Azedu.az

Rektorlar haqqında nə bilirik? - Kamal Abdullayev...

Universitetlər

19 May 2025, 10:05
Rektorlar haqqında nə bilirik? - Kamal Abdullayev...

Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.

 

Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?

 

AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparıb.

 

Araşdırmamızda bu dəfə Azərbaycan Dillər Universiteti (ADU) var.

 

Bu ali təhsil müəssisəsinə hazırda Kamal Abdullayev rəhbərlik edir.

 

Kamal Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.

 

1984–1987-ci illərdə Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri. 1988–1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin sədri. 1990-cı ildə M. F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun "Ümumi və rus dilçiliyi" kafedrasının müdiri seçilib. 1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri olmuşdur. 1994–1995-ci illərdə Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin "Türk dili və ədəbiyyatı" bölümünün professoru olaraq fəaliyyət göstərib.

 

2000-ci ilin may ayında M. F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib. 2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin fevral ayına qədər rektor kimi fəaliyyət göstərib.

 

2011–2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışıb.

 

2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

 

2015-ci ildə "ADA" Universitetində "Azərbaycançılıq" fənnini tədris etmişdir.

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 28 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu qurumun Himayəçilik Şurasının sədri seçilib. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.

 

Kamal Abdullayev, ABŞ (Kolumbiya Universiteti, Harriman İnstitutu), Fransa (İnalko və Strasburq Universitetləri), Almaniya (Mayns Universiteti), Rusiya (Moskva Dövlət Linqvistik Universiteti, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti), Polşa (Varşava Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti), İtaliya (Salesian Vatikan Universiteti) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların (Gürcüstan, Rusiya, Fransa, Almaniya, İngiltərə, İsveç, Yunanıstan, İtaliya və b. ölkələrdə) təşkilatçısı və iştirakçısı olub. 300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.

 

Kamal Abdulla 2015-ci ildə (prof. E. Ə. Nəcəfov ilə həmmüəlliflikdə) "Multikulturalizm" fənni üzrə "Multikulturalizmə giriş" (Bakalavr səviyyəsi üçün) və "Azərbaycan multikulturalizmi" (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlamışdır. O, "Azərbaycan multikulturalizmi" adlı ali məktəblər üçün dərsliyin elmi redaktoru (prof. E. Ə. Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir.

 

Kamal Abdullanın bədii əsərləri   pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub və nəşr edilib. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.

 

Kamal Abdulla "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox…", "Sirlərin sərgüzəşti", "Laokoon, Laokoon..." "Tarixsiz gündəlik" romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı:

 

1995 "Unutmağa kimsə yox" (Bakı, Azərnəşr) , 1997 "Ruh" (Bakı, Azərnəşr) 2003  Bir, iki, bizimki! (Bakı, Mütərcim),  2004  "Casus" (Bakı, Mütərcim) 2006  "Ruh" (Ankara), 2009  "Все мои печали" (Bakı, Mütərcim)

 

Onun haqqında "Kədərin sirri" (müəllifi Elçin Səlcuq), "Kamal Abdulla: seçimin morfologiyası" (müəllifi prof. Asif Hacılı), "Kamal Abdulla: Yazıdan mifə" (müəllifi Rüstəm Kamal) və Türkiyədə "Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində" (müəllifi Mehman Musaoğlu), Rumıniyada "Камал Абдулла: Философия полноты" (müəllifi Lyudmila Bejenaru) adlı kitablar çap olunub. Elmi və bədii yaradıcılığı ilə bağlı Rusiya, Türkiyə, Fransa, Braziliya, Polşa, Litva, Rumıniya, Qazaxıstanda, Qırğızıstanda və başqa ölkələrdə yazılar çap edilib.

 

Kamal Abdullaya verilmiş mükafat və təltiflər:

1999-cu ilin dekabr ayında Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan "Kitabi-Dədə Qorqud" dastanının tədqiqindəki xidmətlərinə görə Kamal Abdullayevə Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının əməkdar elm xadimi" adı verilmişdir.

2007-ci ildə  Rusiya Federasiyasının Puşkin medalı;

2007-ci ildə - Azərbaycanda Humay mükafatı;

2007-ci ildə - 525-ci qəzetin "İlin romanı" adlı mükafatı;

2007-ci ildə - Monitorinq qrupunun "İlin ədəbiyyat adamı";

2009-cu ildə - Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə "Karl Kramej" medalı;

2009-cu ildə — Polşa Respublikası prezidenti Lex Kaçinski tərəfindən təqdim edilən "Böyük Xaç" kavaler ordeni;

2009-cu ildə — Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomu;

2010-cu ildə — Dədə Qorqud Milli Fondunun "Dədə Qorqud Milli Mükafatı" "Azərbaycan dünyası" beynəlxalq jurnalının "Vətən övladı" qızıl medalı;

2010-cu ildə — III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində "Yarımçıq əlyazma" romanına görə "Son 10 ilin ədəbi əsəri" mükafatı;

21 may 2015-ci — İranın Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresində "Elmi fəaliyyətə görə" mükafat;

21 sentyabr 2015-ci ildə — "Yarımçıq əlyazma" romanı İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi "Scanno" mükafatının ("Skanoprize") ədəbiyyat üzrə xüsusi prizi;

3 dekabr 2015-ci — Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni;

23 mart 2016-cı ildə — Rusiyanın məşhur "Xydojestvennaya literatura" nəşriyyatı tərəfindən çap edilən "Platon, deyəsən, xəstələnib…" ("Платон, кажется, заболел…") hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan yüksək mükafata — "Qızıl Delviq"ə layiq görülüb;

2017-ci ildə — Şərqi Avropada ilin ən bacarıqlı şəxslərini seçən Regional Agentlik və onun nəşr etdiyi "Euromanager" jurnalı tərəfindən "Müasir dünyanın dini, irqi və etnik ayrı-seçkilik kimi problemlərindən əziyyət çəkən Avropa regionunda multikulturalizm ənənələrinin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə" mükafatı.

24 may 2019-cu — ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.

Kamal Abdulla "2018–2019-cu tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunda qalib olub.

10 iyul 2019-cu ildə — Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.

19 iyul 2019-cu ildə — Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Sərəncamı ilə "Azərbaycan diplomatik xidmət orqanları – 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilib.

13 sentyabr 2019-cu ildə Macarıstan Prezidenti Yanoş Aderin tərəfindən Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə "Zabit Xaçı" ali xidmət ordeni ilə təltif edilmişdir

Sofiya Universitetinin ali mükafatı – "Honorary Blue Ribbon Insignia" ("Mavi Lent Fəxri Nişanı")

30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə"Şərəf" ordeni ilə təltif edilib.   14 dekabr 2021-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi "Yaşayan Dədə Qorqud" mükafatı təqdim olunub. 4 iyun 2022-ci ildə Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Şərəf" medalı ilə mükafatlandırıb

 

8 ildir Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edir.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox