Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyət göstərmiş dahi şəxsiyyətlərdən biri olub. Onun həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də gənclərin inkişafı və onların ictimai-siyasi həyata inteqrasiyası idi.
AzEdu.az xəbər verir ki, o, gəncləri cəmiyyətin aparıcı qüvvəsi kimi görür və onların dövlət quruculuğundakı iştirakını hər zaman önəmli hesab edirdi,Heydər Əliyev uzaqgörən siyasətçi kimi bilirdi ki,gəncliyin sağlam ruhlu,savadlı,yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün həyati əhəmiyyət daşıyır.Deməli inkişaf və inteqrasiya məhz onlarla birlikdə addımlayır.Gələcəyini düşünən cəmiyyət gənclərə qayğı göstərməli,gəncliyi yetişdirmək,formalaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirməlidir.Buna görə də o,gənclərin təhsil alması,onların intellektual səviyyələrinin yüksəldilməsi və dövlət idarəçiliyinə cəlb edilməsi istiqamətində ardıcıl və sistemli siyasət yürütdü.
Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclərlə bağlı siyasəti hələ sovet dövründən başlamışdır.Belə ki,keçən əsrin 70-80-ci illərində onun göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi.Təkcə bir faktı xatırlatmaq kifayətdir ki,1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olunmuşdu.1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırılmış,məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkədə müxtəlif sahələrdə bacarıqlı kadr kimi fəaliyyətə başlamışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə gənclər siyasəti ilə bağlı vəziyyət qeyri stabil idi.Bu qeyri-stabillik 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə daha sistemli şəkil aldı,bu sahədə ciddi dəyişikliklər başladı.1994-cü ildə gənclərin təşkilatlandırılması və onların vahid dövlət siyasəti çərçivəsində idarə olunması məqsədilə Gənclər və İdman Nazirliyi yaradıldı.”Hər bir Azərbaycan gənci hər şeydən çox,hər şeydən artıq müstəqil Azərbaycanın bu günü,gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər sözü gedən nazirliyin əsasını qoydu.1995-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası yaradıldı,1996-cı il 2 fevral tarixində isə Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq,ölkənin gələcəyinin inkişafında iştirakını və məsuliyyətini yüksəltmək,gənclərin ictimai-siyasi həyata inteqrasiyasını təmin etmək üçün Azərbaycan Gənclərinin Formunun keçirilməsi təşəbbüsü irəli sürüldü.Bu Formda gənclərin problemləri müzakirə olundu,onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin edəcək qərarlar qəbul edildi.
2 fevral 1997-ci ildə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev Azərbaycan Gənclər Gününün keçirilməsi haqqında Fərman imzaladı.O,2 mart 1999-cu ildə Azərbaycan Gənclərinin II Formundakı çıxışında respublikanın ictimai-siyasi həyatında gənclərin fəal iştirakı üçün şəraitin yaradılması ilə bağlı tövsiyyələrini verərkən “XXI əsr gənclərin əsridir”deyərək dövlət orqanlarının diqqətini gənclərə yönəltdi və onlara dəyər verməklə ölkənin inkişafı üçün üzərinə götürdükləri məsuliyyəti göstərdi.Məhz həmin il imzalanan Dövlət Gənclər Siyasəti Haqqında Fərmanda gənclərin təhsili,tərbiyəsi,sağlamlığı,intellektual və mənəvi inkişafı, hüquqlarının müdafiəsi,respublikanın ictimai-siyasi və mədəni həyatındakı iştirakı ilə bağlı məsələlər əhatə olunmuşdu.Fərmana müvafiq olaraq 2002-ci il 9 aprel tarixində Dövlət Gənclər Siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olundu və bu qanun Dövlət Gənclər Siyasəti haqqında gənclərin inkişafı üçün hüquqi çərçivə yaratdı.Qanunda gənclərin siyasətinin məqsəd və prinsipləri,gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri, gənclərin mənəvi-əxlaqi və tərbiyəsi,mədəni həyatda iştirakı,istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı,gənclərin məşğulluğunun təmin edilməsi və s.kimi maddələr öz əksini tapdı.
Bundan başqa 22 fevral 1996-cı ildə imzalanmış “Azərbaycan Gənc İstedadlarına dövlət qayğısı” adlı Qərar, 17 fevral 1997-ci ildə təsdiq edilmiş “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi” haqqında Dövlət Sənədi, 13 sentyabr 1997-ci ildə imzalanmış “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi” haqqında Fərman, 23 avqust 2000-ci ildə təsdiqlənmiş “Ordudan təxris olunmuş gənclərin məşğulluğu” haqqında Dövlət Proqramı bu sahənin zəruri qanunverici bazasının formalaşdırılmasını təmin etdi.Qanunlar,fərmanlar,sərəncamlar və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına,onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə,sosial problemlərin həllinə,faydalı məşğulluğun həyata keçirilməsinə öz müsbət təsirini göstərdi,gənclərin cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin edərək onların dövlət idarəçiliyinə inteqrasiyasına dəstək verdi.
Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biri də gənclərin dünya təcrübəsinə yiyələnməsi,onların beynəlxalq arenaya çıxışını təmin etmək idi. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq imkanı qazandı.Heydər Əliyev Azərbaycandan kənarda təhsil alan gəncləri diqqət mərkəzində saxlayır,hər cür qayğı göstərir,onları”Azərbaycanın milli sərvəti”adlandırırdı.Beləliklə onun uzaqgörən siyasəti sayəsində respublikada kadr potensialı yarandı,iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etmək üçün yüksək ixtisaslı mütəxəssislər yetişdi.Məhz bu kadr ehtiyatına daxil olan hər bir mütəxəssis ölkədə müxtəlif iş sahələrində çalışır,Azərbaycanın inkişafına töhvə verirlər.
Heydər Əliyevin gənclərə göstərdiyi qayğı təkcə təhsil və dövlət quruculuğu ilə məhdudlaşmırdı.O,qaçqın və məcburi köçkün olan gənclərin problemlərinin həllinə də xüsusi diqqət yetirirdi.Onlar üçün təhsil imkanlarının genişləndirilməsi,sosial rifahlarının yaxşılaşdırılması və dövlət tərəfindən dəstəyin artırılması istiqamətində mühüm addımlar atırdı.Araşdırmalar onu göstərir ki,Heydər Əliyevin gənclər siyasətinin əsas məqsədi Azərbaycan gənclərinin ictimai-siyasi həyata fəal inteqrasiyasını təmin etmək və onların ölkənin gələcəyində mühüm rol oynamasına şərait yaratmaq idi.O ,Gənclərin təhsil alması,intellektual inkişafı və dövlət idarəçiliyinə cəlb olunması üçün ardıcıl və sistemli siyasət yürüdüb və bu siyasətin real təsirini qiymətləndirərkən aşağıdakı müsbət məqamları vurğulamaq olar:
-İnstitusional baza yaradıldı- gənclərin dövlət idarəçiliyindəki iştirakı üçün hüquqi mexanizmlər formalaşdırıldı.
-Təhsil imkanları genişləndirildi-xaricdə təhsil proqramı çərçivəsində minlərlə gəncə yeni bilik və bacarıqlar əldə etmək imkanı verildi
-Gənclər təşkilatları inkişaf etdi-gənclərin sosial və ictimai həyati üçün sistemli strukturlar yaradıldı
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək,gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək,aparıcı qüvvəyə çevirmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir,önəmli dövlət proqramları qəbul olunur,Azərbaycan gəncləri üçün yeni imkanlar yaradılır,onların təhsil,innovasiya,elm və biznes sahələrində inkişafı üçün geniş layihələr həyata keçirilir.”Azərbaycan Gənclər Fondu”,”Asan Xidmət”,”Prezident Yanında Gənclər Fondu” və digər qurumlar gənclərin inkişafına mühüm töhvələr verir.
Aparıcı siyasətin,görülmüş işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki,bu gün Azərbaycan Gəncliyi öz intellektual,kreativ və mədəni-ideoloji yetkinliyi ilə ictimai-siyasi həyata uğurla inteqrasiya edərək dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb.Beləliklə dövlətin gənclər üçün yaratdığı imkanlar müstəqil təşəbbüslərin gücləndirilməsi ilə tamamlanır,rəqəmsal texnologiyalar və innovasiyalar gənclərin inkişafı üçün strateji istiqamətə çevrilir,gənclərin qlobal əmək bazarına inteqrasiyası gücləndirilir,onların beynəlxalq təcrübə qazanması stimullaşdırılır.
Nəsibzadə Aysun Anar qızı