Dövlət İmtahan Mərkəzinin (DİM) son qərarına əsasən, ali məktəblərdə tədris olunan “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi”, “Ümumi fiziki hazırlıq”, “Kütləvi-sağlamlaşdırıcı idman” və “Adaptiv bədən tərbiyəsi” ixtisaslarında keçid balı 60-dan 80-ə, “Məşqçilik (idman növləri üzrə)” ixtisasında isə 60-dan 70-ə qaldırılıb.
Eyni zamanda, kolleclərdə 9 və 11 illik bazadan “Fiziki tərbiyə müəllimliyi” ixtisasına qəbul balı 40-dan 50-yə yüksəldilib. Bu qərar DİM-in son illərdə qəbul etdiyi ən müsbət addımlardan biri hesab olunur.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, belə vacib qərarların qəfil verilməsinin tərəfdarı deyil:
“Çünki qeyd olunan ixtisaslara hər il qəbul olanların nəticələri, demək olar ki, 80-dən yuxarı olurdu. Bu səbəbdən 80-dən aşağı bal toplamış abituriyentlər, jurnalda aşağı keçid balı ilə göstərilmiş məşqçilik ixtisasını yazmaqla yanaşı, ehtiyat variant kimi digər idman ixtisaslarını da seçirdilər. Bu isə hər komissiya üzrə əlavə ödəniş demək idi”.
Ekspert əlavə edib ki, yeni qərarla aşağı nəticə göstərən abituriyentlər əlavə pul ödəməkdən və vaxt itkisindən azad olunurlar:
“Bununla belə, məşqçilik ixtisası üzrə keçid balının 60-dan 70-ə qaldırılması müəyyən narazılıqlara səbəb olub. Çünki jurnalda məşqçiliyin bir çox sahəsində keçid balı 60 göstərilir. Elə abituriyentlər var ki, 68–69 bal toplayaraq bu ixtisasa hazırlaşırdılar. Amma təcrübə göstərir ki, aşağı bal toplamış abituriyentlər qabiliyyət imtahanında da uğurla fərqlənə bilmirlər. Keçid balının 60 olaraq göstərilməsi isə əksər hallarda boş qalan yerlər səbəbindən baş verir, yəni bu bal real nəticələrlə tam şəkildə əsaslandırılmır”.
Rizvan Fikrətoğlu əlavə edib ki, belə əhəmiyyətli qərarların imtahanlara az müddət qalmış deyil, daha erkən, ən azı bir il əvvəl və ya buraxılış imtahanlarından öncə elan olunması daha məqsədəuyğundur:
“Qabiliyyət imtahanlarının başlanmasına az qalmış belə qərarların verilməsi haqlı narazılıqlara yol aça bilər”.