Azedu.az

Həftəsonu 51 mindən yuxarı şagird imtahan verəcək

Xəbərlər

Dövlət İmtahan Mərkəzi (DİM)

23 Aprel 2025, 15:02
Həftəsonu 51 mindən yuxarı şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi 27 aprel 2025-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, imtahan saat 11:00-da başlanır. 

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 18-dən etibarən çap edib götürə bilirlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 225 imtahan binası, 3931 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4890 nəzarətçi, 692 buraxılış rejimi əməkdaşı (mühafizə) və 225 bina nümayəndəsi ayrılıb.

İmtahanda 51908 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 74  nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Qeyd edək ki, aprelin 27-də Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə və Laçında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Aprelin 27-də Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox