AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
29 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
29 aprel Beynəlxalq Rəqs Günüdür:
1982-ci il 29 apreldə UNESCO-nun Beynəlxalq Rəqs Şurasının (International Dance Council, CID) təşəbbüsü ilə bütün rəqs növ və üslublarını əhatə etməklə qeyd olunmağa başlayıb.
29 aprel Beynəlxalq Baytar Həkimi Günüdür:
Dünya Baytarlıq Günü də adlandırılan bu gün Azərbaycanda fəaliyyət göstərən baytar həkimlər tərəfindən qeyd olunur.
Beynəlxalq Baytar Həkimi Günü hər il dünyanın bir çox ölkəsində aprel ayının son şənbə günü qeyd edilir. Bu gün 2000-ci ildə Ümumdünya Baytarlıq Assosiasiyası tərəfindən təsis olunub.
Beynəlxalq Baytar Həkimi Günü dünyada baytarlıq işlərinin müxtəlif aspektlərini önə çəkmək, həmçinin heyvanların sağlamlığına və rifahının yaxşılaşdırılmasına töhfələr vermək məqsədilə keçirilir.
29 aprel 1918-ci ildə erməni-daşnak quldur dəstələri Gümrü şəhəri yaxınlığında azərbaycanlı türklərə qarşı kütləvi qətliam törədiblər:
Əksəriyyəti qadın və uşaqlar olmaqla 3 min nəfər qətlə yetirilib. İki gün sonra (mayın 1-də) erməni dəstələri Qars yaxınlığındakı Şiştəpə və Düzkənd kəndlərində daha 600 azərbaycanlını öldürüblər.
29 aprel 1993-cü ildə İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana hərbi təcavüzünü və Azərbaycan torpaqlarının işğalını pisləyən qətnamə qəbul edib.