Aprelin 20-də beşinci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi çərçivəsində Ümumi biliklər üzrə ilk sınaq imtahanı təşkil olunub.
AzEdu.az xəbər verir ki, ümumilikdə 8862 iştirakçı imtahanda iştirak edib. İmtahan saat 11:00-da başlanaraq bir növbə üzrə həyata keçirilib və 90 dəqiqə davam edib. Onlayn şəkildə keçirilən imtahanın məqsədi iştirakçıların sistemə uyğunlaşması və texniki baxımdan hazırlıqlı olmalarının təmin edilməsidir. İştirakçılar üçün yaradılmış bu imkan onlara real imtahan öncəsi öz biliklərini yoxlamağa və onlayn platforma ilə tanış olmağa şərait yaradıb. Sınaq mərhələsi zamanı texniki dəstək komandası da aktiv şəkildə fəaliyyət göstərib və yarana biləcək sualların operativ cavablandırılmasını təmin edib.
Qeyd edək ki, bu mərhələdə keçid balı 60-dır. Bununla belə, Ümumi biliklər üzrə sınaq imtahanının nəticələri əsas imtahanın nəticələrinə təsir etmir. Ümumi biliklər üzrə əsas imtahan 27 aprel 2025-ci il tarixində baş tutacaq.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.