Son illər uşaqlara verilən adlar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, bəzi valideynlər uşaqlarına xarici ad qoymağa meyillidirlər. Bu hal isə yaşlı nəsil tərəfindən heç də birmənalı qarşılanmır.
Maraqlıdır, xarici adların qoyulmasına səbəb nədir?
Mövzu ilə bağlı AzEdu.az-a danışan sosioloq Mail Yaqub qeyd edib ki, ad qoymaq hər bir insanın, valideynin haqqıdır:
“Təbii ki, elə adlar qoyulmalıdır ki, uşaq boya-başa çatdıqdan sonra adından utanmasın. Əsas meyar budur. Lakin bundan başqa, etik və hüquqi baxımdan ad qoyulması ilə bağlı heç bir maneə yoxdur.
Hər kəs adların seçilib qoyulmasında sərbəstdir. Təbii ki, biz istərdik ki, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə uyğun olan adlar qoyulsun.
Amma hər bir halda insanların şəxsi seçiminə müdaxilə etmək çətin məsələdir. Həmçinin bu, ailədaxili məsələdir və bu məqamda hər kəs öz aralarında razılığa gəlib seçim edir".