Sertifikasiya imtahanı müəllimlərin peşəkar inkişafını dəstəkləyən və tədrisin keyfiyyətini artıran mühüm bir addımdır. Belə ki, bu sahədə yüksək nəticələr göstərən müəllimlər həm tədris fəaliyyətlərindəki səriştələriylə, həm də şagirdlərə verdikləri bilik və bacarıqlarıyla digər həmkarlarına nümunə olurlar.
AzEdu.az sertifikasiya imtahanından maksimum nəticə əldə edən Fəridə Məhərrəmova ilə əlaqə saxlayıb.
Belə ki,o, riyaziyyat fənni üzrə sertifikasiyanın test mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayıb.
Uğuru ilə həmkarlarına örnək olan müəllimlə müsahibəni təqdim edirik.
- Sertifikasiyadan maksimum nəticə əlde etməyiniz münasibətiylə sizi təbrik edir, uğurlar arzulayırıq. Siz daha yaxından tanımaq istərdik.
- Təşəkkür edirəm. Mən, Məhərrəmova Fəridə İlqar qızı 1997-ci il sentyabrın 27-də Ucarda anadan olmuşam. Orta təhsilimi Nizami Gəncəvi adına 3 nömrəli tam orta məktəbdə almışam. 2014-cü ildə həmin məktəbi bitirib, Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul oldum. Daha sonra 2019-cu ildə həmin ali məktəbin Riyaziyyat-informatika fakültəsinin Riyaziyyat müəllimi ixtisasını bitirmişəm.
- Neçə ildir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz?
- 2020-ci ildə Ucar rayonu Məmmədhüseyn Teymurov adına Boyat kənd tam orta məktəbinə riyaziyyat müəllimi kimi işə qəbul olunmuşam. Hazırda 5 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Sertifikasiya imtahanında iştirak etdiyim vaxt isə 4 illik təcrübəm var idi. İmtahan mənim üçün olduqca rahat və şəffaf keçdi.
- Niyə məhz riyaziyyat müəllimi? Bu sahəni seçməyinizdə xüsusi bir səbəb varmı?
- Düşünürəm ki, bu seçimimdə ibtidai sinif müəllimimin böyük rolu olub. O, bizə riyaziyyat fənnini çox sevdirib. Daha sonra yuxarı sinifdəki riyaziyyat müəllimim də bu sevgini daha da artırıb. Onların fənni sevdirərək tədris etmələri məndə də bu sahəyə qarşı xüsusi maraq yaratdı.
- 100 bal toplayacağınıza inanırdınızmı?
- Bəli, maksimum bal toplayacağımdan əmin idim. İmtahana gələn zaman insanda istər-istəməz həyəcan olur. Artıq burada nə yaşın, nə də müəllim və ya şagird olmağımızın fərqi yoxdur. Düşünürdüm ki, bəlkə həyəcan nəyisə unutmama səbəb ola bilər.
İxtisasımdan tam əmin idim, lakin kurikulum fənnindən bir qədər tərəddüd edirdim. Düşünürdüm ki, bəlkə bu hissə 60 bal toplamağıma mane ola bilər. Öz-özümə dedim: “Sən bunu bacaracaqsan. Sən yalandan yatıb durub imtahana gəlməmisən". Həqiqətən də bu imtahan üçün çox əziyyət çəkmişəm.
Gənc olduğum üçün imtahanqabağı bir az həyəcanlı idim. Lakin kəsiləcəyimi heç vaxt düşünməmişdim. Test mərhələsində hədəfim 60 bal idi və şükürlər olsun ki, bu hədəfə çatdım.
Həmçinin müsahibə mərhələsi də çox yaxşı keçdi. Müsahibə götürənlər çox mülayim insanlar idi. İnsana stimul verirdilər, dəstək göstərirdilər. Onların bu davranışı sayəsində heç bir həyəcan keçirmədim. Suallara cavab verə bilməyəcəyimdən yox, daha çox onların simasından çəkinirdim, düşünürdüm ki, bəlkə bu, məni həyəcanlandıra bilər.
Lakin heç də belə olmadı. Yaxşı insanlar idilər. Test mərhələsi kimi müsahibə mərhələsi də uğurlu keçdi. Buradan da maksimum bal toplayacağımı düşünürdüm.
Düşünürdüm ki, sualları cavablandırmağı bacaracağam. Axı artıq 4 illik iş təcrübəm var idi. Ona görə də inanırdım ki, sualların cavabsız qalması ehtimalı çox azdır.
- Sertifikasiya imtahanına özünüz hazırlaşmısınız, yoxsa məşğələlərə gedirdiniz?
- Kurs vasitəsilə imtahana hazırlaşdım. Əslində, kursu ona görə seçdim ki, bəzi şayələr yayılmışdı. Guya türk nəşriyyatından suallar düşəcək. Belə qeyri-dəqiq informasiyalar yayıldığı üçün qərara gəldim ki, hazırlaşmaq üçün kursa gedim. Məktəbi hər zaman yaxşı qiymətlərlə başa vurmuşdum və istəyirdim ki, bu imtahanda da nəticəmlə seçilim.
- Fəridə müəllim, maksimum nəticə əldə etdiyinizi bilən zaman sevincinizi ilk kimlə bölüşdünüz?
- Əslində, o anda şagirdlərimlə bir yerdə idim. Ona görə də sevincimin ilk şahidləri elə onlar oldular. Daha sonra bu xəbəri ailə üzvlərimlə, kursda hazırlaşdığım müəllimlə və məktəbdəki müəllim yoldaşlarımla paylaşdım.
Şagirdlərim daim maraqlanırdılar: “Müəllim, cavabınız çıxmadı?” Test mərhələsindən 60 bal topladığımı bildikləri üçün tez-tez deyirdilər: “Müəllim, burdan da 40 bal toplamısınız". Yəni onlar da maksimum nəticə əldə edəcəyimə inanırdılar. Hətta adların açıldığı səhifədə adımı tapıb oxuya bilmədiyim üçün, məhz şagirdlərim həmin an nəticəmi görüb, maksimum bal topladığımı xəbər verdilər.
- Nə gözəl. Şagirdləriniz sizinlə bir daha qürur duyub. Məlumdur ki, sertifikasiya imtahanında 100 bal toplamaq hər müəllimə nəsib olmur. Sizcə, uğurunuzun sirri nədədir?
- İlk növbədə düşünürəm ki, insan özünə güvənməlidir. Biz müəllimik və bunu bacaracağımıza inanmalıyıq. Mən hər zaman bu düşüncə ilə hərəkət etmişəm və bu yolda ailəm mənə böyük dəstək olub. Daha sonra öz-özümə dedim: “Mən müəlliməm, niyə aşağı nəticə toplayım?”.
Axı mən gənc müəlliməm, daim öz üzərimdə çalışmışam. Öz biliyimlə ali məktəbə daxil olmuş, daha sonra işə qəbul imtahanından keçmişəm. Çox şükür ki, hədəfimə çatdım, istəyimə nail oldum. İmtahanda uğur qazanmaq üçün mütləq şəkildə çox çalışmaq lazımdır. “Məktəbdə dərs keçirəm və gedib yaza biləcəyəm” düşüncəsi yanlışdır. İnsan daima öz üzərində işləməli, biliyini təkmilləşdirməlidir.
- Fəridə müəllim, sizcə bu imtahan hər hansısa bir məqsədin tamamlanmasıdır, yoxsa yeni bir yolun başlanğıcı?
- Məncə bu, yeni bir yolun başlanğıcıdır. Çünki hal-hazırda kənd məktəbində fəaliyyət göstərirəm və yerdəyişmə ilə rayonda çalışmağı düşünürəm. Düzdür, bunu MİQ nəticəsi ilə də edə bilərdim. Amma sertifikasiya imtahanının nəticəsilə yerdəyişmə etmək mənim üçün daha əlverişli olar. Ümumiyyətlə, yüksək bal toplamaq insanı ruhlandırır və bu, həqiqətən də qürurvericidir.
- Neçənci siniflərə dərs deyirsiniz?
- 5, 8, 9, 10 və 11-ci siniflərə dərs keçirəm.
- Deməli həm də abituriyentlərə də dərs keçirsiniz. Bilmək istərdim ki, bu il keçirilən buraxılış imtahanında yüksək nəticə göstərən şagirdiniz olubmu?
- Bəli, 253 bal toplayan şagirdim var. O, hətta qırmızı attestat almağa da namizəddir.
- Məlumdur ki, riyaziyyat fənnini bir çox şagird qavramaqda çətinlik çəkir. Hətta bəzən bu fəndən qorxurlar. Siz belə hallarla qarşılaşmısınızmı? Həmin qorxunu sevgiyə və marağa necə çevirə bilmisiniz?
- Bu qorxu əsasən 4-cü sinifdən 5-ci sinfə keçid zamanı müşahidə olunur. Dünənə kimi bir müəllim bütün fənləri tədris etdiyi halda, yuxarı siniflərə keçdikdə hər fənn üçün ayrı müəllim olur və bu, şagirdlərdə istər-istəməz bir kompleks yaradır. Mən ilk növbədə onlarla səmimi və mehriban münasibət qurmağa çalışıram. Uşaqlara yaxın olmaq və onlarla ünsiyyət yaratmaq çox vacibdir. Məsələn, şagirdlərimə “Kim riyaziyyatı sevir? Kim niyə sevmir?”, kimi suallar verirəm. Əsas məqsədim onların fənnə olan münasibətini öyrənməkdir. Mənə görə, əgər şagird müəllimi sevərsə, zamanla onun tədris etdiyi fənni də sevəcək.
- Sizcə müasir müəllim necə olmalıdır ki, həm texnologiyaya ayaq uydursun, həm də uşaqların ruhuna toxunmağı bacarsın?
- Müəllim şagirdin ruhuna toxuna bilmək üçün ilk növbədə onun yerinə özünü qoymağı bacarmalıdır. Axı biz də bu partalardan keçmişik, biz də eyni həyəcan və qorxunu yaşamışıq. Mən şəxsən şagirdlərimə şəxsiyyət kimi yanaşıram. Onları heç vaxt başqalarının qarşısında danlamıram. Əgər nəyisə səhv ediblərsə, bunu onlara təklikdə, anlayışla izah edirəm.
Şagirdimin hər uğurunu valideynləri ilə bölüşməyə çalışıram. Çünki valideyn özü böyük bir qüvvədir. Onlar övladlarına müəllimə qarşı hörmətli olmağı öyrədə, müəllim-şagird münasibətlərinə müsbət təsir göstərə bilərlər.
- Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə nə tövsiyə edərdiniz?
- Ən əsas tövsiyəm budur ki, məktəb dərsliklərini diqqətlə öyrənsinlər. Çünki imtahanda əlavə və ya kənar mövzular verilmir. Məktəb kitablarını yaxşı bilən və bu bilikləri dərsdə düzgün tətbiq edən müəllim rahatlıqla yüksək nəticə əldə edə bilər.