Statistik məlumatlara əsasən, ölkəmizdə 10-12 il əvvəl hər il 150-160 min uşaq dünyaya gəlirdisə, hazırda bu göstərici 100-110 minə enib.
Bəs, nə üçün artıq 7-8 uşaqlı ailələr demək olar ki, görünmür? Bunun səbəbləri nələrdir?
Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub AzEdu.az-a açıqlamasında bildirib ki, əvvəlki dövrlərlə müqayisədə bu gün valideynlər uşaqlarının rifahını əsas meyar kimi götürürlər.
“Çoxuşaqlı ailələrin azalmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Sosial problemlər bu məsələdə mühüm rol oynayır. Ötən əsrin 60-70-ci illərində demək olar ki, hər bir ailədə 6-7-8 uşaq olurdu. O dövrün valideynlərinin uşağın rifahına münasibəti indiki kimi deyildi. Onlar düşünmürdülər ki, uşağa mütləq yüksək təhsil vermək, keyfiyyətli qidalandırmaq və ya yaxşı geyindirmək lazımdır. Sadə bir həyatla kifayətlənib, mövcud imkanlarla qane olurdular.
Amma bu gün vəziyyət tam fərqlidir. Müasir valideynlər istəyir ki, övladları yaxşı təhsil alsın, sağlam şəkildə böyüsün, yaxşı geyinsin və keyfiyyətli həyat yaşasın. Bütün bunlar isə ciddi maddi imkanlar tələb edir. Hazırda isə əksər ailələrin bu imkanları geniş deyil. Ona görə də valideynlər daha az – 1 və ya 2 uşaqla kifayətlənməyə üstünlük verirlər. Bu gün çoxuşaqlı ailələrin azalmasının əsas səbəbi də budur".
Mail Yaqubun fikrincə, çoxuşaqlılığın olmaması təkcə ailələri deyil, dövlətin özünü də ziyana salır:
“Çünki əhali artımı dayanır və zamanla azalma tendensiyası müşahidə olunur. Bu isə ölkə üçün strateji baxımdan ciddi problemdir və dövlət bu məsələni düşünməlidir. Çıxış yolu kimi, bu istiqamətdə təşviqedici proqramların hazırlanması vacibdir. Mən hesab edirəm ki, çoxuşaqlı ailə anlayışının meyarı da dəyişdirilməlidir. Məsələn, hazırda çoxuşaqlı ailə dedikdə 5 və daha artıq uşağı olan ailələr nəzərdə tutulur. Bu meyar 3 uşağa endirilməlidir. Bu, həm ailələrə psixoloji dəstək olar, həm də dövlətin əhali artımı ilə bağlı strategiyasına töhfə verər".
Sosioloq hesab edir ki, bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir, lakin daha sistemli yanaşmalar olarsa, çoxuşaqlı ailələrin sayı da artacaq, əhali dinamikasında müsbət dəyişikliklər müşahidə olunacaq.