Azedu.az

“Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi” laboratoriyası fəaliyyətə başladı

18 Aprel 2025, 08:51
“Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi” laboratoriyası fəaliyyətə başladı

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixi Ədalət və Qayıdış” mövzusunda elmi konfrans keçirilib keçirilib. 

AzEdu.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra universitetin Memarlıq fakültəsində yaradılan “Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi” laboratoriyasının açılış mərasimi baş tutub. Konfrans iştirakçılarına laboratoriyanın gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, laboratoriyanın əsas hədəfi Qərbi Azərbaycanın qədim memarlıq nümunələrinin sistemli şəkildə araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Qeyd olunub ki, ölkəmizin memarlıq üzrə 105 illik ali təhsil ənənəsini özündə əks etdirən AzMİU-nun elmi potensialı, xüsusilə universitetin Memarlıq-konstruksiyaları və abidələrin bərpası kafedrasında aparılan tədqiqatlar laboratoriyanın işinin yüksək şəkildə təşkil olunmasına şərait yaradacaq. 

Laboratoriyada Qərbi Azərbaycan bağlı aparılacaq elmi tədqiqatlar tarixi torpaqlarımızdakı memarlıq abidələrinin öyrənilməsi yanaşı, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında xalqımıza məxsus mədəni və memarlıq izlərini silmək məqsədilə həyata keçirdiyi siyasətin əsl mahiyyətini ortaya çıxarmağa imkan verəcək. Həyata keçirilən tədqiqatlar Qərbi Azərbaycanda yerləşən abidələrin tarixi, memarlıq və mədəni kontekstdə daşıdığı xüsusiyyətləri ortaya çıxararaq, ermənilərin bu sahədə formalaşdırdığı saxta konsepsiyanı elmi əsaslarla birdəfəlik təkzib edəcək. 

Millət vəkillərinin, ali təhsil müəssisələrinin rəhbərlərinin, ictimai-siyasi xadimlərin, ziyalıların iştirak etdiyi konfrans ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin  səsləndirilməsi ilə başlayıb.

Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev konfransı açıq elan edərək onun mövzusunu, qonaqları, panelin çıxışçılarını auditoriyaya təqdim edib. Sonra sözü AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovaya verib. 

AzMİU-nun rektoru, Əməkdar memar professor Gülçöhrə Məmmədova açılış mərasimində çıxış edərək  bildirib ki, Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil, bu torpaqlarda doğulmuş, yaşayıb-yaratmış minlərlə azərbaycanlının keçmişi, kimliyi və yaddaşıdır. Qərbi Azərbaycan xalqımızın mədəni irsinin mühüm dayaqlarından biridir. Bu torpaqlarda xalqımızın əsrlərlə formalaşdırdığı zəngin memarlıq nümunələri – məscidlər, türbələr, körpülər, karvansaralar, yaşayış evləri və digər monumental tikililər mövcud olmuşdur. Təəssüf ki, erməni təcavüzkarlarının məqsədyönlü fəaliyyəti nəticəsində bu abidələrin böyük əksəriyyəti ya dağıdılmış, ya da saxtalaşdırılmışdır.

Professor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU olaraq bizim borcumuz təkcə memarlıq irsimizi öyrənmək deyil, həm də onun gerçək tarixini gələcək nəsillərə çatdırmaq, dünya ictimaiyyətinə təqdim etməkdir. Bu gün burada açılışı baş tutan “Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi” laboratoriyası məhz bu istiqamətdə konkret elmi fəaliyyətlərin icrasına yönələcək. Bu laboratoriyada aparılacaq tədqiqatlar həm Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus memarlıq irsinin sənədləşdirilməsi, həm də bu sahədə aparılan saxtalaşdırma cəhdlərinin ifşası baxımından mühüm rol oynayacaq. AzMİU-nun memarlıq təhsili ənənəsi və universitetdə formalaşmış güclü elmi məktəb bu tədqiqatların yüksək elmi səviyyədə aparılmasına imkan verəcək. 

Konfransda Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili, dosent Əziz Ələkbərli, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, professor Hikmət Babaoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova plenar məruzələrlə çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan dövləti tərəfindən strateji addımlar atılır, beynəlxalq ictimaiyyət məlumatlandırılır və Ermənistanın etnik təmizləmə siyasəti ifşa olunur. 2022-ci ildə yaradılan Qərbi Azərbaycan İcması bu prosesin hüquqi və mədəni əsaslarının formalaşdırılmasında fəal iştirak edir. İcma deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi, tarixi və mədəni irsin qorunması, həmçinin bu irsin dünya miqyasında tanıdılması istiqamətində mühüm işlər görür. 

Qərbi Azərbaycana qayıdış təkcə tarixi ədalətin bərpası deyil, həm də milli kimliyin qorunması baxımından vacibdir. Bu məqsədə xalqın iradəsi və dövlətin siyasi qətiyyəti ilə nail olunacağına böyük inam var.

Sonda Qərbi Azərbaycan İcması tərəfindən İcmanın strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təblği istiqamətində xidmətlərinə görə Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədov Fəxri Fərmanla təltif olunub. AzMİU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi və Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə keçirilən “Qərbi Azərbaycan müzakirəsi: MUN  Simulyasiya Konfransı”nda fərqlənən tələbələrə isə sertifikatlar təqdim olunub. 

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox