Azedu.az

Test sistemi gəncləri yorur: Təhsilimizdə dəyişiklik vaxtı çatırmı?

İmtahanlar

Universitetlər

Müəllimlər və elm adamları

13 May 2025, 09:06
Test sistemi gəncləri yorur: Təhsilimizdə dəyişiklik vaxtı çatırmı?

Azərbaycan keçmiş sovet ölkələri içərisində tələbə qəbulunu test üsulu ilə, mərkəzləşdirilmiş qaydada və kompüter texnologiyalarının tətbiqi vasitəsilə aparan ilk ölkədir. Artıq uzun illərdir ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu işin təşkili və nəticələrin təhlilini öz üzərinə götürüb. Danılmaz həqiqətdir ki, ali məktəblərə qəbul imtahanlarının keçirilməsi, imtahan nəticələrinin qiymətləndirilməsi zamanı DİM şəffaflığı təmin etməyə çalışır.  

 

Lakin son zamanlar ali məktəblərə qəbul imtahanında tətbiq edilən bu modelin mütərəqqi hesab edilmədiyi barədə fikirlər səsləndirilir. Ékspertlər hesab edirlər ki, bu gün Azərbaycanda ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı ən çətin imtahan modelidir. Belə ki, abituriyentlərin qarşısına qoyulan test tapşırıqları orta məktəb seviyyəsində deyil. Bu baxımdan keçirilən qəbul imtahanların çətinliyi abituriyentlərdə stress və psixoloji problemlər yaradır. Qəbul imtahanlarına hazırlaşan abituriyetlərin bircə məqsədi var: test suallarını cavablandırmaq üçün proqramı əzbərləmək. Bu da gəncləri əzbərçiliyə meylləndirir, onlarda düşünmək, araşdırmaq, oxumaq kimi vərdişlər formalaşmır. Cavabı variantların birində göstərilən test forması savadlı kadrların sayını azaldır.

159896Əksər ölkələrin təcrübəsində ali məktəblərə attestatla qəbul olmaq mümkündür. Elə bu səbəbdəndir ki, Azərbaycanda da yalnız attestat vasitəsilə digər ölkələrdə bakalavr təhsili almağa üz tutanların sayı ilbəil artır. 

 

Abituriyentlər bu gün imtahan vermədən attestat vasitəsilə xarici ölkələrdə universitetlərə qəbul ola bilirlər. Əksər ölkələrdə ali təhsil almaq Azərbaycandan daha əlçatandır. Çünki orada ali məktəbə qəbul olmaq bizdəki kimi çətin deyil. Savadlı, təhsilli insanların çox olması, cəmiyyətin intellektual səviyyəsinin artmasına da səbəb olur.

 

“Atestatla təhsil” dedikdə, abituriyentin ali təhsil müəssisəsinə qəbul olmaq üçün yalnız attestat (orta məktəbi bitirmə sənədi) əsasında müsabiqədə iştirak etməsi nəzərdə tutulur. Bu sistemdə abituriyent imtahan vermədən, sadəcə attestat balı ilə universitetə qəbul ola bilər.

 

Bu gün Cənubi Koreyada orta məktəbi bitirən hər 100 uşağın 95-i ali məktəbə qəbul olur. Bizdə isə ölkənin orta təhsil müəssisələrini bitirən 100 məzundan 16-17-si ali məktəbə qəbul olur. Halbuki, 100 nəfərdən 50-si ali məktəbə qəbul olmalıdır. Avropa və Asiya qitələri arasında körpü rolunu oynayan Türkiyədə təhsil almağın ən böyük üstünlükləri Türkiyə universitetlərinin atdığı uğurlu addımlardır. Ümumilikdə Türkiyədə 206  universitet və akademiya vardır ki, bunlardan 131-i dövlət, 75 isə özəl universitetdir. Universitetlərdən əlavə 5 ali peşə məktəbi də fəaliyyət göstərir. Bu universitetlərdə 60.000-dən çox təhsil proqramları var. Universitetlərin və təhsil proqramlarının çoxluğu xarici tələbələri bu ölkədə təhsil almağa cəlb edir. Türkiyənin bir çox dövlət və özəl universitetlərində attesttatla təhsil almaq mümkündür.

 

YÖS (Yabancı Öğrenci Sınavı) tələb edən universitetlər də var, amma bəzi özəl və ya vakıf universitetləri yalnız attestatla qəbul aparır.

 

Macarıstanın da bir çox universitetləri attestat və ingilis dili biliyini sübut edən sənəd (IELTS/TOEFL və ya universitetin daxili müsahibəsi) ilə tələbə qəbul edir.

 

Litva və Latviya ali məktəblərinə də attestatla qəbul mümkündür. Əlavə olaraq ingilis dili sertifikatı və bəzi universitetlərdə müsahibə tələb oluna bilər.

 

Polşa universitetlərinə də qəbul attestatla aparılır, xüsusən özəl universitetlərdə. Dövlət universitetlərində isə əlavə sənədlər və bəzən müsahibə ola bilər.

 

Çexiyanın özəl universitetlərinə attestatla qəbul mümkündür. Dövlət universitetlərində isə çex dili və ya əlavə imtahan tələbi var.

 

Rusiya və Belarus,Gürcüstan ali məktəblərinə attestatla qəbul geniş yayılıb. Əksər universitetlərdə imtahan tələb olunmur.

 

Valideyn Lalə Cəlilova qeyd edib ki, Azərbaycanda ali məktəblərə qəbul prosesi test üsulu ilə deyil, attestatla – yəni şagirdin orta məktəbdə aldığı illik qiymətlərlə həyata keçirilməlidir. Test üsulu uşaqlar üçün çox böyük stres yaradır. Onlar bir neçə saat ərzində bütün gələcəklərini müəyyən edən imtahana girirlər. Halbuki 11 il ərzində zəhmətlə oxuyan, fənlərə maraq göstərən və davamlı şəkildə yüksək qiymətlər alan bir şagirdin biliyini sadəcə bir testlə qiymətləndirmək doğru deyil: “Attestatla qəbul zamanı şagirdin uzun illər boyu göstərdiyi səylər, nizam-intizamı və bilik səviyyəsi daha obyektiv qiymətləndirilir. Bu sistem uşaqlar arasında rəqabəti artırar və ən başlıcası isə abituriyentlərin imtahan həyəcanı, stress və gərginlik keçirməsinin qarşısını alar. Bundan başqa, test sistemi bəzən savadlı, amma imtahan həyəcanı yaşayan gəncləri geri salır. Attestatla qəbul isə həm məktəbin, həm də müəllimlərin fəaliyyətini stimullaşdırar, təhsildə keyfiyyəti yüksəldə bilər: “Valideyn olaraq istəyirik ki, övladlarımız stress yox, biliklə universitetə daxil olsunlar”.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov hesab edir ki, gənclərin xarici universitetlərə axınının qarşısını almaq üçün qəbul imtahanları sadələşdirilməlidir. Əks təqdirdə ali təhsil almaq üçün xaricə üz tutanların sayı ildən ilə daha da artacaq. Test üsulu müəyyən bir dövr üçün mütərəqqi, ən optimal variant idi. Ancaq bu gün üçün dəyişikliklər, yeniliklər edilməlidir. Ali məktəblərə qəbulun asan forması tapılmalı, əsas diqqət qəbula deyil, bitirməyə yönəlməlidir. Gənclərə ali təhsil almaq üçün imkan yaradılmalıdır. Çətin test tapşırıqları, ağır suallarla uşaqları bu qədər stressə salmaq, inçitmək nəyə lazımdır. Yox, ali məktəbə qəbul ancaq imtahan yolu ilə olmalıdır deyiriksə, onda mütləq şəkildə imtahan sualları sadələşdirilməlidir. Potensiallı, riyazi təfəkkürlü, normal düşüncəli gənclərimiz ali təhsil almaq imkanından məhrum edilməməlidir, ali məktəbdən kənarda qalmamalıdır: “Ali məktəblərə qəbul imtahanlarında istifadə olunan test suallarını orta məktəbi yeni bitirən şagird əsla cavablandıra bilməz. Çünki suallar çox çətindir. Bu sualları ancaq peşəkar müəllimlər cavablandıra bilər. Bu səbəbdən də ildən-ilə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin sayı azalır, aşağı bal toplayanların sayı artır. Bunu nəzərə alıb imtahana düşən test suallarının çətinlik səviyyəsini azaltmaq yerinə, onlar ildən-ilə daha da çətinləşdirilir. Elə bil ki, DİM qəbul imtahanlarına abituriyentin cavab vermək iqtidarında olmadığı çətin sualları seçib onları çıxılmaz vəziyyətə salmağı qərşısına məqsəd qoyub.

 

Buraxılış və qəbul imtahanlarında təqdim olunan suallar ildən-ilə çətinləşdirilir. Nəzər yetirəndə görürsən ki, elə test sualları var ki, abituriyent illərlə hazırlaşsa da, onu cavablandıra bilməz. İmtahan sualları elə tərtib edilməlidir ki, abituriyentlər onu cavablandıra bilsinlər. Uşağı çətinə, dolaşığa salmaq lazım deyil. Abituriyentlərin həyatını məhv etmək olmaz. Buraxılış və qəbul imtahanları dövründə uşaqlar böyük həyəcan, stress, qorxu keçirirlər. İnsanları belə incitmək, bezdirmək olmaz. Bəziləri aşağı bal topladığı üçün depressiyaya düşüb canına qəsd edir. Bu, yaxşı hal deyil. Qoy onlar sərbəst şəkildə universitetə qəbul olunsunlar”.

 

Şahlar Əsgərovun sözlərinə görə, qəbul imtahanları cəmiyyətin intellekt səviyyəsinin yüksəlməsinə əngəl olan bir prosedurdur: “Mən həmişə demişəm, yenə də deyirəm, ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır. Yox əgər qəbul imtahanlarının saxlanılmasını istəyiriksə, o halda imtahanlar çox sadələşdirilməlidir. Seçim aparmaq üçün yüngül test keçirmək olar. Ağır imtahan sualları tərtib edib abituriyentləri gərginlik yaşamağa vadar etmək doğru deyil. Bu məsələlər gənclərin əsəblərini korlayır, bütün bunlara son qoymaq lazımdır. Gənclərin Azərbaycanda təhsili almasına stimul yaratmaq üçün buraxılış, bakalavr və magistraturaya qəbul imtahanı ləğv edilməlidir. Azərbaycanda gənclərin çoxu magistratura pilləsi üzrə təhsil almaq istəmir. Çünkli onlar bir neçə mərhələli imtahandan keçmək, boş-boşuna vaxt itirmək, yorulmaq istəmirlər. Biz gənclərin təhsil almasına mane olmamalı, əksinə şərait yaratmalıyıq ki, onlar oxuyub təhsilli olsun. DİM keçirdiyi çox pilləli imtahan sistemi ilə gəncləri incidir və ona görə də onlar xarici ölkələrə üz tuturlar. Gənclərin Azərbaycanda təhsili almasına stimul yaratmaq üçün magistraturaya qəbul imtahanı ləğv edilməlidir. Mən bu haqda dəfələrlə danışmışam, müraciətlər etmişəm. Ümid edirəm ki, bunlar nəticəsiz qalmayacaq və bu, çoxpilləli, yorucu imtahan sistemi ləğv olunacaq”.

 

Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, hazırda istənilən əcnəbi vətəndaş Azərbaycanda imtahan vermədən ali məktəblərimizdə təhsil ala bilər. Amma öz vətəndaşlarımız bu imkandan məhrumdur. Ona görə də gənclərin böyük hissəsi xarici ölkələrə üz tutur, attestatla ali məktəblərə qəbul olunurlar. Təkcə Türkiyədə hazırda 30 min azərbaycanlı bu minvalla təhsil alır. Bu olduqca ciddi rəqəmdir. Ona görə də Azərbaycanda ali məktəblərə qəbulun formatı dəyişdirilməlidir: “Nəzərə alsaq ki, Azərbaycandakı ali məktəblərə qəbul qaydası dünyanın ən çətin qəbul imtahanıdır. Bizdəki qəbul modeli çox qəlizdir. 3 fərqli imtahan sualları salınır. Həmçinin abituriyentlər 3 fərqli fəndən imtahan verirlər. IV qrup ixtisası üzrə isə abituriyentlər 6 fəndən imtahan verir. Ona görə də alternativ qəbul imtahanı keçirən qurumun yaradılmasının artıq vaxtı çatıb. 33 ildir ki, ancaq DİM qəbul imtahanı keçirir. Alternativ olmadığı üçün biz də onun nəticələrini obyektiv olaraq qəbul edirik. Alternativ bir qurum da olsa, daha obyektiv və ədalətli mənzərənin şahidi olarıq”.

 

Kamran Əsədovun fikrincə, bu günkü test imtahanları yalnız əzbərçiliyi yoxlaya və qiymətləndirə bilir: “Amma biz abituriyentlərin digər bacarıqlarını yoxlaya bilmirik. Ona görə də qəbulda çox yüksək göstəriciyə nail olanlar sonrakı təhsil prosesində çox zaman uğur qazana bilmirlər. Ona görə də DİM-ə alternativ olaraq Milli İmtahan Mərkəzi də yaradılmalıdır. Əgər alternativ qəbul olsa, onda biz həm də abituriyentlərin digər bacarıqlarını da görmüş olarıq. Xatırladım ki, qoşulduğumuz konvensiyalar, qəbul etdiyimiz qanunvericilik aktları digər komputensiyaları yoxlamağı da tələb edir. Bugünkü yalnız biliklərin yoxlanılması metodu yetərli deyil. Ən azından bizim keçirdiyimiz imtahanların beynəlxalq aləmdə qəbul edilməsi üçün indeksləşməsinə ehtiyac var. Biz bu gün layiqli abituriyenti seçməkdə çətinlik çəkirik. Ona görə də digər modellər də işlənməlidir. Məhz alternativin olmaması DİM-in dominantlıq etməsinə imkan verir”.  

 

Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli deyir ki, Azərbaycanda universitetlərə qəbul mexanizmində dəyişiklik edilməlidir və bu məsələ artıq qaçılmazdır: "Universitetlərə qəbul prosesində abituriyentləri çox yorurlar. Onlar hansı universitetə attestat yaxud imtahan nəticələrini əldə etdikdə sadə attestatla univeristetə qəbul olmurlar. Hər hansısa bir ölkənin, müxtəlif universitetlərin müəyyən ixtisaslar üzrə tələb etdiyi beynəlxalq yaxud yerli sertifikatları var. Bu özü də bir imtahan nəticələridir. Bunlara "GMAT", "SAT" imtahanları kimi, müxtəlif formatlı test imtahanı var. Onların nəticəsini qəbul etdikdən sonra, hər biri fərdi şəkildə universitetlərə müraciət edirlər. Müraciət etdikləri universitetlər onlardan müsahibə və motivasiya məktubu istəyir və onlar ilə söhbətlər edirlər. Tələbələri isə bu fotmatda qəbul edirlər. Attestat ilə qəbul məsələsi isə başqadır. Sadəcə olaraq attestat var və bunun vasitəsilə universitetdə oxumaq düşüncəsinin əksinəyəm. Müxtəlif ölkələrdə bu belə götürülmür. Bizimkilər Türkiyəyə gedirlərsə, onlar attestat balı ilə gedirlər. Orada müxtəlif universitetlər var ki, onlar orada bir il hazırlıq kursu keçirlər".

 

Ekspertin sözlərinə görə, postsovet məkanında olan bəzi ölkələrin universitetləri isə buna diqqət etmirlər. Amma burada dil tələbidə qoyurlar. Sırf kommersiya məqsədli olanda, univeristetin özünün reputasiyası aşağı olanda bu məsələlərə o qədər ciddi şəkildə yanaşmır. Çünki xarici tələbi onların əlavə gəlir mənbəyidir: “Nəzərə alaq ki, universitetlər xarici vətəndaşları attestatı ilə qəbul edirlər. Hamısı amma bunu etmir. Tibb universiteti və digər reputasiyaslı ali təhsil müəssisələri mütləqdir ki, tələbəni müsahibəyə dəvət edir, onlardan imatahan götürürlər. Düşünürəm ki, Azərbaycan ali təhsil məkanında təhsil və qəbul sistemini dəyişmək lazımdır. Bu sahəyə daha kompleks yanaşma lazımdır ki, qeyd etdiklərimizi reallaşdırmaq olsun. Biz tələbələrdən tez-tez eşidirik ki, bu universiteti yaxud ixtisası istəmirik. Sadəcə olaraq yazdıqlarını və kənarda qalmamaq üçün təhsil alıram sözlərini duyuruq. Bu yanaşma düzgün deyil. Əgər abituriyent attestat və DİM-dəki blok imtahanının nəticəsini götürdükdən sonra, universitetə özü fərdi şəkildə müraciət etsə və müəssisə onu özü araşdırsa, həqiqətən bu ixtisasda oxumaq istədiyini araşdırsa, bu gələcəkdə abituriyentlərin yaxşı mütəxəssis kimi yetişməsinə gətirib çıxaracaq".

 

Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, təhsil müəssisələrinə qəbul sisteminin tamamilə dəyişdirmək, test sistemini ləğv etmək olmaz: “Sistemi gücləndirmək, təkmilləşdirmək, inkişaf etdirmək, yeniliklər etmək olar. Sistemin ləğvi yenidən 90-cı illərin əvvəllərinə qayıtmaq deməkdir və neqativ hallar baş verə bilər: “Bu gün hazırlıqlı və savadlı abituriyentlər imtahan zamanı bilik səviyyələrini nümayiş etdirir və istənilən nəticəni əldə edə bilirlər. Biliklərini nümayiş etdirmələri üçün imtahanda abituriyentlərə DİM tərəfindən bütün şərait yaradılır. Test üsulu ilə obyektivlik gözlənilir, cavablara heç kəs müdaxilə etmir. Bu da çox müsbət haldır. İmtahan sistemində şəffaflığın təmin olunması olduqca əhəmiyyətli bir məsələdir”.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə vurğulayıb ki, Azərbaycanda kütləvi test imtahanları şəffaf, əsl biliyi qiymətləndirən bir üsuldur. Kütləvi imtahanlar üçün başqa vasitə hazırda mövcud deyil. İmtahan sistemində şəffaflığın təmin olunması olduqca əhəmiyyətli bir məsələdir. DİM bu sahədə ictimai inamı təmin etmək üçün uzun illər sistemli işlər aparıb: “Bu gün sıfır balla da attestat alan var. Bu balla universitetə qəbul olmaq mümkün deyil”.

 

Nərmin Qarazadə

TƏCİLİ: Qabil Məmmədovla bağlı qərar verildi
Son xəbərlərDaha çox