“İmtahanda az bal toplayan məktəbli intihar etdi”, “imtahanda aşağı nəticə göstərən qız özünü binadan atdı”, “imtahanda bal toplaya bilməyən yeniyetmə intihara cəhd etdi” kimi xəbərləri hər il buraxılış və qəbul imtahanlarının keçirildiyi dövrdə tez-tez eşidirik. Bu ərəfədə yeniyetmələr arasında intihar və intihara cəhd halları daha çox müşahidə edilir. Gecəsini gündüzünə qatıb, gərgin, uzunmüddətli hazırlıq keçməsinə, əziyyət, zəhmət çəkməsinə baxmayaraq imtahanlarda istədiyi nəticəni göstərə bilməyən, tələbə olmaq arzusu gözündə qalan gənc, bununla barışmayıb canına qıyır.
Ali məktəbə qəbul olmadığı üçün sarsıntı keçirən, depressiyada düşən gənclərə ətrafda olan insanların, valideynlərin basqısı - “Əziyyət çəkdim, bu qədər pul tökdüm sən isə nəticə göstərə bilmədin”, “Hamının uşağı ali məktəbə qəbul oldu, sən isə imtahandan kəsildin” kimi sözlər deməsi isə oları daha da çıxılmaz vəziyyətə salır. Bu zaman gənclər düşdükləri vəziyyətdən yeganə çıxış yolu kimi intiharı seçirlər.
Psixoloq Vəfa Əkbərin sözlərinə görə, gəncləri intihara sövq edən amillərdən biri cəmiyyətin və ailənin təzyiqidir. İmtahana hazırlıq ərəfəsi uşağın ən çətin dövrü hesab olunur. Bu dövr çox həssas bir dönəm olduğu üçün valideyn tərəfindən yol verilən hər hansı bir yanlışlıq gələcəkdə çox böyük fəsadlarla nəticələnə bilər: “Hazırlıq dövründə uşaqlar çox gərgin, həyəcanlı olurlar. İmtahanlarda yetəri qədər bal toplaya bilməyəndə və ya istədiyi nəticəni göstərməyəndə, bu kimi hallar onların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Bu zaman önlarda özünə qapanma, depressiya halları müşahidə olunmağa başlayır:
“Hər zaman qeyd edirik ki, valideynlər buraxılış və qəbul imtahanlarında uğursuz nəticə göstərən övladlarına qarşı çox həssas davranmalıdır. Çalışmaq lazımdır ki, bu çətin dönəmdə onlara dəstək olsunlar. “Bu il qəbul olmadısa gələn il qəbul olmaq şansı var”, “Bu il alınmadı gələn il mütləq alınacaq” desinlər. Təəssüf ki, bəzi valideynlər övladlarına dəstək olmaq əvəzinə onları sıxır, imtahanda uğur qazanmadıqları üçün qınayır, danlayır, basqı göstərirlər. Nəticədə isə gənclərdə dərin depressiya halları baş verir. Depressiya müxtəlif vəziyyətlərə və stres yaradan amillərə qarşı verilən reaksiyadır. Özünə inamı aşağı olan, çətin vəziyyətlərdə özünü idarəetmə gücünün olmadığını fikirləşən yeniyetmələrin stress yaradan hadisə və vəziyyətlərlə qarşı-qarşıya qaldıqda depressiyaya düşmək riski yüksəkdir. Depressiyada olan gənclərdə əsasən, təkliyə qapanma, arzularına çata bilməyəcəyini düşünmə, özünəinamın aşağı olması, günahkarlıq hissi, intihar fikirləri, buna meyillilik kimi əlamətlər müşahidə olunur. Uğursuzluq və ailədaxili təzyiq onların intiharına təkan verir. Bu səbəbdən də valideynlər övladları ilə son dərəcə ehtiyatlı davranmalıdırlar. Əks təqdirdə övladlarını itirə bilərlər”.
Psixoloq bildirib ki, valideynlər universitetə qəbul ola bilməyən övladları ilə normal şəkildə doğru istiqamətdə söhbət aparmalıdırlar. Əgər valideynin övladı ilə apardığı söhbətlər bir nəticə vermirsə, mütləq şəkildə mütəxəssisə müraciət etməlidir. Bu məqamda psixoloqdan dəstək almaq lazımdır. Özgüvən hissini qaytarmaq, güc toplayaraq ali məktəbə yenidən hazırlaşmaq üçün gənclərə mütləq şəkildə psixoloji dəstək verilməlidir. Yalnız bu dəstəkdən sonra onlar növbəti il üçün qəbul imtahanlarına rahat şəkildə hazırlaşa bilərlər:
“İmtahanlar zamanı aşağı nəticə göstərin ali məktəbə qəbul olmayan gənclərə ciddi yanaşmaq lazımdır. “Əgər bu il universitetə qəbul ola bilməmisənsə”, “Bəlkə də belə məsləhətidir, qəbul imtahanlarını keçməmək dünyanın sonu deyil”, “Növbəti il üçün daha yaxşı hazırlaşıb yüksək nəticə toplamaq mümkündür” səpkili söhbətlər aparılmalıdır. Təbii ki, valideynlərin də bu məqamda övladlarına dəstək göstərməsi və kömək etməsi çox vacibdir. Psixoloqla söhbət və valideynlərin dəstəyi sayəsində özünə inamı itirib depressiyaya düşən və intihar haqda düşünən gənci yenidən əvvəlki vəziyyətinə qaytarmaq olar. Valideynlər bilməlidirlər ki, bu məqamda övladları onlara daha çox ehtiyac duyur. Uğursuzluqla qarşılaşdığı üçün özünü sanki quyunun dibində hiss edən, günahkar sayan, çarəsiz gənclərə valideynlər dəstək olmalı, diqqət və qayğı göstərməli və onlara növbəti imtahanlara hazırlaşmağa özlərində mənəvi güc tapmaları üçün əllərindən gələni əsirgəməməlidirlər. Valideynlər unutmamalıdırlar ki, onların bir sözü övladlarını həm ayağa qaldıra, həm də uçuruma yuvarlaya bilər”.
Valideyn anlamalıdır ki, heç nə onun övladının canından əziz deyil. İmtahanın nəticəsi necə olursa olsun, heç bir halda faciə deyil. Valideynlər çalışmalıdırlar ki, övladları məyus olmasın, ruhdan düşməsin. Onlara ürək-dirək verməli, ali məktəbə qəbul olmasa belə, qorxulu heç nə baş verməyəcəyi, növbəti ildə özünü təkrar sınamaq şansının olduğu deyilməlidir.
Valideynlər övladlarını ali məktəbə qəbul olsun, tələbə adı qazansın arzusu, ümidi ilə hazırlıqlara, repetitor yanına aparır, xeyli xərc çəkir, vaxt itirirlər. Uşaq isə qəbul imtahanında gözlənilən nəticəni göstərə bilməyəndə, bal toplamayanda valideyn istər-istəməz məyus olur. İctimai qınaq isə bir tərəfdən. Ancaq bütün bunlara rəğmən valideynlər anlamalıdırlar ki, heç nə onların övladının canından artıq deyil.
İmtahan nəticəsi nə olursa olsun, abituriyent imtahandan ən aşağı bal belə toplasa da, valideyn təmkinini qorumalı, heç nə övladın sağlığından, canından üstün deyil deməlidir. Valideyn övladına dəstək, dayaq olmalıdır ki, o da özünü toplayıb növbəti il üçün imtahanlara hazırlaşa bilsin. Çünki, valideynindən dəstək yox, basqı görən uşaq özünü lazımsız, ata-anasını məyus edən, üzünü güldürməyi bacarmayan, bacarıqsız insan hesab edib canına qıyır.
Psixoloq Elnur Rüstəmov deyir ki, gəncləri intihara sövq edən amillərdən biri cəmiyyətin müəyyən basqılarıdır. Bu da özünü gözləntilər formasında büruzə verir: “Valideynlərin xofu imtahanlarda aşağı nəticə göstərən emosional abituryentləri intihara sövq edir. Unutmayaq ki, yeniyetmə ona edilən hər bir psixoloji təsirdən sarsıntı keçirə bilər. Bundan başqa, problemli valideynlərimiz də kifayət qədərdir. Buraya ailədaxili konfiliktlər misal ola bilər. Abituriyent intihar edəcəyi günə qədər zaman-zaman bir çox neqativ hadisələr yaşayır və bu neqativ hadisələr yığılıb onun psixologiyasına mənfi stimullar ötürür. Hansısa gərgin situasiya yarananda, deyək ki, imtahanda istədiyi nəticəni əldə edə bilməyəndə anidən o neqativlər özünü biruzə verir. Hər zaman qeyd edirik ki, qəbul imtahanlarında valideynlər övladlarına qarşı çox diqqətli olmalıdırlar. Çalışmaq lazımdır ki, övladlarına bir insan kimi yanaşsınlar. Bu il qəbul olmadısa gələn il qəbul olmaq şansı var. Valideynlər universitetə qəbul ola bilməyən övladları ilə normal şəkildə doğru istiqamətdə söhbət etməli, lazım olduqda mütəxəssisə müraciət etməlidirlər ki, abituriyentlər gələn il üçün də qəbul imtahanlarında rahat şəkildə iştirak edə bilsinlər. Əgər abituriyent bu il universitetə qəbul ola bilməyibsə, bəlkə də belə məsləhətidir.
Məsələyə bir də bu tərəfdən baxmaq lazımdır. Qəbul imtahanlarını keçməmək dünyanın sonu deyil. Növbəti il üçün daha yaxşı hazırlaşıb yüksək nəticə toplamaq mümkündür. Sadəcə, valideynlər bu istiqamətdə övladlarına kömək etməlidirlər”. Elnur Rüstəmov hesab edir ki, belə intiharların gerçəkləşməsinə həm ali məktəblərə hazırlıq prosesinin ağır olması, həm də hazırlıq müddətində valideynlərin övladlarına təzyiq göstərmələri kimi amillər xüsusi rol oynayır: "Valideynlərin xofu imtahanlarda aşağı nəticə göstərən emosional abituryentləri intihara sövq edir. Unutmayaq ki, yeniyetmə ona edilən hər bir psixoloji təsirdən sarsıntı keçirə bilər. Bundan başqa, problemli valideynlərimiz də kifayət qədərdir. Buraya ailədaxili konfiliktlər misal ola bilər. Belə deyək, abituriyent intihar edəcəyi günə qədər zaman-zaman bir çox neqativ hadisələr yaşayır və bu neqativ hadisələr yığılıb onun psixologiyasına mənfi stimullar ötürür. Hansısa gərgin situasiya yarananda, deyək ki, imtahanda istədiyi nəticəni əldə edə bilməyəndə anidən o neqativlər özünü biruzə verir. Buna görə də mən hər zaman deyirəm ki, orta məktəblərdə fənn hazırlığı ilə paralel psixoloji hazırlıqlar da aparılmalıdır. Belə neqativ halların qarşısının alınması məqsədi ilə orta məktəblərdə psixoloji iş qurulmalıdır. Bizdə yalnız hadisə baş verdikdən sonra onu əldə bayraq edirlər. Ali məktəbə qəbul olunmaq arzusunda olanların bir qismi hazırlıq üçün tədris mərkəzlərinə, bir qismi də repetitor yanına gedirlər. Bu uşaqların əksəriyyəti orta məktəbə heç düz-əməlli də getmirlər. Orta məktəbdə psixoloji hazırlıq demək olar ki, yoxdur, şagirdlərlə psixoloji iş arzuolunan şəkildə aparılmır. Son zamanlar Təhsil Nazirliyi bu kimi problemləri həll etmək üçün yeni proqramların tərtib olunması haqqında çıxış elədi. Gözlənilir ki, gələcəkdə o, həyata keçirilsin. Digər bir təəssüfedici məqam da budur ki, bu gün valideynlər uşaqlarının psixoloji hazırlıq keçmələrini də istəmirlər. Əgər orta məktəbdə psixoloqa müntəzəm şəkildə müraciət edilsə, psixoloq məcbur olub öz üzərində işləyəcək, müasir metodları mənimsəyəcək və bu metodları uşaqlara aşılayacaq. Bizdə orta məktəbdə psixoloqa müraciət, demək olar, yox səviyyəsindədir".
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemlər həllini tapmadığından intihar halları artır: “Psixoloqlar şagirdlərlə iş apararsa, onların psixoloji durumu ilə bağlı müxtəlif layihələr üzərində işləsələr, şagirdlər intihar həddinə gəlib çatmazlar. Yaxud da bu halların qarşısı alınar. Məktəblərdə psixoloqların sayı artırılmalıdır və onlar mütəmadi olaraq, əsasən də yuxarı sinif şagirdləri ilə söhbətlər aparmalıdırlar. 11-cilərlə daha güclü psixoloqlar işləməlidir. Həm yetkinlik dövrünün müəyyən mərhələsi olduğu üçün, həm də qəbul imtahanları onlarda gərginlik yaradır deyə, bu uşaqlarla ünsiyyət çox önəmlidir. Məktəblərdə ağır dərs rejimi, imtahan stressi, dərsdən kənar müxtəlif ailə problemləri uşaqların psixologiyasına ciddi təsir edir. Peşəkar mütəxəssislər onlara bu problemlərin həllində düzgün istiqamət verə bilərlər”.
Həmçinin valideynlər də övladları ilə münasibət və rəftarda çox diqqətli olmalıdırlar. Onlarla daha çox vaxt keçirməli, problemlərinə həssas yanaşmalı, təzyiqdən uzaq olmalıdırlar. Əks halda bu hadisələrin davamlı baş verməsinin şahidi olacağıq.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, valideynlər və uşaqlar il boyu stress içində olur. Uşaq il boyu “görəsən imtahandan yaxşı bal toplaya biləcəm” qorxusu ilə yaşayır. Bal toplaya bilməyəndə isə intihar edir: “Mən həmişə demişəm, yenə də deyirəm, ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır. Abituriyentlərin həyatını məhv etmək olmaz. Qoy onlar sərbəst şəkildə universitetə qəbul olunsunlar. Əsas məsələ onların peşəkar mütəxəssis kimi yetişməsidir. Bu səbəbdən diqqəti universitet təhsilinə yönəltmək lazımdır. Belə olarsa, ölkədə peşəkar və bacarıqlı kadrlar yetişəcək və təhsil inkişaf edəcək. Əks təqdirə uçuruma doğru yuvarlanacağıq”.
Professor qeyd edib ki, əgər dövlətin təəssübünü çəkirlərsə, qəbul imtahanı yığışdırılmalıdır. Ali məktəbi bitirərkən xüsusi dövlət imtahanı keçirib saxta diplom verilməməlidir: “Bu gün universitetlər öz aktuallığını itirib. Gənclər artıq ali təhsil almaq istəmirlər. Nisbətən istedadlı, bacarıqlı, imkanı olan uşaqlar xaricdə təhsilə üz tuturlar. Yerdə qalanlar ölkədə təhsil alır, məzun olduqdan sonra ya marketdə kassir, ya da ofsiant işləyirlər. Belə halda diplom onların nəyinə lazımdır?”.
Nərmin Qarazadə