Azedu.az

Magistraturaya keçid ballarında artım GÖZLƏNİLİR

12 May 2025, 14:18
Magistraturaya keçid ballarında artım GÖZLƏNİLİR

Dünən magistratura səviyyəsi üzrə qəbul imtahanı keçirildi. Hər il olduğu kimi bu il də bakalavrlar öz ixtisaslarına və maraqlarına uyğun magistr proqramlarına qəbul olunmaq uğrunda imtahanda iştirak ediblər.

 

Maraqlıdır, bu il keçid balları artacaqmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun sözlərinə görə, bu il keçid ballarının artma ehtimalı yüksəkdir:

 

“Əsas səbəblərdən biri budur ki, 2025-ci ildə magistraturaya qəbul olmaq istəyənlərin sayı əvvəlki illərə nisbətən artmışdır. Dövlət İmtahan Mərkəzinin ilkin məlumatına əsasən, 2024-cü ildə 23 minə yaxın bakalavr sənəd vermişdisə, bu il bu göstərici 26 minə yaxınlaşıb. Bu artım, əsasən, işsizlik, əmək bazarında rəqabət və bakalavr diplomunun kifayət etməməsi ilə bağlıdır.

 

Bir çox gənc magistratura diplomunu ya dövlət qulluğuna daxil olmaq, ya da ixtisas üzrə dərinləşmək üçün zəruri alət hesab edir. Bu isə plan yerləri dəyişməz qaldığı halda rəqabəti kəskin artırır. İxtisaslar üzrə maraqda da dəyişikliklər var. Son illərdə ən çox müraciət edilən sahələrə hüquq, psixologiya, beynəlxalq münasibətlər, təhsilin idarə edilməsi, maliyyə və menecment daxildir. Xüsusilə “Təhsilin təşkili və idarə olunması” ixtisasına keçid balının artması gözləniləndir. Bunun səbəbi pedaqoqlar arasında bu sahəyə marağın kəskin yüksəlməsi və bu istiqamətdə kadr ehtiyacının açıq qalmasıdır.

 

Eyni zamanda, psixologiya və sosial iş ixtisaslarına maraq da artıb, çünki bu sahələr həm dövlət müəssisələrində, həm də qeyri-hökumət təşkilatlarında geniş yayılmışdır. Hüquq və beynəlxalq münasibətlər isə həm yerli, həm də xarici universitetlərdə populyarlığını qoruyur.

 

DİM-in tətbiq etdiyi vahid imtahan modeli bu maraqları və ixtisas fərqlərini nəzərə almır. Əgər ixtisaslaşma prinsipi əsasdırsa, o zaman imtahan da ixtisaslara uyğun qurulmalı, sadəcə 3 fənnin ümumi testindən ibarət olmamalıdır".

 

K.Əsədov qeyd edib ki, magistratura imtahanı ixtisaslaşmaya əsaslanmalıdır:

 

“Dünyanın inkişaf etmiş ölkələrində- məsələn, Almaniya, Hollandiya, Böyük Britaniya və Skandinaviya ölkələrində – magistraturaya qəbul prosesləri çox zaman bakalavr nəticələri, akademik portfel (məzmunlu CV, elmi yazılar, motivasiya məktubu) və ixtisas üzrə müsahibə ilə aparılır. ABŞ-də isə GRE və GMAT kimi testlər olsa da, onlar daha çevik və fakültə əsaslı şəkildə tətbiq olunur.

 

Azərbaycanda isə humanitar təmayüllü tələbələrin informatika kodlaşdırma suallarında “ilişməsi”, məntiqdə formalaşmamış şərtlərlə mübarizə aparması onların gələcək ixtisaslaşmasının qarşısını alır.

 

Bütün bu faktlar fonunda imtahan strukturunun dəyişməsi artıq təxirəsalınmaz zərurətə çevrilmişdir. Magistratura imtahanı ixtisaslaşmaya əsaslanmalıdır. Texniki fənlər, əgər ümumi qəbul üçün saxlanacaqsa, ən azı ixtisaslara uyğun variantlılaşdırılmalı, alternativ test modulları təklif edilməlidir. Məsələn, humanitar sahələr üçün məntiq əvəzinə analitik oxu və arqumentasiya bacarıqları yoxlanmalı, texniki sahələr üçün isə proqramlaşdırma və model qurma bacarıqları önə çıxarılmalıdır.

 

Əgər bu islahatlar həyata keçirilməsə, hər il minlərlə humanitar ixtisaslı bakalavr qeyri-adekvat test sistemində “sınaq obyekti” olacaq, onların peşəkar inkişaf arzusu səhv strukturun qurbanına çevriləcək. Bu da magistratura səviyyəsinin elmi və praktiki dəyərini aşağı salacaq, universitetləri formal təhsil müəssisəsinə çevirəcək”.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox