Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bu gün Mətbuat Şurasının İdarə Heyəti ilə görüşüb.
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, görüş Mətbuat Şurasında keçirilib.
Səfir çıxışı zamanı Türk dövlətlərinin bir-birinə güvənməli olduğunu bildirib:
"Ölkələrin bir-birilərinə çətin güvəndiyi ağır dövrlərdən keçirik. Ona görə də Türk dövlətləri olaraq bir-birimizə güvənməliyik. 21-ci əsr bizim - türklərin olacaq. Buna heç bir bəhanə və şübhə ola bilməz".
Birol Akgün onu da deyib ki, səfir kimi fəaliyyətə başlayandan coğrafiya və tarix dərsliklərini oxuyur.
Xatırladaq ki, Birol Akgün 2024-cü il dekabrın 3-də Azərbaycana səfir təyin olunub.
O, 25 mart 1968-ci ildə Türkiyənin Soma şəhərində (Manisa vilayəti) anadan olub. İbtidai, orta və lisey təhsilini yaşadığı rayonda başa vurduqdan sonra, 1993-cü ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dövlət idarəçiliyi ixtisasını bitirib. 1994-cü ildə Milli Təhsil Nazirliyinin tapşırığı ilə rəsmi təqaüdlə magistr təhsili almaq üçün ABŞ-a gedib. Orada Case Vestern Reserve Universitetində (Klivlend, Ohayo) siyasi elmlər üzrə magistr (1996) və PhD (2000) dərəcəsini alıb. Vətənə qayıdandan sonra Akgün Selcuk Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq Əlaqələr Departamentində işləməyə başlayıb və 2004-ci ildə dosent olub. 2009-cu ildə professor elmi dərəcəsi alıb.