Azedu.az

“Qeyri-peşəkar paylaşımlar müəllim nüfuzunu zədələyə bilər”

14 May 2025, 09:05
“Qeyri-peşəkar paylaşımlar müəllim nüfuzunu zədələyə bilər”

Sosial medianın informasiya cəmiyyətində oynadığı rol danılmazdır, lakin bu platformaların təhsil işçiləri tərəfindən necə və nə məqsədlə istifadə olunması cəmiyyətin müəllim obrazına baxışını dəyişir. Müəllimin ictimai kimliyi təkcə sinif otağında deyil, sosial şəbəkədə də formalaşır.

 

Bu gün sosial şəbəkələrdə müəllimlərin aktiv iştirakı cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Bütün bu məqamlar müəllimlərə dərs vaxtı  həddindən artıq sərbəstlik verilir düşüncəsini formalaşdırır.

 

Bəs, ölkəmizdə müəllimlərə cəmiyyətdə narazılıq yaradacaq qədər sərbəstlik verilib?

 

AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, Kamran Əsədov açıqlama verib.

 

Eksperin fikrincə, müəllimlərin yalnız 12 faizi sosial şəbəkədə tədris resursu paylaşır, 5 faizi peşəkar müzakirələrdə iştirak edir:

 

“Müəllimlərin sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı yaranan ictimai müzakirələr sadəcə texnologiyanın təsiri ilə yox, təhsil sistemindəki struktur boşluqlar, peşə etikasının normativləşdirilməməsi və ictimai gözləntilərlə real vəziyyət arasındakı uçurumun nəticəsidir. Sosial medianın informasiya cəmiyyətində oynadığı rol danılmazdır, lakin bu platformaların təhsil işçiləri tərəfindən necə və nə məqsədlə istifadə olunması cəmiyyətin müəllim obrazına baxışını dəyişir. Müəllimin ictimai kimliyi təkcə sinif otağında deyil, sosial şəbəkədə də formalaşır. Bu səbəbdən məsələ texnoloji yox, sosial və pedaqoji məsuliyyət kontekstində qiymətləndirilməlidir”.

 

K.Əsədov vurğulayıb ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14-cü maddəsində göstərilir ki, təhsilalanlar və təhsil verənlər qarşılıqlı hörmət və etimad prinsipləri çərçivəsində fəaliyyət göstərməlidirlər:

 

“Eyni zamanda “Müəllimlərin etik davranış qaydaları” sənədinə əsasən, müəllim öz fəaliyyəti ilə cəmiyyətə nümunə olmalı, şagirdlərin psixoloji və mənəvi inkişafına zərər verə biləcək davranışlardan çəkinməlidir. Bu tələblər müəllimin şəxsi həyatına müdaxilə deyil, onun peşəsinin ictimai məzmunundan irəli gələn zərurətdir. Sosial şəbəkədə müəllimin paylaşdığı məzmun, yazdığı şərh, bəzən hətta şəkil və jestləri də onun pedaqoji kimliyinin bir hissəsi kimi dəyərləndirilir.

 

Statistik göstəricilər göstərir ki, Azərbaycanda müəllimlərin 83 faizdən çoxu sosial media platformalarında qeydiyyatlıdır və onların ən çox istifadə etdiyi platformalar Facebook, Instagram və TikTok-dur. Lakin bu aktivliyin mahiyyəti və məqsədi peşəkar deyil, şəxsi motivasiya ilə bağlıdır. Müəllimlərin yalnız 12 faizi sosial şəbəkədə tədris resursu paylaşır, 5 faizi peşəkar müzakirələrdə iştirak edir. Əvəzində şəxsi həyatla bağlı vizuallar, musiqili videolar və ya emosional statuslar əsas paylaşımlar içində üstünlük təşkil edir. Bu isə ictimai narahatlığı artırır və müəllimin dərs saatı daxilində qeyri-peşəkar fəaliyyətlə məşğul olduğu təəssüratını formalaşdırır".

 

Müsahibimiz qeyd edib ki, Azərbaycan məktəblərində müəllimlər üçün gündəlik iş saatı konkret şəkildə normativləşdirilməyib:

 

“Müəllimin dərs yükü həftədə 18 saat olmaqla hesablanır və bu zaman çərçivəsi onun məktəbdə olması üçün tam iş günü anlayışını vermir. Bu normativ boşluq ictimaiyyətlə təhsil sistemi arasında gözlənti fərqi yaradır. Vətəndaş müəllimi məktəbdə günün 8 saatını işləyən şəxs kimi düşünür, amma əslində müəllim bu saatların yalnız 3-4-də sinifdə olur. Qalan vaxtı isə onun ya məktəbdə qalması, ya evdə hazırlıq görməsi, ya da şəxsi işi ilə məşğul olması qanunvericiliklə məhdudlaşdırılmır. Burada məsələ hüquqi sərbəstliklə peşəkar məsuliyyətin kəsişməsində yaranan etik boşluqdur”.

 

“Bu boşluğun mənfi tərəfi odur ki, sosial şəbəkədə peşəkar məzmun yaratmaq əvəzinə populist davranışlar - məsələn, emosional videolar, diqqət çəkmək məqsədli paylaşımlar və ya qeyri-etik münasibət bəzən müəllim nüfuzunu ciddi şəkildə zədələyir”,- deyə ekspert qeyd edib:

 

“Bəzi müəllimlərin şagirdlərlə birlikdə çəkdikləri Tiktok videoları, geyim tərzi, sosial həyatlarını təbliğ edən görüntülər ictimaiyyətdə narazılıq doğurur və bu, təkcə həmin müəllimə yox, bütün müəllim peşəsinə qarşı neqativ münasibət yaradır. Halbuki bu cür davranışlar sistematik yox, fərdi hallardır, lakin sosial media onların təsirini kütləviləşdirir.

 

Müsbət tərəfdən isə sosial media müəllim üçün bilik paylaşımı, nüfuz artırma və ictimai dialoqa qoşulma vasitəsidir. Müəllim platformadan dərs məzmunu paylaşmaq, video dərslər hazırlamaq, peşəkar tədbirləri yaymaq, regional və ya beynəlxalq təhsillə bağlı müzakirələrdə iştirak etmək üçün istifadə etdikdə, onun həm peşəkar inkişafı güclənir, həm də təhsil sahəsinə cəmiyyətin marağı artır. Bu, təkcə müəllimin imici üçün yox, ümumilikdə təhsil siyasətinin ictimai dəstəyi üçün mühüm amildir”.

 

Ekspert bildirib ki, müqayisə aparıldıqda görünür ki, Azərbaycanda müəllim sosial mediada “fərd” olaraq var, lakin “peşəkar” olaraq yox dərəcəsindədir:

 

“Nəzarət mexanizmlərinin olmaması, etik davranışların rəsmiləşməməsi və sosial şəbəkə mədəniyyətinin yetərincə formalaşmaması bu fərdi sərbəstliyin ictimai narahatlıq yaratmasına səbəb olur. Həll yolu nə yalnız sərt nəzarətdir, nə də tam sərbəstlik. Həll yolu müəllimlərə sosial medianın imkanları barədə təlimlərin təşkili, etik davranış çərçivəsinin formalaşdırılması və həm məktəb, həm də cəmiyyət tərəfindən qarşılıqlı gözləntilərin düzgün qurulmasıdır.

 

Bu dəyişikliklər baş verərsə, müəllim sosial mediada məsuliyyətli şəkildə iştirak edəcək, cəmiyyət isə onu izləyən yox, dəstəkləyən mövqedə olacaq. Müəllim nüfuzuna ictimai etimad artacaq, təhsil sistemində şəffaflıq və hesabatlılıq dərinləşəcək. Nəhayət, sosial media peşəkar platformaya çevriləcək və müəllim bu məkanda nümunəvi ictimai şəxs kimi fəaliyyət göstərəcək. Bu isə bizə lazımdır, çünki ictimaiyyətin müəllimə olan inamı nə qədər güclü olarsa, təhsilin keyfiyyəti də bir o qədər yüksələcək”.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox