Xəbər verdiyimiz kimi, mayın 10-u Ağdamda Muğam Mərkəzinin açılışı keçirilib. Açılış mərasimində ölkə rəhbərliyinin iştirak etdiyi tədbir xüsusi bir əhəmiyyət kəsb edib. Mərkəzin açılışında balaca xanəndələrin ifasında təqdim olunan möhtəşəm muğam parçaları Prezident İlham Əliyev tərəfindən böyük diqqətlə dinlənilib və yüksək qiymətləndirilib.
AzEdu.az bu münasibətlə şagirdlərin direktoru ilə əlaqə saxlayıb.
Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin direktoru Hüseynova Aygün Malik qızı təəssüratlarını bizimlə bölüşüb.
Müsahibəni təqdim edirik.
- Cənab Prezidentin açılışda ifa edən balaca musiqiçilərə göstərdiyi sevgi sizin üçün hansı duyğuları oyatdı?
- Həmin möhtəşəm konsert proqramı bizlər üçün böyük bir təəssürat yaratdı. Şagirdlərimiz də yekunda öz ifalarını təqdim etdilər. Həqiqətən də, həm şagirdlərin ifası, həm də doğma torpağımız olan Ağdamda bu ifaların səsləndirilməsi qürurverici və sevindirici bir hadisədir. Bu gözəl hissləri sözlə ifadə etmək çətindir.
- Muğam Musiqi Mərkəzinin Ağdama qazandırdığı bu incəsənət məkanı region üçün nə qədər əhəmiyyətli hesab edirsiniz?
- Ağdamın işğal olunmadığı vaxtlarda burada mədəniyyət evi olmuşdu. Demək olar ki, bütün məktəblərin. Rayonların mədəni tədbirləri orada təşkil olunardı. Yenidən möhtəşəm binanın tikilib təhvil verilməsi Muğam Mərkəzinin açılışı bu sahədə fəaliyyət göstərən müəllim, direktor kimi məni çox sevindirir. Artıq yenidən mədəniyyət tədbirləri keçiriləcək.
Bu mərkəz yalnız musiqi üçün deyil, Ağdamın mədəni dirçəlişi üçün də bir simvoldur. Muğam bizim milli kimliyimizin qurulmuş sütunlarındandır və bu məkan onun yaşadılması üçün möhtəşəm bir platformadır.
- Mərkəzin açılışına hazırlıq prosesi necə keçdi?
- Mədəniyyət Nazirliyi bizdən şagirdlərin video formatında ifalarının çəkilərək göndərilməsini xahiş etmişdi. Şagirdlərimiz dərs proqramı çərçivəsində "Qarabağ şikəstəsi"ni ifa etməyi öyrənirdilər. Daha sonra biz bir neçə muğam ifasının da daxil olduğu video çəkilişləri göndərdik. Elə həmin materiallar əsasında seçim aparıldı və "Qarabağ şikəstəsi" ifasını daha yüksək səviyyədə hazırlayan şagirdlərin konsertdə iştirak etməsinə qərar verildi.
- Muğamda iştirak edən şagirdlər barədə məlumat verə bilərsiniz?
- Şagirdlərin hər biri xanəndəlik sinfində təhsil alırlar. Onlardan Əhəd Ağayev II sinif (9 yaş), Pürrə Hüseynova II sinif (12 yaş) və Rüfət Axundov IV sinif (13 yaş) Ağdam Muğam Mərkəzində çıxış ediblər.
- Muğamın ənənələrini qorunub gələcək nəsillərə ötürülməsi üçün bu mərkəzin necə bir rol oynayacağını düşünürsünüz?
- Düşünürəm ki, Muğam Mərkəzində mədəni tədbirlər keçiriləcək. Orada istedadlı uşaqlarla yanaşı sənətkarlarımızı da görərik. Mən orda sinif otaqları gördüm. Yəqin ki, sinif otaqlarında muğamın tədrisi olacaq.
- Musiqi məktəbi və Muğam Mərkəzi arasında necə bir inkişaf görürsünüz?
- Biz məktəbdə konsert təşkil etdiyimiz zaman valideynləri də dəvət edirik. Konsertimizin çox iri həcmdə keçirilməsində Muğam Mərkəzinin rolu böyük olacaq.
- Aygün müəllim, neçə ildir ki, fəaliyyət göstərirsiniz?
- 2005-ci ildən bu sahədə işimi davam etdirirəm. Artıq 20 ildir ki, direktor olaraq təcrübəm var. Həmin məktəbdə xor müəllimi kimi də çalışıram.
- Səhnədə çıxış edən uşaqlar həmin günlə bağlı sizə hansı təəssüratları bölüşdülər?
- Uşaqlar həddindən artıq sevindiklərini dilə gətirdilər. Bu onlar üçün olduqca maraqlı idi. Şagirdlər Prezidenti canlı olaraq ilk dəfə gördükləri üçün sevincləri yerə-göyə sığmırdı.
Onlar sevindilər, mən də onlara baxıb qürur hissi keçirirdim.
- Şagirdlərinizin gələcəyini necə təsəvvür edirsiniz?
- Həmin şagirdlər məktəbin istedadlı uşaqlarıdır. Hər zaman şagirdlərimizə qayğı və diqqət göstərilir. Əlimizdən gələni edəcəyik ki, onların istedadı üzə çıxsın. Bu cür tədbirlərin istedadlı şagirdlərin kütləyə tanıdılmasında daha böyük rolu var.
- Sizcə, muğamı gənc nəslə sevdirmək üçün hansı metodlardan istifadə etmək lazımdır?
- Belə tədbirlər valideynlər tərəfindən görüldükcə, onlar da övladlarının bu sahəyə yönəlməsini arzulayırlar. Bir növ ruhlanır, motivasiya olurlar. Məhz bu kimi tədbirlər istedadlı və həvəsli uşaqların muğam sənətinə cəlb olunmasına əhəmiyyətli dərəcədə töhfə verir.