Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində səhiyyə sahəsi bahalıdır. Məsələn, Türkiyədə ixtisaslara nəzər yetirsək, görərik ki, səhiyyə sahəsi maliyyə baxımından yüksək xərclər tələb edir. Ümumiyyətlə, dünya üzrə tibb ixtisası üzrə kadr hazırlığı kifayət qədər baha başa gəlir.
“Hərbi tibb sahəsində mütəxəssis hazırlığı da xüsusi əhəmiyyət kəsb edir. Əgər bu sahədə peşəkarlar olmasa, hərbi tibbi xidmətləri təsəvvür etmək çətin olar”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov söyləyib.
“Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində səhiyyə sahəsi bahalıdır. Məsələn, Türkiyədə ixtisaslara nəzər yetirsək, görərik ki, səhiyyə sahəsi maliyyə baxımından yüksək xərclər tələb edir. Ümumiyyətlə, dünya üzrə tibb ixtisası üzrə kadr hazırlığı kifayət qədər baha başa gəlir.
Təhsil xərcləri bir tələbənin həmin ixtisas üzrə hazırlanmasına sərf olunan vəsaiti əks etdirir. Elə ixtisaslar var ki, onların tədrisi üçün tələb olunan infrastruktur və texniki təminat daha yüksək xərclər tələb edir. Digər tərəfdən, bəzi sahələrdə nəzəri biliklərlə yanaşı, praktiki hazırlıqlar da olduqca vacibdir. Təbii ki, bütün ixtisaslarda praktika əhəmiyyətlidir, lakin bəzi sahələrdə bu daha böyük önəm kəsb edir. Belə sahələrdə mütəxəssislərin cəlb olunması da əlavə xərc tələb edir ki, bu da nəticə etibarilə tələbə hazırlığının ümumi məbləğini artırır.
Hərbi tibb sahəsində mütəxəssis hazırlığı da xüsusi əhəmiyyət kəsb edir. Əgər bu sahədə peşəkarlar olmasa, hərbi tibbi xidmətləri təsəvvür etmək çətin olar. Buna görə də bu istiqamətdə kadr hazırlığı vacib və zəruridir. Dövlət də bu ehtiyacdan irəli gələrək müvafiq xərcləri qarşılayır".
“Altı il ərzində tibb ixtisası üzrə ödənişli təhsil alan tələbənin ümumilikdə 48.000 manat ödəməsi fikrimcə heç də böyük məbləğ deyil”, - deyə ekspert bildirib:
“Məsələn, Türkiyədə tibb təhsili üzrə ödəniş bu məbləğin iki qatına bərabərdir. Ümumiyyətlə, cəmiyyət keyfiyyətli təhsilin təmin olunmasında maraqlı olmalıdır. Mən istərdim ki, bütün sahələr üzrə keyfiyyətli təhsil verilsin, xüsusilə də insan sağlamlığı ilə bağlı ixtisaslarda. Tibb yalnız bir sahə deyil, həm də bir sənətdir.
Əgər reallığa nəzər salsaq, görərik ki, yaxşı həkimlərə dünyanın hər yerində ehtiyac var. Dövlət bu sahəyə böyük sərmayələr yönəldir. Hər hansı şəxs öz hesabına bu sahədə təhsil alırsa, demək ki, o da əhəmiyyətli maliyyə vəsaiti sərf etmiş olur. Altı illik bakalavr təhsili, daha sonra rezidentura və digər mərhələlər. Bunların hər biri həm vaxt, həm də vəsait tələb edir".