“Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub.
AzEdu.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən “Sumqayıt” – “Neftçi” futbol klublarının qarşılaşmasından öncə təşkil olunan tədbir çərçivəsində daun sindromlu uşaqlar arasında dostluq matçı keçirilib.
Hər iki komandanın futbolçuları oyundan öncə meydana üzərində “Fərqli deyil, xüsusiyik!” yazısı ilə çıxıblar. Həmçinin yoldaşlıq oyununda və qarşılaşmanın startı ərəfəsində futbolçuları müşayiət edən uşaqlar da meydana üzərində sözügedən şüarı əks etdirən formalar ilə daxil olublar. Sonra uşaqlara hədiyyələr təqdim edilib.
Uşaqlar valideynləri ilə birgə “Sumqayıt” və “Neftçi” futbol klublarının qarşılaşmasını izləyiblər.
Layihə daun sindromlu uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, eyni zamanda onların psixoloji rifahının yüksəldilməsinə, özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədi daşıyır.