Məlumdur ki, I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib.
Belə ki, indiyə qədər I ixtisas qrupu üzrə Riyaziyyat-Kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, Riyaziyyat-İnformatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməli idilər. Qərara əsasən, bu tələb ləğv olunub.
Maraqlıdır, bu dəyişiklik abituriyentlərə nə kimi üstünlüklər yaradacaq?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, bu dəyişiklik I ixtisas qrupu üzrə abituriyentlər üçün bir qədər çətinlik yaradır:
“Yəni I ixtisas qrupu abituriyentləri I cəhddə hər iki altqrupda iştirak edərək həm riyaziyyat, fizika və kimyadan, həm də informatikadan ayrıca imtahan verirdilər. Lakin artıq informatika imtahanı ləğv olunub. İndi abituriyentlər riyaziyyat, fizika və kimyadan imtahan verərək, əgər II cəhddə istəyirlərsə, riyaziyyat, fizika və informatika fənləri üzrə də imtahana qatıla bilərlər. Bu isə o deməkdir ki, artıq həmin abituriyentlər kimya fənnindən imtahan verə bilməyəcəklər.
Hər cəhddə fərqli altqrupa daxil olduqları üçün artıq bu abituriyentlərə II şans tanınmır. Əgər abituriyent hər cəhddə fərqli altqrup seçirsə, II cəhddə birinci iştirak etdiyi altqrupu seçə bilməyəcəyi üçün bu, texniki baxımdan ikinci şans sayılmır. Bu isə abituriyentlər, xüsusilə də zəif nəticə göstərənlər üçün müəyyən çətinliklər yarada bilər.
Məsələn, Rİ altqrupu üzrə imtahana girən və zəif nəticə göstərən abituriyent növbəti cəhddə eyni altqrup üzrə iştirak edib, lakin yenidən zəif nəticə göstərərsə, qəbul şansı daha da azalacaq. Buna görə də zəif nəticə göstərən abituriyentlər II cəhddə məcbur olaraq RK altqrupunu seçməyə üstünlük verəcəklər.
Əgər Dövlət İmtahan Mərkəzi (DİM) bu cür bir qərar qəbul etməyi planlaşdırırdısa, bunu ilin əvvəlində elan etməliydi ki, abituriyentlər hazırlaşa bilsinlər.
I ixtisas qrupu üzrə Rİ altqrupu yeganə altqrupdur ki, abituriyent blok imtahanından 100 bal toplamadığı halda heç bir ixtisas seçiminə buraxılmır. Digər qruplarda və altqruplarda isə 50 baldan yuxarı nəticə toplayan abituriyentlər ixtisas seçimi edə bilirlər.
Məhz buna görə də I ixtisas qrupu üzrə Rİ altqrupuna hazırlaşan abituriyentlər üçün ciddi çətinliklər ortaya çıxacaq. Ən gərgin rəqabət məhz bu altqrup üzrə formalaşacaq”.