Beynəlxalq Planetariumlar Günü hər il mayən 7-də dünyanın bir çox ölkəsində qeyd olunur.
AzEdu.az xəbər verir ki, bu bayram Avropa mənşəlidir; ilk dəfə 1991-ci ildə İtaliya Planetariumlar Assosiasiyasının təşəbbüsü ilə keçirilib.
Əvvəlcə Beynəlxalq Planetariumlar Günü yaz gecəsi bərabərliyinə ən yaxın bazar günü keçirilirdi, lakin sonradan martın ikinci bazar gününə dəyişdirildi. Amma 2023-2025-ci illərdə onun qeyd olunma tarixini əlamətdar bir günə bağlamaq üçün onun mayın 7-nə keçirilməsi qərara alındı: bu, 1925-ci il mayın 7-də Münhendəki Alman Muzeyində ilk planetariumun müntəzəm işə başlaması ilə əlaqədardır. Bu il onun yaradılmasının 100 illiyi qeyd olunur.
Planetariumlar Günü 1994-cü ildə Fransanın “astronomiya məbədləri” tərəfindən dəstəklənərək beynəlxalq status aldı. Cəmi bir il sonra bu bayram daha altı ölkədə - Belçika, Polşa, Rusiya, Slovakiya, Ukrayna və Çexiyada qeyd olunmağa başladı. Bu əlamətdar günün keçirilməsi hazırda Beynəlxalq Planetariumlar Cəmiyyəti tərəfindən dəstəklənir.
Bayramın əsas məqsədi ictimaiyyəti planetariumların fəaliyyəti ilə tanış etmək və astronomik biliklərin təbliğidir. Təbii ki, məkanlar qismində şəhər planetariumları seçilir.
Planetarium müxtəlif göy cisimləri və astronomik hadisələrlə səma sferasını nümayiş etdirən, astronomiya, kosmonavtika və Yer elmləri üzrə mühazirələr oxuyan elm və təhsil müəssisəsidir. Süni ulduzlu səmanı yarımkürə şəklində ekranda göstərmək üçün xüsusi aparatdan istifadə olunur ki, bu da “planetarium” adlanır.
Ənənəvi olaraq, planetarium dairəvi zalı və “yarımkürə günbəzi” olan bina kimi qəbul edilir. Lakin əvvəlcə xüsusi tikilmiş binalar yox idi, ona görə də başqa məqsədlər üçün nəzərdə tutulmuş binalardan da istifadə olunurdu. Məsələn, su qülləsi, hamamlar, sonralar günbəzli kilsələr. 1990-cı illərə yaxın planetariumların memarlıq forması kökündən dəyişdi; memarlar nəhəng borular, toplar və digər qəribə həndəsi strukturlar şəklində binalar yaradaraq orijinal həllər tətbiq etdilər.
Hazırda dünyada iki mindən çox planetarium var. Azərbaycanda bir planetarium – “Tusi Bohm Planetariumu” fəaliyyət göstərir.
Planetariumlar tədris və tədqiqat məqsədləri üçün, eləcə də hərbi aviasiya mütəxəssisləri və astronavtların hazırlanması məqsədilə istifadə olunur və bioloqlar miqrasiya zamanı quşların ulduzlar vasitəsilə hərəkət qabiliyyətini öyrənirlər. Hər il milyonlarla insan bu məkanları ziyarət edir.