Azedu.az

Uşaqlarda piylənmənin gözlənilməz səbəbi açıqlandı

Xəbərlər

26 Aprel 2025, 09:15
Uşaqlarda piylənmənin gözlənilməz səbəbi açıqlandı

Həyatın ilk iki ilində antibiotik qəbulu uşaqlarda artıq çəkiyə səbəb ola bilər.

 

AzEdu.az xəbər verir ki, bu barədə Finlandiyanın Pediatrik Akademik Cəmiyyətləri məlumat yayıb.

 

Məlumata görə, uşaqlıq dövründə piylənmə getdikcə daha geniş yayılmış qlobal problemə çevrilir. 2022-ci il statistikasına əsasən, dünyada 159 milyondan çox məktəbli piylənmədən əziyyət çəkir.

 

Antibiotiklər erkən uşaqlıq dövründə geniş istifadə olunur. Əksər körpələr həyatlarının ilk iki ilində bu preparatları qəbul edirlər. Eyni zamanda, uşaqların təxminən dörddə biri hələ ana bətnində olarkən, üçdə biri isə doğuş zamanı antibiotik təsirinə məruz qalır.

 

Finlandiyada aparılan genişmiqyaslı tədqiqatda təbii doğumla dünyaya gəlmiş 33 mindən çox uşaq iştirak edib. Nəticələr göstərib ki, həyatlarının ilk iki ilində antibiotik qəbul edən körpələrin bədən kütlə indeksi (BKİ), yəni yaş və cinsə uyğunlaşdırılmış çəki-boy nisbəti antibiotik almayan uşaqlara nisbətən 0.067 vahid yüksək olub. Bundan əlavə, bu uşaqlarda 12 yaşına qədər artıq çəki riski 9%, piylənmə riski isə 20% daha yüksək qeydə alınıb.

 

Bununla belə, alimlər bildiriblər ki, hamiləlikdən əvvəl, hamiləlik zamanı və ya doğuş prosesində qəbul edilən antibiotiklərlə uşaqlarda BKİ artımı arasında birbaşa əlaqə müşahidə olunmayıb.

 

"Biz müəyyən etdik ki, məhz həyatın ilk iki ilində təyin edilən antibiotiklər sonrakı çəki artımına digər dövrlərlə müqayisədə daha çox təsir göstərir. Bu, xüsusilə öz-özünə sağalan yuxarı tənəffüs yolları infeksiyalarında körpələrə antibiotik təyin edilməsinə daha ehtiyatlı yanaşmanın vacibliyini vurğulayır", - deyə ekspertlər qeyd ediblər.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox