Azedu.az

Uşağın gözündə valideyn: Maddi təminat, yoxsa emosional dayaq?

Məktəblər

21 Aprel 2025, 13:32
Uşağın gözündə valideyn: Maddi təminat, yoxsa emosional dayaq?

“Son günlər azyaşlı qızların evdən qaçması ilə bağlı xəbərlərin artması cəmiyyət üçün ciddi siqnaldır".

 

Bu fikirləri psixoloq Aydan Məmmədova AzEdu.az-a açıqlamasında səsləndirib.

 

Onun sözlərinə görə, bu hadisələr təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin hər bir üzvünü narahat etməlidir. Bu cür halların qarşısını almaq üçün məktəblərdə psixoloji dəstək proqramları həyata keçirilməli, gənclərin özünüifadə və emosional inkişafına yönəlmiş fəaliyyətlər təşviq olunmalıdır.

 

“Bəzən sosial şəbəkələr və televiziya verilişləri, xüsusilə də türk seriallarında ötürülən yanlış mesajlar gənclərin reallıqla əlaqəsini itirməsinə səbəb olur. Uşaqlar virtual dünyadakı sərbəstliyi və ‘ideal’ həyatı əks etdirən obrazları öz həyatlarında tətbiq etməyə çalışırlar. Lakin bu yanaşma çox zaman təhlükəli nəticələrə yol açır”, – deyə psixoloq bildirib.

 

O əlavə edib ki, bir çox valideyn övladlarının yalnız maddi ehtiyaclarını qarşılamağa çalışır, lakin onların emosional və mənəvi ehtiyaclarını diqqətdən kənarda qoyurlar:

“Uşaqlar yalnız təhsil, qida və evlə təmin olunmaqla deyil, eyni zamanda sevgi, diqqət və anlayışla böyüməlidir. Ailədaxili münaqişələr, boşanmış valideynlər və ya qarşılıqsız sevgi uşaqları başqa məkanlarda diqqət və dəstək axtarmağa vadar edir. Bu isə istənilməyən hallara gətirib çıxara bilər".

 

Aydan Məmmədova hesab edir ki, bu halların qarşısını almaq üçün valideynlər övladlarına daha çox vaxt ayırmalı, onları diqqətlə dinləməli və emosional dəstək göstərməlidirlər:

 

“Ən əsası, uşaqların psixoloji sağlamlığını qorumaq üçün onların emosional ehtiyaclarına diqqət yetirilməlidir. Uşaqlara sadəcə fiziki təminatlar yetərli deyil, sevgi və anlayışla yanaşmaq onların sağlam və balanslı inkişafı üçün vacibdir".

 

Psixoloq vurğulayıb ki, cəmiyyətin bütün üzvləri bu məsələ ilə bağlı maarifləndirici proqramlara, təlimlərə və seminarların təşkilinə töhfə verməlidir:

 

"Valideynlər və gənclər bu sahədə maarifləndirilməli, məktəblərdə psixoloji dəstək proqramları genişləndirilməli, gənclərin özünüifadəsinə və emosional inkişafına xidmət edən fəaliyyətlər təşviq olunmalıdır. Bundan əlavə, media və sosial şəbəkələrdə sağlam və real həyat modelləri, müsbət rol nümunələri göstərilməlidir. Cəmiyyət olaraq hər birimiz uşaqların düzgün inkişafı üçün məsuliyyət daşıyırıq. Onlara sevgi və diqqət göstərməklə sağlam və xoşbəxt böyümələrinə dəstək ola bilərik".

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox