daha yaxşı müəllim heyəti, yüksək nəticələr əldə etmiş və zəngin tədris proqramı olan məktəbləri seçirlər. Bu məktəblər uşaqlara yalnız bilik yox, həm də analitik düşüncə, yaradıcı yanaşma və sosial bacarıqlar qazandırır.

 

Bundan əlavə, bəzi məktəblər müəyyən sahələr üzrə ixtisaslaşmış olur. Məsələn, STEM (elmi və texniki fənlər), incəsənət, dil və ya idman üzrə ixtisaslaşmış məktəblər uşağın maraq və qabiliyyətinə uyğun daha əlverişli mühit yaradır. Valideynlər də bu potensialı görüb uşaqlarını belə məktəblərə yönləndirirlər.

 

Məktəbin sosial mühiti və təhlükəsizlik səviyyəsi də vacib amillərdəndir. Valideynlər övladlarının fiziki və mənəvi cəhətdən təhlükəsiz, nizam-intizamlı və sağlam münasibətlərin olduğu bir mühitdə olmasını arzulayırlar. Onlar üçün təkcə dərslər deyil, uşağın formalaşdığı psixoloji və sosial mühit də önəmlidir.

 

Eyni zamanda, bir çox valideynlər uşaq vaxtı əldə edə bilmədikləri imkanları övladlarına təqdim etməyə çalışırlar. Bu, həm daxili məsuliyyət hissindən, həm də gələcək nəsillər üçün daha yaxşı həyat arzusundan qaynaqlanır. Uşaqların uğuru,  valideyn üçün həm qürur mənbəyidir, həm də öz səylərinin bəhrəsi kimi dəyərləndirilir.

 

Nəticə olaraq, valideynlərin yaxşı məktəb axtarışı sadəcə bir seçim deyil – bu, onların övladlarına olan sevgi və məsuliyyət hissinin təzahürüdür. Təhsil yalnız bilik vermək deyil, həm də şəxsiyyət formalaşdırmaq prosesidir və valideynlər bu prosesi düzgün şəkildə yönləndirmək üçün əlindən gələni edirlər. Yaxşı məktəb şagirdlərin bilik, bacarıq, qabiliyyət və inkişaf sahələrini dəstəkləyən məktəbdir. Bu məktəblərdə demokratik və tolerant ünsiyyət hökm sürür və şagirdin təhlükəsiz olması, hərtərəfli təhsil alması, onun öyrənmə tərzinə uyğun təhsil alması prioritetdir.

 

Yaxşı məktəb öyrənmə və tədrisə təsir edən daxili və xarici amillərin keyfiyyətli təhsil və təlim üçün ən yaxşı şəkildə təşkil edildiyi mühitdir. R. Qaqne görə, öyrənməyə təsir edən daxili amillər: əvvəlki biliklər, zehni bacarıqlar, idrak strategiyaları; maraqlar, münasibətlər və dəyərlər kimi affektiv xüsusiyyətlər. Ətrafdakı stimullar, öyrəniləcək məzmun, səs, temperatur, işıq şəraiti və cari zaman şərtləri öyrənməyə təsir edən xarici amillərdir. Tələbənin xarakteri, inancları, baxışları və münasibətləri, mədəniyyəti və gözləntiləri də öyrənməyə təsir edən fərdi amillərdir. Yaxşı məktəbdə tədrisin uğurlu və məhsuldar olması üçün daxili və xarici şərait tədris üçün əlverişli olmalıdır.

 

Valideyn Təranə Rəşidova bildirib ki, keyfiyyət üçün məsafə önəmli deyil: “Mənim evimə ən yaxın məktəb sadə və orta səviyyəli bir məktəbdir. Amma uşaqlarımın daha yaxşı təhsil almasını, bacarıqlarının inkişaf etməsini və müasir dünyaya ayaq uydura bilmələrini istəyirəm. Buna görə də evimizdən uzaqda yerləşən, amma keyfiyyətli təhsili, nüfuzlu müəllim heyəti və zəngin dərsdənkənar proqramları olan məktəbi seçdim. Əlbəttə, bu seçim bizə əlavə çətinliklər yaradır – səhərlər daha tez yola çıxırıq, nəqliyyat xərclərimiz artır. Amma övladlarımın məktəbdə öyrəndiklərini, motivasiyasını və əldə etdiyi bacarıqları görəndə, bu fədakarlığın dəyərli olduğunu düşünürəm. Məncə, valideyn olaraq borcumuz təkcə uşağı məktəbə yazdırmaq deyil, onu düzgün mühitdə, inkişafına uyğun yerdə yerləşdirməkdir”.

 

Digər valideyn Səbuhi Zeynalovun dediyinə görə, yaxındakı məktəbdə nizam-intizam zəifdir, müəllim heyəti tez-tez dəyişir: “Uşağımın yaxşı mühitdə və sabit tədris sistemində oxumasını istəyirəm. Bu səbəbdən şəhərin digər başındakı məktəbi seçmişik. Yaxınlıqdakı məktəbdə uşaqlar arasında aqressiv münasibətlər və laqeyd müəllimlər var. Mən övladımı müsbət sosial mühit olan məktəbdə görmək istəyirəm. Uzaqda yerləşən məktəbdə xarici dil dərslərinə xüsusi diqqət yetirilir. Qızımın gələcəkdə xaricdə təhsil almasını planlaşdırırıq, ona görə bu fədakarlığa dəyər. Valideynlər üçün təhsilin keyfiyyəti, müəllim heyəti, təhlükəsiz sosial mühit və ixtisaslaşmış proqramlar əsas seçim meyarlarıdır. Belə halda məsafə ikinci dərəcəli amildir, əsas olan uşağın gələcəyidir. Bu tendensiya təhsil sistemində rəqabət və inkişaf tələbatını artırır. Valideynlərin çoxu daha çox məlumatlıdır və seçimlərini düşünülmüş və planlı şəkildə edirlər. Fikrimcə, bütün məktəblərdə tədris keyfiyyəti balanslaşdırılmalıdır ki, biz valideynlər də yalnız məsafəyə görə seçim etməyə məcbur qalaq. Valideyn-məktəb əməkdaşlığı gücləndirilməli, məktəblər ailələrin narahatlıqlarına cavab verən şəffaflıq nümayiş etdirməlidir. Regionlararası fərqlər azaldılmalı, hər bir uşaq öz ərazisində də keyfiyyətli təhsil ala bilməlidir”.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, təhsilin keyfiyyəti coğrafiyadan asılıdır. Bütün təhsil müəssisələri mütləq şəkildə​ məzmunca və maddi-texniki təminatca eyni olmalıdır. Belə olan halda Bakıda heç kəs evinin yanındakı məktəbi qoyub, uşağını uzaq məktəblərə aparmaz. Nə özünü, nə də uşağını əziyyətə salmaz. Təəssüf ki, bütün təhsil müəssisələri məzmunca və maddi-texniki təminatca eyni deyil. Ona görə də valideyn uşağını taksiylə, şəxsi maşınla uzaq bir məktəbə aparır.

 

Son illərdə valideynlərin uşaqlarını yaşadıqları əraziyə yaxın məktəbdən uzaq, lakin nüfuzlu və keyfiyyətli hesab etdikləri məktəblərə yazdırmağa çalışdıqları geniş yayılmış bir tendensiyadır. Bu hal, sadəcə məktəbə məsafənin deyil, təhsilin keyfiyyətinin əsas meyar kimi qəbul edildiyini göstərir.

 

Valideynlər məktəb seçimində bəzi amillərə üstünlük verirlər: müəllim heyətinin peşəkarlığı, şagirdlərin uğur səviyyəsi, məktəbin nizam-intizamı, əlavə tədris proqramlarının olması və ümumi məktəb mühitinin pozitiv olması. Əgər bu keyfiyyətlərə sahib bir məktəb yaxınlıqda yoxdursa, valideynlər məsafəyə baxmayaraq, həmin məktəbi seçməkdən çəkinmirlər.

 

Bu yanaşma həm də onu göstərir ki, valideynlər uşaqlarının gələcəyi üçün məsuliyyətli qərarlar verməyə çalışır. Onlar başa düşürlər ki, ilk illərdə yaxşı qoyulmuş təhsil təməli, uşağın gələcək inkişafına birbaşa təsir edir. Bu baxımdan məsafə ikinci dərəcəli amilə çevrilir: “Valideynlərin yaşadıqları ərazidən uzaq məktəbləri seçməsi sadəcə bir coğrafi məsələ deyil – bu, dərin sosial və təhsil strategiyasının göstəricisidir. Valideynlər sadəcə yaxınlıqdakı məktəbi seçməkdənsə, övladlarının fərdi potensialına uyğun, yüksək səviyyəli və təhlükəsiz məktəbləri axtarırlar. Bu da onlarda daha məsuliyyətli və məlumatlı seçimlər etməyə səbəb olur. Araşdırmalar göstərir ki, valideynlər məktəb seçimində yalnız akademik nəticələrə deyil, məktəbin ümumi atmosferinə – sosial mühit, müəllim-şagird münasibətləri, psixoloji dəstək xidmətləri və əlavə inkişaf imkanlarına da önəm verirlər. Əgər bu imkanlar onların yaşadığı ərazidəki məktəbdə yoxdursa, onlar daha uzaqda yerləşən məktəbi seçməkdə tərəddüd etmirlər. Bu tendensiya həm də təhsil sahəsində rəqabəti artırır. Məktəblər valideynləri cəlb etmək üçün öz imkanlarını, proqramlarını və tədris səviyyəsini təkmilləşdirməyə məcbur olurlar. Uzunmüddətli baxışla desək, bu cür yanaşma bütövlükdə təhsil sisteminin keyfiyyətinin yüksəlməsinə səbəb ola bilər".

 

Şahlar Əsgərovun sözlərinə görə, təhsil qurumları ən azı ibtidai siniflər səviyyəsində məktəblər arasında ciddi fərqlər olmamasına çalışmalıdırlar: "Hər bir məktəbdə mövcud təhsil standartlarına uyğun pedaqoji heyət olmalıdır. Tədris prosesi elə təşkil olunmaldır ki, hər kəs uşağını ən yaxındakı məktəbə qoysun. Özəl və xüsusi təmayüllü məktəblər istisna olmaqla qalan bütün təhsil ocaqlarında normal tədris, kommunal şərait təmin edilməlidir. Əgər biz inkişaf etmiş ölkələr sırasına keçmək, yeni çağırışlara cavab vermək, ölkəni keyfiyyətli təhsillə təmin etmək, sözün əsl mənasında potensiallı insanlar yetişdirmək istəyiriksə, onda təhsilə baxışımızı köklü şəkildə dəyişməliyik”.

 

Təhsil Eksperti Kamran Əsədov hesab edir ki, valideynlər yaşadıqları ünvana ən yaxın yerləşən məktəbələrə üstünlük verməlidirlər. Ən yaxşı məktəb evinizin yanındakı məktəbdir: “Piyada gedilə biləcək maksimum yaxın ərazidə yerləşən məktəb ən yaxşı təhsil ocağıdır. Ümumiyyətlə, ibtidai sinifdə məktəb yox, yaxşı müəllim axtarmaq lazımdır. Çünki dərsi sizin övladınıza keçən məktəb deyil, müəllimdir. Ola bilər ki, həmin məktəbin qəbul imtahanı nəticələri yaxşıdır. Amma o nəticələr məktəbin müəllimlərinin hesabına deyil, repetitor, fərdi hazırlıqlar, kurslar hesabına ola bilər. Tədqiqatlar göstərir ki, ayaqla ən qısa məsafədə valideynlər övladlarını məktəbə aparanda o məktəbdə uşaqlar daha uğurlu ola bilirlər. Məsələn, şərti olaraq Xətai rayonunda yaşayan şəxs övladını Səbail rayonunda yerləşən hər hansı bir məktəbə apardıqda uşaq daha erkən saatlarda yuxudan oyana və günün ən azı 1 saatını yolda tıxaclarda keçirəcək. Bu zaman o yolda çox ciddi şəkildə darıxa, stress, əsəb keçirə bilər. Bu da onun hətta ən yaxşı məktəbdə belə təhsil almasına baxmayaraq yekunda heç bir nəticə əldə etməməsinə gətirib çıxara bilər. Ona görə də mən birmənalı şəkildə valideynlərə tövsiyə edirəm ki, ən yaxşı məktəb evinizin yanındakı məktəbdir”.

 

Kamran Əsədovun dediyinə görə, son illərdə, xüsusən Bakıda, məktəb seçimi artıq təkcə coğrafi yaxınlıq və ya yaşayış yeri prinsipi ilə məhdudlaşmır, valideynlər bir sıra fərqli meyarları əsas götürərək övladları üçün “daha yaxşı”, “reytinqli”, yaxud “prestijli” hesab etdikləri məktəblərə üstünlük verirlər: “Bəzən bu seçimlər daha çox ictimai-sosial statusu nümayiş etdirmək üçün, bəzən isə həqiqətən təhsilin keyfiyyəti və inkişaf imkanlarına görə edilir. Tədqiqatlarım göstərir ki, çox vaxt sonda həm uşaq, həm valideyn, həm də məktəb bu yanlış seçimin fəsadlarını yaşamalı olur. Əslində məktəb seçərkən valideynlərin əsas meyarı sadəcə ad-san, reytinq və ya cəlbedici infrastruktur deyil, uşağın fərdi inkişafına, psixoloji durumuna və sosial adaptasiyasına maksimum uyğunluq olmalıdır. İlk növbədə nəzərə almaq lazımdır ki, ibtidai sinif yaşında olan uşaq üçün məktəb yalnız bilik əldə etdiyi yer deyil, həm də yeni sosial mühit, ilk dostluqlar və xarakterin formalaşdığı bir mühitdir. Bu baxımdan, məktəbin evə yaxınlığı, məktəbə təhlükəsiz və rahat çatmaq imkanları, siniflərin doluluğu və müəllim heyətinin stabil olması vacibdir. Çox vaxt “reytinqli” hesab olunan məktəblərdə siniflər olduqca dolu olur, bu isə fərdi yanaşmanı, müəllimin uşağa diqqətini azaldır. Halbuki, inkişaf etmiş ölkələrdə əsas prioritetlərdən biri məhz sinifdə şagird sayının az, müəllimlərin isə davamlı və yüksək motivasiyalı olmasıdır.

 

K.Əsədov qeyd edib ki, məktəbin infrastrukturuna baxmaq vacibdir, amma təkcə gözəl bina, yeni partalar və rəngli dəhlizlər heç də keyfiyyətli təhsilin göstəricisi deyil: “Əsas olan məktəbin pedaqoji mühiti, müəllimlərin peşəkarlığı, idarəetmədə şəffaflıq və psixoloji xidmətlərin mövcudluğudur. Azərbaycanda bu məsələdə hələ də ciddi çatışmazlıqlar qalır: ibtidai sinif müəllimlərinin peşəkarlıq səviyyəsi, onların şəxsiyyət yönümlü və fərdi yanaşmaya açıq olub-olmaması, məktəb rəhbərliyinin açıq və valideynlərlə əməkdaşlığa meylli davranışı – bütün bunlar məktəb seçərkən nəzərə alınmalı əsas amillərdir. 2018-ci ildən etibarən ölkədə məktəblərin “keyfiyyət göstəriciləri” kimi formal reytinqlər müəyyən olunsa da, bunlar daha çox statistika üzərində qurulub, məktəbin real pedaqoji mühiti və psixoloji ab-havası barədə geniş məlumat vermir”.

 

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, valideynlərin böyük əksəriyyəti övladlarına məktəb və müəllim seçərkən yanlışlığa yol verirlər. Bu yanlışlığın yaranması əsasən, qeyri-rəsmi informasiyalardan irəli gəlir. Valideyn düşünür ki, ona qohumu, qonşusu, iş yoldaşı və s. tərəfindən təklif olunan X məktəb və ya X müəllim daha yaxşıdır, amma sonra məlum olur ki, heç də elə deyil. Nəticələr deyilənləri və gözləntiləri doğrultmur, uzaq məsafə qət etmək uğurlu seçim deyil və bu əlavə gərginliyin tıxacın və s. yaranmasına səbəb olur. Vacib olan düzgün araşdırma, göstəricilər və yaxın ərazidir: “Valideynlər məktəb seçərkən təhsil ocağının uğurları, müəllimin işə qəbul zamanı imtahan nəticəsi, sertifikasiya göstəricisi, müəllimin sahə üzrə iş təcrübəsi və.s nəzərdən keçirilməlidir. Bu zaman valideyn düzgün seçim etmiş olar”.

 

Nərmin Qarazadə

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox