Azedu.az

Yay məktəbi, yoxsa tam istirahət? - Ekspertdən valideynlərə vacib TÖVSİYƏLƏR

Xəbərlər

Məktəblər

29 Aprel 2025, 14:19
Yay məktəbi, yoxsa tam istirahət? - Ekspertdən valideynlərə vacib TÖVSİYƏLƏR

Artıq dərs ilinin sonuna yaxınlaşırıq. Şagirdlər yay aylarını tamamilə istirahət edəcəklərini düşünür, valideynlər isə övladlarını yay məktəbinə yazdırmaq niyyətindədirlər.

 

Maraqlıdır, bu yanaşma nə dərəcədə doğrudur? Şagird üçün yay məktəbinə qatılmaq daha faydalıdır, yoxsa yay boyu doyunca istirahət etmək?

 

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli danışıb.

159015

Onun fikrincə, yay məktəblərində şagirdlər həm öyrənir, həm də sosial bacarıqlarını inkişaf etdirirlər:

 

“Əvvəla, qeyd etmək lazımdır ki, insan beyninin və psixoloji vəziyyətinin sağlam inkişafı üçün fasilələr, yəni istirahət dövrləri mütləqdir. Xüsusilə də şagirdlər üçün, çünki onlar bir dərs ili boyunca həm fiziki, həm də intellektual baxımdan böyük enerji sərf edirlər. Daimi öyrənmə rejimi, ara-sıra dincəlmədən davam edərsə, bu, uşaqlarda zehni yorğunluğa, hətta öyrənməyə qarşı motivasiya itkilərinə səbəb ola bilər. Bu səbəbdən yay aylarında şagirdlərin istirahət etməsi, sosial fəaliyyətlərlə məşğul olması, yeni bacarıqlar əldə etməsi və təbiətlə, ailə ilə daha çox zaman keçirməsi çox vacibdir. Bu, onların həm fiziki, həm də emosional baxımdan bərpa olunmalarına imkan yaradır”.

 

Ekspert qeyd edib ki, bəzi şagirdlərdə akademik boşluqlar, bilik səviyyəsində geriləmələr, dərs ilinin gərginliyi səbəbindən bəzi mövzuların tam mənimsənilməməsi halları olur:

 

“Bu zaman yay məktəbləri çox önəmli rol oynaya bilər. Yaxşı təşkil olunmuş yay məktəbləri yalnız dərslərin klassik şəkildə təkrarı ilə kifayətlənmir, eyni zamanda interaktiv metodlardan istifadə edərək öyrənməni daha maraqlı və effektiv hala gətirir. Yay məktəblərində şagirdlər həm öyrənir, həm də sosial bacarıqlarını inkişaf etdirirlər. Bu cür məktəblər şagirdlərə yeni biliklər qazanmaqla yanaşı, öyrənməyə maraq hissini qorumağa və özünəinamı artırmağa kömək edir.


Burada əsas məsələ balansı qorumaqdır. Şagirdin bütün yay aylarını ya yalnız dərs oxumaqla, ya da yalnız istirahətlə keçirməsi düzgün yanaşma sayılmaz. Ən doğru model, şagirdin bir müddət tam istirahət etməsi, fərqli fəaliyyətlərlə məşğul olması, sonra isə fərdi ehtiyaclarına uyğun olaraq, müəyyən bir mərhələdə, məsələn, yay məktəbində iştirak etməsidir. Əgər şagirddə hansısa fənn üzrə ciddi boşluq varsa və ya növbəti təhsil mərhələsinə hazırlaşırsa (məsələn, imtahanlar öncəsi mərhələdirsə), yay məktəbi çox faydalı olacaqdır. Lakin bu proses şagirdin zehni və emosional ehtiyaclarını nəzərə alaraq həyata keçirilməlidir. Məcburi şəkildə və ya həddən artıq intensiv proqramlarla şagirdi yay boyu yoraraq nəticə əldə etməyə çalışmaq əks təsir verə bilər”.

 

Valideynlərə tövsiyəm odur ki, ilk növbədə övladlarının ehtiyaclarını düzgün qiymətləndirsinlər:

 

“Şagirdin motivasiyasını, psixoloji durumunu və fiziki yorğunluğunu nəzərə alsınlar. Əgər övlad dərs ili ərzində kifayət qədər yaxşı nəticə göstərib, amma çox yorulubsa, ona tam istirahət hüququ verilməlidir. Əgər şagirdin özündə inkişaf etməyə böyük istək varsa və müəyyən sahələrdə çatışmazlıqlar görünürsə, bu zaman onu incitmədən, maraq doğuran, müasir və interaktiv metodlarla keçirilən yay məktəbinə yazdırmaq doğru qərar olar”.

 

“Unutmamalıyıq ki, hər bir uşağın fərdi inkişaf ritmi var”,- deyə müsahibimiz qeyd edib:


“Kimisi daha çox zamana, kimisi isə daha çox stimula ehtiyac duyur. Əsas məqsəd şagirdin həm elmi biliklərini, həm də həyat bacarıqlarını inkişaf etdirməkdir. Bu isə yalnız balanslı yanaşma ilə mümkündür. Beləliklə, yay həm bədən, həm də beyin üçün bir yenilənmə, eyni zamanda motivasiya toplama mərhələsi kimi dəyərləndirilməlidir.

Qısaca desək, istirahət və öyrənmə arasında doğru tarazlığı qoruyaraq, hər bir şagirdə onun ehtiyacına uyğun bir yay proqramı tərtib etmək ən sağlam yanaşmadır”.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox