Azedu.az

BMU-da IFEC 2025 beynəlxalq konfransının açılışı olub

Xəbərlər

Universitetlər

28 Aprel 2025, 14:42
BMU-da IFEC 2025 beynəlxalq konfransının açılışı olub

Bakı Mühəndislik Universitetində (BMU) II Beynəlxalq “Gələcəyin mühəndisliyi“ (IFEC 2025) konfransının açılışı keçirilib.

AzEdu.az xəbər verir ki, BMU,Türkiyənin Şırnak Universiteti, həmçinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə hibrid formatda təşkil olunan konfransda şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Hər iki ölkənin bir sıra universitetlərinin qatıldığı tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov iştirakçıları salamlayaraq konfransın sürətlə inkişaf edən mühəndislik, texnologiya sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, eləcə də innovativ yanaşmaların, müasir texnoloji nailiyyətlərin müzakirəsini təmin etmək məqsədi daşıdığını bildirib. Eyni zamanda konfransın mühüm elmi müzakirələrə, yeni əməkdaşlıqlara və innovativ təşəbbüslərə zəmin yaradacağını, gələcəyin mühəndisliyinə dair yeni baxışların formalaşmasına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Sonra konfransa onlayn qoşulan Şırnak Universitetinin rektoru Abdurrahim Alkış müasir dünyada rəqəmsallaşma, süni intellekt məfhumlarının mühəndislik anlayışlarını yenidən formalaşdırdığını, universitetlərin yeni  texnologiyaları öyrənmək və tətbiq etmək prosesində aktiv rol aldıqlarını söyləyib. O, biotibbi,  biotexnoloji, kosmos, süni intellekt, ətraf mühit mühəndisliklərində böyük işlərin gerçəkləşdiriləcəyinə inandığını vurğulayaraq, dünyanın öndə gələn universitetlərinin indidən özlərini buna hazırladığını, Azərbaycan və Türkiyə ali məktəblərinin də qarşısında yerinə yetirilməsi vacib işlərin dayandığını deyib.  

İKSAD İnstitutunun rəhbəri Mustafa Latif Emek  isə qurumun 43 ölkədə 300-dən artıq universitetlə akademik layihələr hazırladığını, elmi tədbirlər təşkil etdiyini diqqətə çatdırıb. Habelə Türkiyə və Azərbaycan arasında elm, təhsil sahələrində əməkdaşlığın genişlənməsinin qürurverici olduğu söylənilib, o cümlədən beynəlxalq plafformada elmi mübadilənin,ortaq çalışmaların böyük elmi nailiyyətlərə töhfə verəcəyinə əminlik ifadə olunub.

Konfransa Azərbaycan və Türkiyə, eləcə də Qazaxıstan, İndoneziya, İsrail, Mərakeş, Böyük Britaniya, Pakistan, Nigeriya, Əlcəzair, Rusiya, Rumıniya, Kosova, Macarıstan, Çexiya, Tunis, Səudiyyə Ərəbistanı, Hindistan, Fransa ali məktəblərindən elmi məqalələr və tədqiqat işlərinin daxil olduğunu diqqətə çatdıran BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov belə bir platformada təşkil olunan tədbirin mühəndislik sahəsində əməkdaşlığın, elmi mübadilənin artmasına böyük təkan verdiyini bildirib. Eyni zamanda dünya miqyasında mühəndislik sahəsində alimlərin müxtəlif problemlərə yanaşma tərzi, araşdırma metodları və yenilikçi ideyalarını bir araya gətirdiyini qeyd edib.    

Daha sonra çıxış edən Şırnak Universitetinin professoru, konfransın təşkilat komitəsinin rəhbəri Mahmut Dirik də geniş akademik heyəti bir araya gətirən tədbirin gənc tədqiqatçılar üçün yeni texnoloji biliklərlə tanışlıq, faydalı təcrübə mübadiləsi, bütövlükdə səmərəli elmi dialoq olacağına inandığını söyləyib.   

Açılış nitqlərindən sonra konfrans bölmələr üzrə iclaslarla davam edib.

Konfrans öz işini sabah başa çatdıracaq.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox